525.Az

Alim zirvəsinin "Müzakirə vaxtı"


 

Alim zirvəsinin "Müzakirə vaxtı"<b style="color:red"></b>

Azərbaycan teleməkanından söhbət düşəndə biz daha çox bir "ekspert" bəyənməməzliliyi ilə qarşılaşırıq.

Əlbəttə, bəyənməməzlik və yeni iddialar bütün sahələrin inkişafı üçün əsas kimi qiymətləndirilir. Lakin bir sıra hallarda təqdir faktının özü  də inkişafa aparan bir pedaqogika kimi qiymətləndirir. İkinci istiqamətdən yanaşsaq, Azərbaycan teleməkanında bir sıra analitik teleproqram formatları cəmiyyətin maarifləndirilməsi, insanın kamilləşməsi işinə özlərinin birbaşa təsiri ilə maraq doğurur. Belə analitik proqram formatları, istisnasız olaraq, bütün telekanallarda mövcuddur. Belə proqramlar, adətən və həm də çox düzgün olaraq, hər bir telekanalın tipologiyasına, informasiya siyasətinə görə formalaşdırılır. Özəl TV kanallarında efirə çıxan və əsasən, reklam bazarına ünvanlanan və elə buna görə də xeyli dərəcədə "səsli-küylü" olan analitik proqramların bu xarakterinə təəccüblənmək nə qədər doğru deyilsə, maliyyəsi dövlət büdcəsindən formalaşan telekanalların maarifçilik və bir sıra hallarda hətta ideologiya kanonlarına baş vurmaq kimi xarakterinə də təəccüblənmək o qədər düzgün olmazdı. Bu mənada ictimai teleradionun da bir sıra proqram formatları birbaşa maarifçilik məqsədi güdür və ona görə də həmin proqramları qiymətləndirərkən mütləq bu tipoloji xarakter nəzərə alınmalıdır.

İctimai Televiziyada çox sayda maarifçi analitik proqram var. Həmin proqramlar sırasında Vəsilə Vahidqızının - bu televiziyada on ildən artıq aparıcılıq təcrübəsi olan jurnalistin "Ortaq məxrəc", "Müzakirə vaxtı", istedadlı jurnalist Anar Yusifoğlunun "Aktual mövzu", tanınmış publisist Xalid Niyazovun "Media və zaman" proqramlarını misal  çəkmək olar. Bu proqramlar heç bir sensasiya, səs-küy arzulamadan və qəti şəkildə İctimai Televiziyanın cəmiyyətə yönəlik missiyasını nəzərə alaraq bu günümüz üçün çox vacib olan maarifçilik vəzifəsini uğurla yerinə yetirməkdədir. Bu sırada biz "Müzakirə vaxtı" analitik teleproqramın yalnız bir buraxılışı üzərində dayanmaq istərdik. Çünki sözün həqiqi mənasında, "Şöhrət və sadəlik" mövzusunu əhatə edən həmin buraxılış efirdə hadisə təsiri bağışladı.

"Şöhrət və sadəlik" mövzusu ilə bağlı "Müzakirə vaxtı"nın maraqlı, ictimai  mühitdə tanınan qonaqları vardı. Xalq artisti Alim Qasımov, onun müğənni qızı Fərqanə Qasımova və millət vəkili Fazil Mustafa. Proqramın formatından hiss olunurdu ki, əslində, əsas obyekt Alim Qasımovdur, lakin Fazil Mustafa və Fərqanə Qasımova bu böyük sənətkarın öz fikir və mülahizələri ilə təqdim olunacaq xarakterinin açılmasına şərait yaradacaqlar. Əvvəlcədən deyək ki, proqrama dəvət olunmuş qonaqların hər biri ayrı-ayrılıqda yaddaşlarda qalan və hər birinin sənətə, şöhrətə, şöhrətdən doğan çeşidli keyfiyyətlərə elmi-publisistik münasibətləri ilə tamaşaçıda sonsuz bir maraq doğurdu.

Belə bir məsələni etiraf etmək yerinə düşərdi ki, hansı ranqda olur-olsun,  şou-biznes adamına heç də hamının marağı olmur. Lakin Alim Qasımovun proqramın lap əvvəlində aparıcının suallarına çox elmi, fəlsəfi və səriştəli cavabı onun  şou əhlindən tamamilə fərqli bir ampluada görünməsinə və bununla da ən etinasız tamaşaçını belə proqrama diqqət etməyə yönəltdi. Proqramın lap ilk anlarından tamaşaçı belə bir qənaətə gəldi ki, İctimai Televiziya bu tipli proqramları ilə təkcə mədəniyyəti təbliğ etmək deyil, həm də cəmiyyətə mesaj verir ki, mənən zəngin olmaq ən böyük sərvətdir. Alim Qasımov aparıcının tamaşaçı ürəyindən doğan suallarına son dərəcə səmimi, həm də müdrik cavabları ilə insanı və xüsusilə şöhrət zirvəsinə yüksəlmiş hər kəsi nəfsinə cihad etməyə, Vətən, Azərbaycan naminə hər cür fədakarlığa getməyə çağırdı. Əlbəttə, bu bir didaktik çağırış yox, özünün şəxsi nümunəsindən gələn keyfiyyətlərin aydın və bəzəksiz-düzəksiz ortaya qoyması ilə bağlı oldu. Həm də bu nümunədən belə bir nəticə çıxdı ki, şöhrətin və var-dövlətin əsiri olmaq bu dünyanın və onu tutub gedən insanın ən böyük faciəsidir.

