525.Az

Əsrə bərabər bir gün


 

Əsrə bərabər bir gün<b style="color:red"></b>

Uzun illər hərbi-dövlət sirlərinin qorunması və kəşfiyyatın gizliliyi tələblərinə sadiqlik nümayiş etdirərək biz Horadiz əməliyyatı haqqında geniş danışa bilməmişik.

Bundan istifadə edən bəziləri əməliyyatın uğurlarını öz adlarına çıxarmaqla hərb sənəti tarixinə qiymətli töhfə vermiş igid döyüşçüləri bu illər ərzində kölgədə buraxa biliblər. Amma üç il öncə Hərbi Prokurorluqla əldə etdiyimiz razılaşmadan sonra bu sahədəki sirr pərdəsini qaldıra bildik. Doğrudur, kəşfiyyatın operativ fəndlərini heç bir halda açıqlamasaq da, "Horadizdə görüşərik" kitabıyla başlayan epopeyada bir çox hadisələri işıqlandırmağa borcluyuq.

Əlbəttə, 22 il öncəki hadisələri xatırlamaq heç də asan olmur. Lakin buna baxmayaraq ordumuzun geniş hücumuyla yadda qalan Horadiz əməliyyatı haqqında hələ neçə-neçə kitablar yazılacaq, onun detalları müzakirə olunub öyrəniləcək.

1993-1994-cü ilin qış kompaniyasında quzeydən Kəlbəcər, mərkəzdən Ağdam-Ağdərə və güneydən Füzuli istiqamətlərində olmaqla üç cəbhədə hücum əməliyyatları planlaşdırılaraq həyata keçirilib. Onların ikisi son nəticədə uğur qazanmadığından bu döyüşlər haqqında danışmağı unudurlar. Amma Horadiz əməliyyatı kimi tarixə düşən üçüncü hücum təkcə dediyim qış kompaniyasında deyil, ümumən bütün Qarabağ savaşında ən uğurlu əməliyyatlardan biri kimi yaddaşlarda qalacaq. Bu əməliyyatın birinci nəticəsi kimi, statistikanın diliylə desək, 22 yaşayış məntəqəsi işğaldan azad edilib, on minlərlə vətəndaşımız öz yurd-yuvalarına qaytarılıb. Təbii ki, bu nəticə əsas olmaqla gərgin zəhmət bahasına ortalıqda görünən bir fakta çevrilib. Amma bu əməliyyatın ikinci əsas bir nəticəsi də olub. Bunu həmin günləri yaşayanlar öz ürəklərində, damarlarında və bütün hüceyrələrində hiss ediblər. İllərlə düşmənə sinə gərənlər öz ata-baba torpaqlarından köç edəndə onların təkcə torpaqlarını deyil, həm də son ümidini, inamını itirdiklərini görməmək olmurdu. 1993-cü ilin qızmar yayında öncə yoldaşlarını, sonra illərlə qoruduqları mövqelərini bir-birinin ardınca itirən döyüşçülər Araz çayını keçərkən onun soyuq sularında son qələbə ruhunu da itirmişdilər.

Horadiz əməliyyatı nəticəsində həmin ruh yenidən dirçəldi. Azərbaycan əsgəri yenidən özünü qalib əsgər kimi hiss etməyə başladı. Əməliyyatın bu nəticəsini statistik rəqəmlərlə ifadə etmək mümkün deyil. 73 gün əvvəl bu yerlərdən məğlub gedən döyüşçülərin davranışında bunları görməmək olmurdu. Həm də torpaqların itirilməsi müqabilində şərəfin və döyüş ruhunun qorunub saxlanılmasının millətin gələcəyi üçün nə dərəcədə qiymətli olduğu bir daha sübuta yetirildi. Bəli, biz torpaqlarımızı azad etməyə qadirik və bunu edəcəyik. Artıq bu sözlər pafos deyil, konkret əməliyyat nəticəsində ortalığa qoyulan bir faktdır.

