525.Az

Sanballı yaradıcılıq faktı... Və şəxsiyyət...


 

Sanballı yaradıcılıq faktı... Və şəxsiyyət...<b style="color:red"></b>

Fırtınadan sonrakı dəniz
            sakitcə düşünər öz dəli halını –
Birdən ürpənər,
        titrəyər,
dərinliyindən bir son dəli dalğa şahə qalxıb
çırpar üzünü üzümə.
Sonra sakit-sakit
     düşünər başına gələnləri –
Ağlayar dəniz,
sinəsindəki muncuq-muncuq göz yaşlarıyla...

Sadədir! Gözəldir! İnsanın ağlını, ruhunu alıb gedən məzərədir! Bir həyat fəlsəfəsidir! Nəhayət, əsl poeziya nümunəsidir!..

Rəşad Məcidin misralarıdır...

***

Rəşad Məcid yaradıcılığı ilə tanışlığım da onun əsl poeziya nümunələri olan şeirləri ilə başlayıb...

Çətin vaxtlarda təsis etdiyi, qurduğu, müstəqil Azərbaycan mətbuatının yeni səhifəsi olan, ona yeni nəfəs gətirən “525-ci qəzet”in ilk saylarından ta bu günə kimi sadiq oxucusuyam, indi də həftə içi nömrələrini demirəm, amma hər şənbə nömrəsini mütləq alıram... 

Baş redaktor kimi də qapısını döymüşəm. Hər kəsə taybatay açıq olan bu qapıdan çəkinə-çəkinə girsəm də, böyük hörmətlə qarşılanmışam. Hədsiz diqqət görmüşəm... Söz düşmüşkən, ”525”də ilk yazım Xocalı haqqında olub...

Rəşad Məcid “10 sentyabr” hekayəsi ilə ağladıb məni...

Bir “balaca boyu, dam dolusu toyu” olan “Dəlicəsinə”dən sarsılmışam. Həm də çox utanmışam...

Kitablarını, müsahibələrini birnəfəsə, su içimi kimi oxumuşam. Haqqında böyük səmimiyyətlə yazılan saysız-hesabsız yazılara diqqət kəsilmişəm...

Teleradiolardakı çıxışlarını zövqlə dinləmişəm...

Və... “Rəşad Məcid haqqında niyə bu qədər çox yazırlar? Akademik İsa Həbibbəylidən, professor Cahangir Məmmədlidən, yazıçı Anardan, Elçindən... tutmuş əlinə yenicə qələm alan gənc yazarların, jurnalistlərin də Rəşad Məcidi seçmələrinin sirri nədədir?” sualına cavab tapmışam.

Məncə, Rəşad Məcidi bu qədər sevdirən və bu qədər gündəmdə saxlayan tək bir səbəb var: “RƏŞAD MƏCİD TUTARLI, SANBALLI YARADICILIQ FAKTIDIR! VƏ ŞƏXSİYYƏTDİR!..” Artıq kimsə bu faktı dana, inkar edə bilməz...

***

Etiraf ediləcək bir həqiqət də var: bu gün Azərbaycan ictimaiyyəti, Azərbaycan ədəbi mühiti Rəşad Məcid yaradıcılıq faktoruna, Rəşad Məcid imzasına, Rəşad Məcid şəxsiyyətinə, Rəşad Məcid ziyalılığına, Rəşad Məcid insanlığına yaxşı bələddir. Səbəbsiz deyil bu. Rəşad Məcid 1992-ci ildə 28 yaşında mükəmməl qəzet ortaya qoya bilib. Yeni mühitdə, yeni dövrdə, həm də çox çətin, çox mürəkkəb bir zamanda yeni qəzet yaratmaq, mətbuatı yönəltmək, ciddi oxucu auditoriyası qazanmaq asan gəlməsin. Yazıçı Anarın təbirincə desək, o, ““525-ci qəzet” kimi ucuz, dedi-qodulardan, qərəzçilikdən uzaq, mötədil, obyektiv və səviyyəli mətbuat orqanını yaratmış və çətin şəraitdə yaşatmışdı”. Bəli, Rəşad Məcid bu qəzetdə, obrazlı desəm, sözlə sözün yeni mənzərəsini təqdim edib, bütün təbəqədən olan oxucuların zövqünü oxşayıb, ictimai rəyin formalaşdırılmasında əvəzsiz rol oynayıb, ziyalıları öz ətrafına toplayıb, qələmli gənclərə meydan açıb, yeni istedadlar yetişdirib, yüzlərlə jurnalistə “vəsiqə” verib, hətta bu istiqamətdə, az qala bir Universitetin işini görüb. Bu qəzet haqqında “akademik” fikri akademik İsa Həbibbəyli söyləyib: “Çoxspektrli mətbuat orqanı olan “525-ci qəzet” Rəşad Məcidin Azərbaycan milli mətbuatının inkişafında tarixi xidmətidir.” Cəmiyyət də qəzetə çox dəqiq və halal qiymət verib: “525-ci qəzet” “yeni jurnalistika məktəbi”dir. Tam əminliklə demək olar ki, qəzet indi də eyni statusu daşımaqda, zərrə-zərrə topladığı nüfuzunu yeni media dövründə də fədakarlıqla qoruyub saxlamaqdadır. Ziyalılar, oxucular, söz bilənlər bir fikirdə də yekdildir: “525-ci qəzet” “mətbuatımızın siması” olmaqla yanaşı, Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin, Azərbaycan ictimai fikrinin də aynasıdır. Sanballı söz adamları, görkəmli ziyalılar, sayılıb-seçilən imzalar öz əsərlərini ən əvvəl bu qəzetin səhifələrində görmək istəyir, bu qəzetin səhifələrindən oxucularına təqdim edirlər. Bu, “525-ci qəzet”ə böyük İNAMdan irəli gəlir. Axı, kim oxucu auditoriyası olmayan, oxunmayan, gərəksiz “kağız parçası”na çevrilən qəzetdə çap olunmaq istəyər?.. 

