525.Az

Həsən Merac anıldı


 

Həsən Merac anıldı<b style="color:red"></b>

Dünən "Paradise Baku" otelində gənc yazar Çinarə Ömrayın təşkilatçılığı ilə ictimai-siyasi xadim, şair Həsən Meracın anım tədbiri keçirilib.

Dünya Gənc Türk Yazarlar Birliyindən 525.az-a verilən məlumata görə, Dövlət Himni ilə açıq elan edilən tədbirdə elm xadimləri, şairin qələm yoldaşları ilə bərabər ailə üzvləri, dostları, tələbə yoldaşları, gənc yazarlar və oxucular iştirak edib.

Həsən Meracın həyat və yaradıcılığından söz açan tədbirin aparıcısı Emil Rasimoğlu çıxış üçün ilk sözü şairin oğlu Tuncay Hasanoğluna verib.

Tuncay Həsənoğlu qonaqları salamlayaraq, atasının yaradıcılığına göstərdikləri diqqətə görə hər kəsə təşəkkürünü bildirdikdən sonra, onun bir ata, ailə başçısı kimi yüksək keyfiyyətlərindən danışıb.

Söz alan "Qurtuluş" televiziyasının rəhbəri Rəşad Məmmədov şair haqqındakı fikirlərini bölüşdükdən sonra, qeyd edib ki, yaxın günlərdə Qurtuluş televiziyasında efirə çıxacaq Çinarə Ömray və Sərvər Kamranlının birgə layihəsi olan "Bitməyən ömür" verlişinin ilk bölümü məhz Həsən Meraca həsr olunub.

Tədbirin sonrakı gedişatında şairin dostları onun haqqındakı xatirələrini bölüşüb.
 
Sabir Rüstəmxanlı Həsən bəyin 1990-cı illərdə xalq hərəkatındakı şücaətindən söz açıb, onu xalq hərəkatının öncüllərindən biri kimi dəyərləndirərək Xəlil Rza Ulutürklə müqayisə edib.

Daha sonra Sabir Rüstəmxanlı diqqəti şairin vətənpərvər ruhlu şeirlərinə çəkərək onun bir neçə şeirini də səsləndirib.

Paşa Qəlbinur isə çıxışında Həsən Meracı şairlikdən əlavə bir insan kimi dəyərləndirdi və onunla dostluğu zamanlarındakı ortaq xatirələrini məclis iştirakçıları ilə bölüşb.

Sonra tədbir iştirakçılarından Akif Nağı, Adil Mikayıloğlu, Nəriman Zeynalzadə, Nəcibə İlkin, Anar Eyubov və bir çox dostları çıxış edib.

Bacısı Mehparə xanım çıxışında Həsən Meraca sağlığında layiq olduğu qiymətin verilməməsindən gileyləndi, bu günki gün bu tədbirin keçirilməsində əziyyəti olan və tədbirdə iştirak edən hər kəsə ailəsi adından minnətdarlığını bildirib.

Sonra Qurtuluş televiziyasının əməkdaşı Mədinə xanım, şairin yaxın dostlarından Rövşən bəy, Orxan bəy və bir çox qonaqların dilindən Həsən Merac xatirələri dinlənilib.

Tədbir boyunca şairin həyat və yaradıcılığı haqqında hazırlanmış video çarxlar qonaqlara nümayiş etdirildi, Çinarə Ömray şairin "Bir uşaq" şeirini səsləndirib.

Sonda bir dəqiqəlik sükutla Həsən Meracın ruhu yad edilib. 

 





26.12.2015    çap et  çap et