Bütün bunlar haqqında danışarkən generaldan tutmuş səngərdəki əsgərəcən hərənin bu nəticələri müxtəlif  prizmalardan dəyərləndirmək imkanlarının olduğunu qeyd etmək lazımdır. Baş qərargah, orta komandir və kənardakı vətəndaşın hərəsinin öz baxış bucağı olduğu kimi bilgiləri də müxtəlif idi. Bu baxımdan haqqında danışmaq istədiyim əməliyyatın üçüncü əsas nəticəsini heç də hamı görüb anlaya bilməzdi.

Horadiz əməliyyatının hazırlanması, planlaşdırılması və icrasında ən ağır vəzifələrin öhdəsindən gələn biz kəşfiyyatçılar üçün nəticələr bir az rəngarəng çalarlarla yadda qalırdı. Doğrudan da düşmən arxasında fəaliyyət kəşfiyyatçıdan yüksək hazırlıq, fiziki, taktiki və psixoloji keyfiyyətlər tələb etdiyi qədər də ona müəyyən mənada zövqverici hadisələri birbaşa seyr etməyə imkan verir. Əməliyyatdan öncəki günlərdə, birbaşa əməliyyat zamanı və onun ardınca düşmən içərisində müşahidə, dinləmə, detallı kəşfiyyat, pusqu və basqın metodlarından istifadə etməklə əldə etdiyimiz bilgilər bizim üçün tarixi önəmi olan bir nəticədən danışmağa imkan verirdi.

Yanvarın 5-də Quruçay sahilindəki mövqelərindən və yerləşdiyi Horadiz-Bəhmənli arasındakı düşərgələrindən qaçıb canlarını qurtarmağa çalışan Qafan briqadasının döyüşçülərinin qarşısını almaq mümkün deyildi. 70 kilometr qaçan əsgərləri Cəbrayılın Soltanlı kəndində toplamaq mümkün olmadıqda Dağtumas döngəsindəki və Həkəri körpüsünə çatmamış yol dairəsindəki hərbi polis postlarının yardımıyla toplamağa çalışırdılar. Həmin günkü çaxnaşma səbəbindən Martuni və Hadrutun tam şəkildə, digər rayonların isə qismən boşaldıldığı faktı məlum idi. Nəinki Qafan və Gorus kimi Ermənistan respublikasının iri şəhərlərində, hətta paytaxt Yerevanda belə qarışıqlıq ciddi şəkildə hiss olunurdu. Radiorabitədə tutduğumuz danışıqlarda əsas başa düşülən "Horadis" (ermənicədən başqa hərdən də rusca işlənən "Qoradiz") kəlməsi heç kimin dilindən düşmürdü. Sonradan da etiraf etdikləri kimi ildırım sürətli Horadiz əməliyyatı düşmənə onların bir millət və bir dövlət kimi yox olma təhlükəsinin reallığından xəbər verdi. Bu təhlükəni hiss edib yaşayan düşmən bütün tədbirlərə əl atmağa məcbur oldu.

