Dekabrın 24-də Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, 3500-dən artıq müəllimin iştirak edəcəyi imtahanlar Gəncə şəhərindəki 12 nömrəli tam orta məktəbdə keçirilir.
Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab verən müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.
Gəncə şəhərində 24-26 dekabr tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.
Qeyd edək ki, diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir.
Vəfa MƏMMƏDLİ
çap et