525.Az

Əlabbas - ilmələr


 

Əlabbas - <b style="color:red">ilmələr</b>

Zoğ

-İşə gedirəm. Topuqdan yuxarı qar yağıb,-bunu mənə mətbuatla sıx əməkdaşlıq elədiyim 90-cı illərin əvvəlində o vaxtlar “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olan  Sabir Əhmədov yolboyu söhbət əsnasında danışıb,-nəşriyyata çatmağa az qalanda birdən  ayağım nəyəsə ilişdi, üzüqoyulu gəldim, nə gəldim. Dedim, nə olur-olsun,  gərək çıxaram bu zəhrimarı, sabah bir də yıxmasın məni. Ərinmədim, əlimdəkiləri qarın üstə qoyub, yapışdım bundan, dart ki, dartasan. Baxdım ki, qarış uzunluğunda, əyiş-üyüş, qalın məftil parçasıdı, dartdıqca yalan olmasın, üç-dörd metr o tərəfdə yer yırğalanır.  

Hiss elədiyim qədər o illər  Qarabağ hadisələri Sabir müəllimi hər bir vətən övladından daha çox dəli-divanə eləmişdi. Səbəblər çoxdan-çox idi...  Onda da:

-Sözümü ona gətirirəm ki,-deyib yola qoyduğu nərdivanı nəşriyyata  çataçatda yığışdırdı,-elə bilirsən,  Qarabağı erməni tutub? Yoox, o məftil kimi bunun  da bir zoğu gedib Rusiyaya, bir zoğu  Fransaya, İngiltərəyə, o biri də düz Amerikaya  çıxır.

Balalar necədi?

-Ədaləti tapınca mənimki mənə dəyirdi,-rəhmətlik Cabir müəllim (Novruz) “Ulduz”da işlədiyi illəri  xatırlayıb, gülə-gülə danışırdı,-özümə söz verirdim ki, bəsdi daha, onu tapan kimi işdən azad eləyəcəm.

Bütün ədəbiyyat adamlarının dostu rəssam Ədalət (Mehdiyev) səhv eləmirəmsə, 67-dən üzübəri adıçəkilən jurnalın dəyişməyən yeganə  bədii redaktorudu. Yaxşı, xeyirxah, gülərüz də kişidi. Cabir müəllimi də hər dəfə elə o gülər üzü çaşdırırmış:

-Zəif damarımı tapmışdı. Görüşən kimi ilk sözü o olurdu ki, balalar necədi, Müşfiq neyniyir, sən Allah, mənim ağzımca üzündən öp onun,-uğunub gedirdi Cabir müəllim,-Müşfiqin adını eşidən kimi hirsim  soyuyurdu. O vaxt balaca uşağıdı Müşfiq, özü də necə? İnsafın olsun, deyirdim, Ədalət, Allaha bax, Tanrıya bax, işə vaxtında gəl-get!

Şukşin kimdi, ə? 

Gündəlik mütaliəsi ilə öyünən və bunu ziyalılığın  birinci  əlaməti sayan bir tanışım  günün birində  qarşımı kəsdi:

-Adam deməyə də utanır,  bu gün bizdə qəzetçilik nol səviyyədədi. Denən, niyə? İş başında savadsızları oturdublar, Qlavlit yox, hərə birinin qohumu, kim nə istəyir, eləyir. Bilirsiniz də, mən bu sahədə bəlkə də, rekord qırmış adamam. Mütaliədə bir adam mənə çatammaz.

Bugünkü mətbuatın  bəzən  oxunmadan çapa getdiyindən gileylənən “mahir oxucu” konkret misala keçdi və dərdini danışmaqda məqsədinin  olduğunu da gizlətmədi:

-Az-çox onlara sən yaxınsan, barı sən başa sal bu bisavadları, ayıbdı. Belə redaktorun başına daş,-deyib, əlindəki qəzeti az qaldı gözümə dürtə,-Puşkinin yerinə Şukşin gedib. Şukşin kimdi, ə?... Hara baxır görən, bu? Dünyada Puşkini tanımayan var, bədbəxt, sənə nə olub? Bilmirsən, birindən soruş, nə vaxtdan ayıbdı bilməmək? Bayaq dediyim məsələdi, Qlavlit!... 

Xarici segah  

Xalq artisti Qəndab Quliyeva şirin avazla oxuyur:

Gər Nizamini xəta isə həlak etdirmək,
Aşiqəm, yar məni öldürsə, səvab etmədədir.

