525.Az

Əsgər qardaşıma məktub


 

Əsgər qardaşıma məktub<b style="color:red"></b>

Salam, mənim əsgər qardaşım. Sənə sms yazmadım. Bilirəm ki, orda, ön cəbhədə sizdə telefon olmur, daha doğrusu, təhlükəsizliyiniz üçün bu qadağandır. Çünki indi sən mövqe tutduğun səngərin o üzündə düşmən tək deyil.

Necəsən, xidmət necə gedir? Darıxmırsan ki? Səngərə alışa bildinmi?

Əynini qalın elə, o tərəflərin şaxtası adamı qılınc kimi kəsir. Bu aralar televizorda, internetdə düşmənin sərhəd bölgələrimizi mütəmadi atəşə tutması, hətta ağır silahlardan istifadə etməsi barədə yayılan xəbərlər bizi narahat etsə də, qorxutmadı. Bilirsən niyə? Ona görə ki, ön cəbhədə sənin kimi qorxmaz, cəsur igid əsgərlərimiz, mənim qardaşlarım var. Qardaşım, indi inandım ki, "Ordum varsa, yurdum var" deyimi həqiqət imiş.

"Yakkan" (yadındadı, mən balaca vaxtı sənə Ziyatxan əvəzinə "Yakkan" deyirdim. Neyləyim, dilim yatmırdı o boyda adı deməyə), keçən məktubunda yazmışdın ki, mənə bir cüt əlcək göndərin. Bax, onda anam ağlamışdı ki, uşağın əllərini don vuracaq. Mən də dedim ki, ay ana, "Yakkan" sənin toxuduğun əlcəyi soyuqdan donur deyə istəmir. Allaha şükürlər olsun, indi Azərbaycan əsgərinin hər cür təminatı var. O, əlcəkdən sənin ətrini almaq istəyir. Belə deyəndə yazıq arvad lap kövrəlmişdi.

Qardaş, sizin səngər yüksəklikdədi. De görüm, ordan baxanda bizim kəndimiz görünür? İndi orda yaşayış varmı? Elə darıxmışam kəndimizdən ötrü...

Bir şad xəbər verim. Dəniz BDU-nun Hüquq fakultəsinin birinci kursunu əla qiymətlərlə başa vurdu.  Bir-iki gün bundan öncə universitetə xaricilər gəlibmiş. İnsan hüquq və azadlıqları mövzusunda tədbir keçirilib. Dəniz də çıxış hazırlayıbmiş. Çıxışının sonunda üzünü qonaqlara tutaraq deyib ki, 1813-cü ildən bəri biz azərbaycanlıları haylar öz havadarlarının köməyi ilə yurd-yuvalarından qovub, başımıza olmazın facilər gətiriblər, bəs ədalət, beynəlxalq hüquq hardadır? Qarabağda tarixi abidələr məhv edilir, 1 milyondan çox insan vətən həsrəti ilə ağrılı günlər yaşamağa məcburdur. Onlar da gözlərini döyüb, həmişə olduğu kimi "Siz haqlısınız" deyiblər.

Qardaş, sənə bu məktubu yazanda bilirsən kimi düşündüm? Allah şahiddir ki, həm də çox kövrəldim. Mübariz İbrahimovu xatırladım. Azərbaycanın igid əsgəri, Milli Qəhrəmanımız Mübarizi. Bu gün onun məktubunu hər birimiz "Əsgər andı" kimi oxumalıyıq. O and, o məktub Vətənə sevginin əlifbasıdır.

Canım qaqaşım, səni çox yormayım. Yenə deyirəm, bizdən narahat olma, hamı və hər şey yaxşıdır. Hə, bir də bu məktubu döyüş növbəsində olarkən oxuma. Yoxsa fikrin yayınar. Əlini tətikdən, gözünü düşməndən çəkmə. Mən səni də, qoruduğun səngəri də, səngərin o üzündəki kəndimizi də çox sevirəm.

Sən sağ-salamat tərxis ol, gəl. Növbə mənə çatsın.

Qardaşım, Uca Allah sizi - Azərbaycan əsgərlərini düşmən gülləsindən qorusun.

Sənə və bütün əsgər qardaşlarıma sevgi və sayqılarla...

Hafiz TƏMİROV
Yazı Səfərbərvərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Əsgərə məktublar" adlı müsabiqəsinə təqdim olunur.

 





25.12.2015    çap et  çap et