Proqramda maraqlı bir trio vardı. Alim Qasımovun verilən suallara müdrik cavablarını Fazil Mustafa özünün fəlsəfi interpretasiyaları ilə zənginləşdirərək, sənətin-şöhrətin və sadəliyin psixologiyasını təhlilə cəlb etməklə tamaşaçını kamilliyə çağırırdı. Fərqanə Qasımova atasının onun üstündə olan "kölgəsini" xeyli dərəcədə ümumiləşdirməklə məktəb səviyyəsinə yüksələn sənətkarın müasirlərinə ustad təsirini izah edirdi.

Alim Qasımovun fikrincə, mügənninin ifa məqamı rəqs üçün deyil. Bu məqamda Alim Qasımov bəzi həmkarlarını narahat etməməyə nə qədər cəhd göstərsə də, əslində susa da bilmir və əvvəlki - yəni klassik toylarla bugünkü toylarımızın fərqini açır: əvvəlki toylarımız sənətkar üçün bir sınaq meydanı idisə, indiki toylar ancaq rəqs etmək meydanıdır. Bu yerdə Fazil Mustafa söhbəti davam etdirir: "Niyə bu gün daha çox sənət adamı cəmiyyətin qəhrəmanına çevrilir? Bəlkə qələbələr qazanan qəhrəmanlar yoxdur?" F.Mustafa  "əsl sənət adamını cəmiyyət elə bütün şıltaqlığı ilə də qəbul etməlidir"- deyir və buna yaxın tarixi keçmişdən misallar göstərir.

Musiqinin sirlərindən söhbət düşür və məlum olur ki, musiqi Alim Qasımovu Allahın dərgahına aparır. Trionun qənaətinə görə, bugünkü ötəri xarici musiqilər gündəlik həyata hesablanıb, milli musiqimiz isə dünyanı dərk etməyə çağırır.

Xüsusi qeyd edək ki, studiyanın auditoriyasında sənəti dərk edən, sənətkarı qiymətləndirən çox sayda gənc oturub. Və onların mövzunun kontekstinə uyğun sualları da qonaqları hər dəfə razı salır və bu suallar da Alim Qasımovun sənətə münasibətinin dərindən açılmasına xidmət edir. Həmin suallardan biri muğamda ifa olunan qəzəllərin, adətən yalnız sevgi, məhəbbət, ayrılıq həsrəti kimi monotom mövzudan ibarət olduğunu bildirir. Bu suala Alim Qasımovun öz cavabı, Fazil Mustafanın öz cavabı var. Qəzəllərin monoton mövzuları müəyyən dərəcədə Alim Qasımovu da qayğılandırır. Lakin həm də eşq bu sənətkarın həyatıdır. Fazil Mustafa isə bu məqamda musiqinin bütün insanlar üçün eyni dildə olduğunun və bir sıra məqamlarda musiqinin aparıcı şərhini verir.

Bir də məlum olur ki, sənətin zirvəsinə qalxmış bu adam obyektiv tənqidə laqeyd deyil. Və bu məqamda onun ümumiyyətlə obyektiv və qərəzli tənqid barədə, müasir günlərimizdə musiqi tənqidinin olmaması barədə fikirləri öz elmi dəyərləri ilə diqqəti cəlb edir. Onun öz ailəsi, övladları haqqında səmimi fikirləri də sadəliyindən xəbər verir.

Fazil Mustafa sənət zirvəsinə yüksəlməyi istedadın və zəhmətin vəhdətində görür. Zəhməti uğura aparan yol kimi təhlil edir.

Alim Qasımov çox da yuxarı qalxmaqdan ehtiyatlanır, çünki qalxmağın haçansa enmək təhlükəsi də var.

... Və sonda aparıcının Alim Qasımova bəlkə də bir az kəskin, cəsarətli sualı: ömrün sonu barədə. Sənətkar harada dəfn olunmaq istərdi. Bütün söhbət boyu Vətən, Azərbaycan sevgisini dilə gətirən, sənətinin zirvəsində Azərbaycana xidmət missiyasını hər şeydən uca tutan bu insan, bu vətəndaş yenə doğma torpağa-uşaqlıq illərini keçirdiyi Şamaxıya üz tutur. Şamaxı-doğulub-böyüdüyü Vətən torpağının bu hissəsi onun haçansa qayıdacağı əziz bir məkan kimi hər şeydən qiymətlidir.

Proqramda qoyulan sualları və bu suallara cavabları dinlədikcə belə bir nəticə çıxır: "Müzakirə vaxtı"nın bu buraxılışı sənətdən daha çox sənətin fəlsəfi mahiyyətini təhlilə çəkən bir akta çevrildi. Yay Avropa Oyunlarının dünyanı  heyran qoyan açılış məqamında Alim Qasımovun və həm də Azərbaycan muğamının qədim nağıllardan gəlmiş uçan xalça üzərinə çıxmasını ən ali məqam kimi qiymətləndirməsi Alim Qasımovun Azərbaycan sevgisinin möhtəşəm ifadəsi kimi səsləndi.

Və ümumiyyətlə "Müzakirə vaxtı" bir proqram formatı kimi sübut etməkdədir ki, analitik proqrama mövzu seçilməsi və bu mövzu ətrafında söhbətə kimin dəvət olunması uğuru təmin edən hər şeydir. Telejurnalistikamızın uğurlu aparıcıları sırasında olan Vəsilə Vahidqızının proqram uğurları xeyli dərəcədə həm də bu cəhətə diqqəti ilə ölçülür.

Zaur BABAYEV
Filologiya üzrə fəlsəfə doktoru, dosent

 





30.12.2015    çap et  çap et