Heyran-heyran başımı bulayıb, Qəndabın  “Xaric segah”ın ən yaxşı ifaçılarından olduğunu  aşıq sənətinin vurğunu olan yazıçı dostuma pıçıldayıb, aydınlıq yaransın deyə, “O olmasın, bu olsun” filmindən qulluqçu Sənəmin pilləkəndə oturub bu muğam üstə zümzümə elədiyini də xatırladıram. O  bundan elə gözlədiyim nəticəni də çıxarır:

-Sənə bir şey deyim, sırğa elə as qulağına.  Mən deyiləm, sənsən, “Segah”ın da xaricisi, daxilisi olar? Demişəm də, evimizi ermənilər yox,  yıxsa-yıxsa bu xaricilər yıxacaqlar. Biz nə qanırdıq burun kəsdirmək nədi,  piy çıxarmaq nə cür olur, dodağı nə təhər irildillər? Tifağı dağılsın bunların... Öz gəlməkləri bəs deyil, adət-ənənə də gətiriblər düdəmələr.

Tarixdə qalmaq 

Cavanlığında şair olan, sonralar özünü nəsrdə və ədəbi tənqiddə də sınayan  dostum haqqın yolunu  axır ki, əlli yaşda tapdı: hazırda toylarda tamadalıq eləyir və deyir,  dünyada ondan mərifətli iş yoxdu. Hörməti hörmət, izzəti izzət, hamı yolunu saxlayır, dəvəti dəvət dalınca alırsan.  Amma nə qədər tərifləsə də,  yazı-pozu ilə məşğul olduğu illərin xiffətini çəkdiyi  də açıqca hiss olunur.  

-Bir bədii povest yazdım, ağzımda sənə povest deyirəm e,-o, respublikaca məşhur bir ismin adını çəkir,-oxuyub, dedi,  hayıf, bir az yubanmısan, Çingiz Aytmatov bu məsələni “Alabaş”da səndən qabaq qaldırıb. Yoxsa bu tip  əsərlə dünya ədəbiyyatı tarixinə düşərdin,-o, adıyla bərabər soyadını  da xüsusi ehtiramla çəkdiyi tənqidçinin sitatına  xitam verib,  başını bulaya-bulaya öz fikrinə gayıdır,-bilirsən də, Çingiz cavanlıqda malabaxan olub axı, nədən yazıb,   atdan, itdən, dəvədən, hamısın alındırıb... “Alabaş”da da lap  fontan eləyib. İtin o cür vəsfi? Dəhşətdi, ə kişi...

-Ağıllı ol, ə, fontanı o yox, sən eləmisən,  o cür yazıçıdan səni kimi tamada yaxşıdı. “Alabaş” adda  əsər olar? Bəs bədiyyat? Özün də bayaqdan bədii əsərdən danışırsan,-üstüörtülü dediklərimdən nə duz daddısa, arsız adam təəssüfünü gizlətmədi:

-Baxma, tarixdə qalmaq da bir işdi. Nahaq başını buraxdım prozanın.                              

Buxaqda, xalda nə var? 

Səməndərin (Faxralı) üzünü görməsən, səsindən elə bilərsən, danışan Zəlimxan Yaqubdu. Eynən ondakı kimi birnəfəsə deyilən sinonimlər silsiləsi, şirin avaz, aydın təhkiyə...  Məni də  ona görə çox istəmir ki,  tələbə yoldaşı olmuşuq, ağır dostluq yolu keçmişik, ona görə istəyir ki,  elə o vaxt da, indi də  ürəyindən xəbər vermişəm. Nə deyirəm, canına yağ kimi yayılır, and içir ki, bu saat mənə zəng eləmək istəyirmiş, onu qabaqlamışam. Hər dəfə də səsinə xüsusi ahəng verib, qırx iki il əvvəl, cavanlığımızın lap o dəli-dolu dəmlərində  məndən eşitdiyi  bayatını telefonun o başında bir çağırır ki, gəl görəsən:

Əzizim Xaldana var,
Min atın Xaldana var
Yeməli dil-dodaqdı,
Buxaqda, xalda nə var?

