525.Az

Nardaranda Polis Bölməsinin açılışı olub


 

Nardaranda Polis Bölməsinin açılışı olub<b style="color:red"></b> Dekabrın 25-də Sabunçu rayonunun Nardaran qəsəbəsində yeni fəaliyyətə başlayan 42-ci Polis Bölməsinin inzibati binasının açılışı olub.

Binanın açılışında Sabunçu Rayon İcra Hakimyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatları Eldar Quliyev və Dilarə Cəbrayılova, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimyyəti başçısının müavinləri, idarə və müəssisə rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov açaraq bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən Sabunçu rayon Polis İdarəsinin tərkibində 42-ci Polis Bölməsinin yaradılmasında məqsəd ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaqdır.

Daha sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bölmə işçilərini bu münasibətlə təbrik etdi və bildirib ki, Azərbaycanda hüquq mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Tədbirdə öz çıxışında polis peşəsinin şərəfli bir peşə olduğunu deyən Milli Məclisin deputatı Eldar Quliyev yeni yaradılan bölmənin əməkdaşlarını təbrik edib və onlara öz işlərində uğurlar arzulayıb.

Daha sonra açılışı bildirən rəsmi qırmızı lent kəsilib. Açılışdan sonra mərasim iştirakçıları yeni polis bölməsinə baxış keçirib.

Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov Sabunçu Rayon İcra Hakimyyətinin başçısı Adil Vəliyevə burada yaradılan şərait və imkanlar barədə məlumat verib.
 





28.12.2015    çap et  çap et