525.Az

Dayının yuxusu


 

Dayının yuxusu<b style="color:red"></b>

Dekabın 21-də, hər kəsin başı manat-dollar münasibətlərinə qarışan gün təsadüfən Facebook-da həmkarlarımın SSRİ Xalq artisti Alisa Freyndlixlə fotosunu gördüm.
 
Həmin an yadıma düşdü ki, axı, Tovstonoqov adına Rusiya Böyük Dram Teatrının Bakıya ilk qastrol səfəri olacaqdı. Ekrandan sevə-sevə baxdığımız Oleq Basilaşvili də ömrünün ahıl çağında ifasıyla teatrsevərləri sevindirəcəkdi. Hətta o zaman anonsu oxuyanda ürəyimdən keçmişdi ki, məşhur aktyorlardan, kiçik də olsa, müsahibə alım. Görünür, iqtisadiyyat məsələsi mənim də beynimi məşğul etdiyindən, sevimli aktyorlarımın ölkəmizə gəlişini unutmuşdum.

Devalvasiya gündəmi zəbt edəndə, təbii ki, hamı kimi mənim də fikrim mühasib kimi hesablamalar aparmağa, qənaət üçün variantlar düşünməyə yönəldi. Amma həmin axşam nəinki mağazaya qaçmadım, heç adəti üzrə ingilis dili kursuna da getmədim. Bəlkə də pafoslu səslənə bilər, amma düşündüm ki, onsuz da illərdir ingilis dilini öyrənirəm, aylardır maliyyə böhranı yaşayıram, amma Rusiya Böyük Dram Teatrının qastrol tamaşasına baxmaq şansım bir də olmayacaq. Odur ki, həmin vaxt nə qədər ağır, gərgin gün olsa da, ürəyimdəki teatr sevgimə qara pərdə salmadım, Rus Dram Teatrına yollanıb "Dayının yuxusu"na baxdım.

Məlumat üçün deyim ki, böyük rus yazıçısı Feodor Dostoyevskinin 1859-cu ildə qələmə aldığı "Dayının yuxusu" povesti əsasında səhnələşdirilmiş tamaşa 2008-ci ildən repertuardadır. Tamaşanın rejissoru bir zamanlar teatrın bədii rəhbəri olmuş, Rusiya və Gürcüstanın Xalq artisti, rejissor Timur Çxeidze, rəssamı Emil Kapelyuş, bəstəkarı Rusiyanın Əməkdar incəsənət xadimi Aleksandr Knayfeldir. Tamaşa bu günə kimi 130 dəfədən çox oynanılıb və hətta Rusiyada "Qızıl maska", Estoniyada "Ən yaxşı tamaşa", Tbilisidəki Beynəlxalq Teatr Festivalında birinci yerə layiq görülüb. Teatrın "Böyük qastrollar- 2015" layihəsi çərçivəsində gerçəkləşən səfərin təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyidir.

"Dayının yuxusu"nda hadisələr kiçik Mordasov şəhərində cərəyan edir. Mariya Aleksandrovna Moskalyova (Alisa Freyndlix) iyirmi üç yaşlı qızı Zinanı (Polina Tolstun) təsadüfən şəhərə gələn, onların da evinə baş çəkən qoca knyaz K.-ya (Oleq Basilaşvili) ərə vermək istəyir. Hətta anası qızının yeganə "pərəstişkarı" olan Pavel Mozlyakovu (Kirill Jandorov) da sıradan çıxarmağa nail olur. Moskalyovanın yeganə arzusu yaşadıqları cansıxıcı şəhərdən qurtulub ali təbəqəyə yol tapmaqdır. "Yuxarılar"a çıxışın ən qısa yolu isə uzun illər Avropada yaşamış, hətta bəzən nitqinə fransız kəlmələri qatan knyaz K.-dır. Qoca knyaz Zinanı evlərində bir dəfə görsə də, ifasını eşidəndən sonra min könülə düşsə də, nəhayətdə, qarşısında diz çöksə də sonradan qız haqqında Mozlyakova etiraf edəndə, qısqanc, paxıl gənc qocanı inandırmağa çalışır ki, onun söylədiyi əslində yuxudur. Təbii ki, knyaz gördüklərinə deyil, oğlanın dediklərinə inanır. Çünki o, ağlını, yaddaşını, özünə inamını çoxdan itirmişdi. Odur ki, növbəti dəfə Moskalyovların evinə gələndə heç Zinanın adını belə xatırlamır. Etiraf edir ki, yaşadığı hiss yuxu imiş...

Tamaşa boyu hadisələr anbaan elə dramatikləşir, bir də ayılırsan ki, əslində baxdığın komediya yox, faciədir. Baxmayaraq ki, böyük yazıçı məktublarının birində əsəri vodevil adlandırıb. Lakin Dostoyevskinin kədəri "Dayının yuxusu"ndan da yan keçməyib. Alisa Freyndlixin yaratdığı Moskalyova böyük yazıçının təbirincə desək, yubka geyinmiş Napoleondur. O, nəinki ailəsində, eləcə də kiçik şəhərdə episentr rolunu oynayır. Hökmlü, kompromisə getməyən, hətta ərinin danışmaq hüququnu əlindən almış bir qadındır. Amma bütün bunların fonunda korifey aktrisa qalın səsinin tonu ilə ironiyasını, yumorunu gizlətmirdi. Odur ki, tamaşa boyu Moskalyova bəd əməlləri ilə tamaşaçısını yormurdu, əksinə, gözləyirdin ki, görəsən, o, daha hansı fəndlərə əl atacaq. Üç saat on dəqiqəlik tamaşada aktrisa, demək olar, səhnədə qalıb, diqqət mərkəzini məharətlə özündə saxlaya bildi.    

Rusiyanın digər əfsanəvi aktyoru Oleq Basilaşvili isə sanki iki obraz canlandırdı. Əgər o, cavanlardan seçilməmək üçün başına qəhvəyi parik, özünə qara bığ, bakenbard yapışdırıb, qırışlarını örtmək üçün üzünü pudralayıb, qızardırıb Moskalyovların evində fərqli obrazda çıxış edirdisə, tamaşanın sonuna yaxın o, ağ rəngli uzun gecə libasında sanki mələyi oynayırdı. Final səhnəsində əlində şam tutub, uzaqdan kuklalar kimi oynayan Zinaya baxanda, elə bil kəfən geyinib ölüm növbəsini gözləyirdi. Kədərli səhnə tamaşaçılara da təsir etmişdi. Hətta onların arasında göz yaşlarını saxlaya bilməyənləri də gördüm. Düzü, heç təəccüblənmədim. Çünki bu "Dayının yuxusu" olsa da, əslində həqiqətdən xəbər verirdi. Həqiqətsə o idi ki, mələk kimi insanlar həmişə nəfsin qurbanı olur. Necə ki, knyaz K. da Moskalyova ilə Mozlyakovun tələsinə düşüb uçuruma yuvarlanır.

P.S. Tamaşaçılar alqışlayanda qulağımda bir qadının səsi qaldı: "Urovenğ estğ urovenğ! (Səviyyə belə olar!)"

P.P.S. Haqqında bəhs etdiyim aktyorların ikisi də 81 yaşın içindədirlər. Səhnədə isə onlar sanki quş kimi uçurdular. Nə illah etdim, bu yaşda həyatda olan səhnə fədailərimizi xatırlaya bilmədim.

Ülviyyə HEYDƏROVA 

 





29.12.2015    çap et  çap et