Vaqifdən üç söz  

Hələ tələbə ikən Vaqifdən (Əjdəroğlu) çox şey öyrəndiyimin fərqində idim. Sonralar bunu  yazdım da. İndi o illərin dostlarından ən çox onunla görüşürük. Heç elə olmur, siz tərəfdə filan şeyə nə deyirlər, sualı söhbət əsnasında bir neçə dəfə səslənməsin. Bu yolla ondan əxz elədiyim üç sözdən üçünün də (dəsbəyaxa, əlfəcin, təqqülbab)  ərəb-fars mənşəli olduğunu,  son vaxtlar bəs qədər türkizmin və beynəlxalq sözün dilimizə axın şəklində  gəldiyini bildiyim halda, fikrim onlara təzə nəfəs vermək olmasa da, yazılarımda işlətməkdən ehtiyat eləmədim. Aydınlıq üçün deyim ki,  təqqülbab qapı toxmağı, dəsbəyaxa  dərhal, əlfəcin isə səhifəarası  ip deməkdir.

 Nə var, nə yox? 

 Adı qulağına dəymiş bir yazıçımızın mənə  sayğısının qədərini nədən bilməsəm də, ağızucu danışmasından lap dəqiq bilirəm. Adi vaxtlarda, siqaretini tez-tez tüstülədib bircə dəfə “necəsən?” deməklə kifayətlənər, hətta adamı ələ salmağından da qalmaz, guya, söhbətimizə bir şirinlik qatmaq məqsədilə  onu da soruşar ki, özüm yatıb-dura bilirəmmi?

İşi düşəndə isə bambaşqa aləm olur. Tək qoluma yox, həm də dondan-dona girir. Düz gözümün işinə  baxıb:

-Nə var, nə yox, dadaş? - soruşur, dalınca da  sicilləmə bir dastan,-can-baş? Uşaqlar necədi? Nəvələr neyniyir? Evdə-eşikdə salamatçılıqdı?  Elə ha deyirəm, bir uşaqları da götürüm  gəlim siz tərəfə, vaxt   olmur ki, olmur. Xaraba qalsın bu şəhəri, adamı yar-yoldaşdan,  dost-tanışdan  da eləyib. 

Bu söhbətdən sonra dərd açmağa nə var ki? Elə o da belə eləyir:

-Eşit gör nə deyirəm... 

O danışır, sakitcə dinləyir və düşünürəm:  o obrazlar ki, sənin  qələminin məhsuludu, bu xasiyyətlə, bu  içlə yalnız o cür cərdə-cürdə  insan tipləri yaratmaq olar, döşə gəlsin, bələdəm sənə, onsuz da əlindən başqa şey gələn deyil. 

Qazanc 

Əhməd (Oğuz) tay-tuşlarının çoxundan gec evlənib. Neçə il də övlad həsrəti çəkib. İndi biri oğul, biri qız olmaqla ay parçası kimi iki gözəl balası var. Adları da  özlərindən qəşəng: Gültəkin, Eltəkin.

- Sizinki o başdan gətirib, - hər şeyə Allahın qisməti kimi baxan könlütox Əhməd söhbət əsnasında deyir, - mənimki bu başdan.

Bir insan kimi gəlir-çıxarın hamıdan yaxşı bilən Əhməd bu əsəb dünyasında ikisinin yerinə bir əziyyət çəkdiyini, deyəsən, düz eləyib  özünə qazanc bilir:

-Ta yaşın elə vaxtıdı, onları oğul-qız yox, nəvə bilirəm özümə.  

Baca 

- Ustad, bu qələbəni sənə həsr eləyirəm, - deyib, Zəka (Vilayətoğlu) mənə nəzər salaraq zərləri atır, Aslan (Quliyev) şeş qoşanı və bayaqdan onunla  dübədü vuran həmpiyaləsinin  mənə rəğbətini görüb cin atına minir:

-Sizinki bu olsun bax, bir-birin tərifləmək, zər qoşalamaq. Oyun oynamaq lazımdı, oyun. 

Belə yerdə bizi bəyənməyən Aslanı sakitləşdirməyin yolunu çoxdan bilirəm:

-Sən çörək tapassan, Zəka, Tarixən belə olub: ustadı ki  ağır-əziz elədin, Allah ruzini bacadan da olsa, yetirir. İstəyirsən, evə zəng vur, gör mən deyəndi, ya yox?

Odu-budu Zəkanın nömrəsini telefonumun ekranında görən kimi:

-Ustada eşq olsun!-alqışından sonra nə eşidəcəyimi əzbər bilirəm:

-Şükür böyünkü günə, baca qaydasında işləyir...

Əlabbas
15.12.1015

 





28.12.2015    çap et  çap et