525.Az

Bişkekdə Həmrəylik Günü qeyd olunub - Fotolar


 

HİDAYƏT ORUCOV: “AZƏRBAYCANLA QIRĞIZISTAN ARASINDA ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ SİYASI, İQTİSADİ VƏ HUMANİTAR SAHƏDƏ İNKİŞAF ETMƏKDƏDİR”

Bişkekdə Həmrəylik Günü qeyd olunub - <b style="color:red">Fotolar</b>

Bu gün Azərbaycanın Qırğızıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Qırğızıstan-Rusiya Slavyan Universitetinin professor-müəllim, magistr heyəti ilə görüşündə geniş mühazirə ilə çıxış edib.

Universitetinin rektoru Nifadyev Vladimir İvanoviç  Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün rəhbərlik etdiyi təhsil ocağında keçirilməsinə görə şad olduğunu, Azərbaycanın yüksələn inkişaf tempindən fərəhləndiyini bildirib, Heydər Əliyevin öz xalqının və dövlətinin inkişafı naminə gördüyü işlərdən danışıb.

Azərbaycanın Qırğızstanda səfiri Hidayət Orucov isə Azərbaycan Prezidenti İlham İlham Əliyevin Həmrəylik Günü ilə bağlı dünya azərbaycanlılarına müraciətini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Səfir qeyd edib ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir.

H.Orucov xatırladıb ki, 1991-ci ilin sentyabr ayının 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilib. O bildirib ki, həmin ilin dekabr ayının 16-da Muxtar Respublikanın Ali Məclisinin birinci iclasında Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib. Səfirin sözlərinə görə, həmin zaman bu qərar yalnız Naxçıvanda keçərli idi. H.Orucov qeyd edib ki, daha sonra Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinə zəmanət verərək bu qərarı qəbul etməyə və dünya azərbaycanlıların birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olub.

Səfir söyləyib ki, Prezident İlham Əliyev ölkəmizin həyatının bütün sahələrində olduğu kimi diasporalarımızla əlaqələr sahəsində də Ulu Öndərin perspektivli, alternativsiz siyasətini ardıcıl yerinə yetirir.

H.Orucov bildirib ki, dünyada 50 milyonluq Azərbaycan xalqının taleyi belə gətirib ki, yalnız doqquz milyonu öz milli dövlətinin vətəndaşıdır, qırx milyondan çoxu isə ya öz tarixi-etnik torpaqlarında başqa dövlətin bayrağı altında, ya da Qırğızstandakı kimi diaspor şəklində yaşayır.

Səfir xaricdə yaşayan soydaşlarımızın bütün problemlərinin Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib: “Prezdent hər zaman qeyd edir ki, o, hər bir azərbaycanlının Prezidentidir”.

İştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verən H.Orucov xatırladıb ki, ölkəmiz hələ də müharibə şəraitindədir, ərazimizin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan artıq yurddaşımız isə qaçqınlıq həyatı yaşamağa vadar edilib: “BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad olunması barədə 1993-cü ildə qəbul etdiyi dörd qətnamə hələ də yerinə yetirilməyib. Digər beynəlxalq təşkilatlarda da bu işğal müzakirə olunur, qərarlar qəbul olunur, ancaq Azərbaycan torpaqları işğaldan azad olunmur və Ermənistan öz işğalçı siyasətin davam etdirir”.

H. Orucov qeyd edib ki, İlham Əliyev Azərbaycanı siyasi və iqtisadi sahələrdə inkişaf etdirib, dövlətimizə beynəlxalq arenada böyük nüfuz qazandırıb: “Prezidentimizin siyasi kursunun və strategiyasının nəticəsi olaraq, Azərbaycan regionun lider dövlətinə çevirilib”.

Diplomat bildirib ki, Azərbaycan Qafqazda yeganə dövlətdir ki, müstəqilliyi bərpa olunandan sonra da ölkədə fəaliyyət göstərən heç bir rus dilli məktəb, universitet, teatr bağlanmayıb: “Əksinə 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin 2000-ci ilin sentyabr ayının 13-də imzaladığı sərəncama əsasən Mirzə Fətəli Axundov adına Bakı Slavyan Universitetinin əsası qoyulub. Həmçinin, müstəqillik dövründə yaradılan Gürcüstan Dövlət teatrı və Ləzgi Dövlət teatrı da hələ də fəaliyyət göstərir”.

Səfir deyib ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf etməkdədir və bu xətt Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir. 

Daha sonra çıxış edən “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev dünya azərbaycanlılarını həmrəylik günü münasibətilə təbrik edərək, Qırğızıstana sürgün olmuş azərbaycanlılar haqqında məlumat verib.

Qeyd edək ki, tədbirdə Azərbaycan diasporunun üzvləri də iştirak ediblər.

Ceyhun ABASOV

 





29.12.2015    çap et  çap et