525.Az

“Keçən ilin son gecəsi” tələbələrin təqdimatında - Fotoreportaj


 

XALQ YAZIÇISI ANARIN MƏŞHUR ƏSƏRİ ƏSASINDA YENİ TAMAŞA HAZIRLANIB

“Keçən ilin son gecəsi” tələbələrin təqdimatında - <b style="color:red">Fotoreportaj</b>

Dekabrın 23-də Qafqaz Universiteti Mədəniyyət şöbəsi dram özfəaliyyəti kollektivi üzvlərinin ifasında yazıçı-dramaturq Anarın “Keçən ilin son gecəsi” hekayəsi əsasında hazırlanmış eyni adlı tamaşa Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovadır. Səhnə əsərində Həmidə xala obrazını Leyla Namazova, Rüstəmi İmran İbişov, Dilarə rolunu Nərmin Zərbəlili canlandırıblar.

Dram dərnəyinin digər üzvlərindən Əzim Məmmədyarov, Xəyalə Məmmədova, Rüfət Quliyev, Kənan Kərimli, Sənan İsaqov, Lalə Əliyeva, Songül Əhmədova və başqaları tamaşada müxtəlif rollarda çıxış ediblər. Gənclərin səhnə əsərinə yeni yanaşması tamaşaçıların marağına səbəb olub. Tamaşada Emin Sabitoğlunun, Nigar Rəfibəylinin, Vaqif Səmədoğlunun sözlərinə bəstələdiyi mahnılardan istifadə edilib.

Tamaşadan sonra rejissor Zəminə Axundova bu əsərə müraciət etməyin məsuliyyətindən danışıb və dəstəyinə, köməyinə görə Qafqaz Universitetinin rektoru Ahmet Saniçə minnətdarlığını bildirib. Rektor iştirakçıları təbrik edib və öz növbəsində tamaşadan aldığı təəssüratları bölüşüb: “Bu əsərlə daha öncələr də tanış idim, amma bu dəfə tamaşaya baxanda çox təsirləndim. Bu dahiyanə əsəri yazdığına görə Anar ustada minnətdarlığımı bildirirəm və onu səhnəyə dəvət edirəm”.

Əsərin müəllifi, Xalq yazıçısı Anar Qafqaz Universiteti rəhbərliyinə və tamaşanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürlərini çatdırıb: “Bu hekayəni qələmə almağımdan əlli ildən çox vaxt keçib. Hekayə əsasında televiziya tamaşası, bədii film çəkilib, teatr səhnəsində iki dəfə quruluş verilib. Ancaq bu gün illər sonra yenidən hekayəyə müraciət edilməsindən təsirləndim, gənclik illərimə qayıtdım, o günləri xatırladım, nostalji hissləri keçirdim. Ahmet bəyə, tələbələrə, tamaşada iştirak edən hər kəsə təşəkkürlərimi bildirirəm və  təbrik edirəm”.

Sonda yazıçı tamaşanın iştirakçılarıyla xatirə şəkli çəkdirib.

NƏZRİN

 





28.12.2015    çap et  çap et