Yanvarın 5-dən 6-na keçən gecə düşmən ölkənin prezidenti Levon Ter-Petrosyan özünün hərbi müşaviri general-leytenant (sonradan general-polkovnik) Dalibaltyanı təcili olaraq döyüş bölgəsinə göndərir. Həmin gecə Füzulidəki güney-doğu cəbhəsinin qərargahında (bu qərargah şəhərin Ağdam döngəsi deyilən yerin yaxınlığında, Qırmızıbazar yolunun üstündəki keçmiş məhkəmə binasında yerləşirdi) təcili tədbirlər görülməyə başlanır. Cəbhənin komandanı general Aroyan və Dalibaltyandan başqa həmin müşavirəyə "Qarabağ qoşunlarının" qərargah rəisi Seyran Ohanyan (Ermənistanın indiki müdafiə naziri) və həmin qoşunların komandanı Samvel Babayanın müavini general İvanyan da qatıldılar. Yoxlanılmayan məlumata görə, yanvarın 8-də Samvel Babayan və Ermənistanın o vaxtkı müdafiə üzrə dövlət naziri Vazgen Sərkisyan da Füzuliyə gəlib təhlükəni aradan qaldırmağa səy göstərdilər. Nəticədə 3-4 gün ərzində bölgəyə misli görünməyən qüvvələr cəmləşdirildi. Bunlardan Samvel Oqanovun Stepanakert alayı, Artur Ağacanyanın Hadru alayı, Armen Mirzoyanın əlahiddə tank taboru, Jirenin başçılığıyla Şuşa daşnak dəstəsi, Movsesin Martuni alayı, Mehri və Çartaz alayları, tam heyətiylə Gorus briqadası, "Şturm-S" silahlarıyla birgə Gümrüdəki tank əleyhinə alaydan gətirilən Artyuşun dəstəsi, Məjlum Manuçaryanın başçılığıyla 555 saylı Sovetaşen özəl qüvvətlər alayını göstərmək olar. Bütün bunlara Mixail Qriqoryanın yenidən yığılmış Qafan briqadasını, Ararat və Erebuni polislərindən ibarət yığma dəstəni, eləcə də Sisyan taburunu əlavə etsək, güclü bir qruplaşma yaradıldığının şahidi oluruq. Horadiz əməliyyatı nəticəsində yerli Qarabağ qüvvələriylə Ermənistan qoşunları arasındakı rəsmi və qeyri-rəsmi müqavilənin pozulması baş verdi. Həmin günə qədər yerli alayların ancaq hücum əməliyyatında iştirak edəcəkləri, onların heç bir halda müdafiədə durmayacaqları barəsində sərt qüvvədə idisə, 5 yanvar hadisəsi nəticəsində Azərbaycan ordusunun yaratdığı təhlükənin miqyası bunun üstündən xətt çəkirdi.

Bütün bunları bilib bundan zövq alan biz kəşfiyyatçılar üçün düşmənin belə canfəşanlıq göstərməsini təbii qəbul edirdik. Biz əməliyyatın içində olduğumuz üçün çalışıb yaratdığımız panikanın necə planlaşdırılıb icra etdiyimizi gözəl bilirdik. Əlbəttə, öncədən hazırlaşıb düşmən arxasına keçmədən, geniş desant-hücum əməliyyatı aparmadan, manevr qrupları şəklində hərəkət edib operativ və operativ-taktiki ərazilərdə qarışıqlıq salmadan bölgəni azad etmək, bəlkə də, olardı. Biz bunun mübahisəsini etmirik. Amma bir şey şəksizdir ki, başqa taktikanın tətbiqi çoxlu itkilərə səbəb olardı. Ən başlıcası isə hücumun tempi həddən artıq aşağı olardı ki, bu da yuxarıda qeyd etdiyimiz nəticələri verməz, düşməni qorxudan Horadiz əməliyyatının belə yüksək sürətlə həyata keçməsi mümkün olmazdı.

Geniş bir ərazinin çox az sayda itkilərlə, həm də 8 saat müddətində alınması bizim həqiqi gücümüzün real nümayişi kimi tarixdə qalacaq. Bu təkcə hərbi sahədə deyil, beynəlxalq aləmdə və diplomatik sahədə də çox mətləbləri izah edir.

Sonda onu da deyim ki, 1993-cü il dekabrın 16-da Seyfəli poliqonundakı ucqar bir sahədə taktiki və fiziki hazırlıqla məşğul olan kəşfiyyat bölüyünə heç kimin gözləmədiyi halda mərhum prezident Heydər Əliyevin gəlişiylə başlayan bu uğurlu əməliyyatı yalnız bir cümlə ilə izah etmək olar: siyasi iradə, vətəndaş həmrəyliyi və əsgər şücaətinin vəhdəti. Qələbə yalnız bu halda qaçılmazdır.

Uzaq 1994-cü ilin şərəfli 5 yanvar gününü bir də yaşamaq üçün ölümü gözə alaraq yenidən səngərlərə atılmağa dəyər.

 





29.12.2015    çap et  çap et