“525-ci qəzet”, heç şübhəsiz, hər şeydən əvvəl, “Rəşad Məcid jurnalistikası”, “Rəşad Məcid publisistikası”, Rəşad Məcid “məktəbi”dır. Yenə akademik İsa Həbibbəyliyə müraciət etməli oluram. Təsadüfi deyil ki, görkəmli alim onu “müstəqillik dövrü Azərbaycan publisistikasının əsas yaradıcılarından və görkəmli nümayəndələrindən biri” kimi səciyyələndirir. Xalq yazıçısı Elçin də Rəşad Məcidi “istedadlı şair, istedadlı publisist, istedadlı ədəbiyyatçı” kimi xarakterizə etsə də, “Ancaq mənim üçün Rəşad, ilk növbədə gənc və istedadlı bir redaktordur” deyir...

***

“İstedadlı şair, istedadlı publisist, istedadlı ədəbiyyatçı” Rəşad Məcid indiyədək kamil ədəbi nümunələr yaradıb. İstər poeziyada, istər nəsrdə, istər publisistikada heyrətləndirə bilib. Gözəl şeirlər yazıb və yazır. Məbəd saydığı Yazıçılar Birliyinin katibi kimi də olduqca bacarıqlıdır, gənc ədəbiyyatçılar, gənc yazarlarla işi də hədsiz diqqət çəkir, yaratdığı və rəhbərlik etdiyi Gənc Ədiblər məktəbi ədəbiyyata istedadlı gənclər gətirib. İctimai fəaliyyəti də qaynardır. Gündəlik müxtəlif tədbirlərdə hər kəsdən daha çox “görünür”. Hətta vacib, faydalı tədbirlərin təşkilatçısı və təqdimatçısıdır. Həm də müəllimdir. Təkcə, “525-ci qəzet”də yox, BDU-nun jurnalistika fakültəsində də dərs deyir. Və görən görür ki, bir yerdə “dayanan” deyil Rəşad Məcid. “Onu həmkarlarının və yaşıdlarının bəzilərindən fərqləndirən əsas cəhət təvazökarlığı, yüksək daxili mədəniyyəti, özünü sözlə danışmaqla deyil, ilk növbədə, əməli işlə təsdiq etmək bacarığıdır.” (Anar). Məhz bu bacarıq, bu qabiliyyət, bu qaynarlıq, bu çeviklik onun ictimai nüfuzunu da şərtləndirir, onu gündəmdən düşməyə qoymur. Hər gün, demək olar ki, müxtəlif mətbu orqanlarında, saytlarda Rəşad Məcid haqqında hansısa xəbərə, informasiyaya rast gəlirsən, publisistik yazılarını, olduqca səmimi müsahibələrini oxuyursan, aktual mövzulara münasibəti ilə tanış olursan. Hətta bəzən onun mürəkkəb hadisələrlə bağlı şərhlərini, gözləmə mövqeyi tutmadan birbaşa söylədiyi fikirlərini “top atəşi”nə tutanlar, onu qınaq obyektinə çevirənlər, onu “asıb-kəsənlər”, ondan küsüb-inciyənlər də olur. O isə həsəd aparılacaq təmkini, ağıllı, tutarlı arqumentləri ilə ciddiliyini, mövqeyini qoruya bilir. Və çox vaxt da HAQLI olduğu üzə çıxır...

Bu gün Rəşad Məcid telekanalların, radioların da arzulanan qonağıdır. Bu qonaq da hər kəsə bənzəmir, hamı kimi deyil: özüdür, olduğu və göründüyü kimidir, sadədir, səmimidir, “oynamır”. Nə deyib, nə danışdığının fərqindədir, nəyinsə xatirinə söz demir, fikirlərini açıq söyləyir, məntiqlə və cəsarətlə danışır. Amma situasiyaya, mövzuya uyğun, gah emosionaldır, gah soyuqqanlı, gah qəzəblidir, gah təmkinli, gah fərəhlidir, gah qəmgin. Hərdən ciddidir, hərdən də romantik... Müsahibələrindən birində etiraf edib ki, xarakteri ziddiyyətlidir. Amma o, hər halı, hər ovqatı ilə də oxucunun, tamaşaçının, dinləyicinin sevdiyi, qəbul etdiyi personadır. Çünki YARADICIdır...

***

“Bütün yönləri ilə yaradıcı”dır Rəşad Məcid. Klassik və çağdaş ədəbiyyatımızın təəssübkeşi, cəfakeşi, ustad tədqiqatçı, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bu faktı Rəşad Məcid haqqında yazdığı əsərin təkcə adı ilə elə dolğun xarakterizə edib ki... Rəşad Məcidin ictimai-ədəbi fəaliyyətinin, yaradıcılığının dərin elmi təhlilinə həsr olunan “Bütün yönləri ilə yaradıcı” kitabı, bütövlükdə ona verilən ən böyük qiymətdir. Akademik araşdırma obyekti kimi Rəşad Məcidi təsadüfən seçməyib, heç şübhəsiz, Rəşad Məcid çoxşaxəli fəaliyyəti, yaradıcılığı, şəxsiyyəti, ziyalılığı, insanlığı ilə alimin diqqətini çəkib, nəticədə, belə bir dəyərli tədqiqat əsəri yazılıb. Və elə yazılıb ki, artıq bu əsərin özü geniş müzakirə obyektinə çevrilib, əsərlə bağlı mətbuatda bir-birinin ardınca maraqlı yazılar dərc olunub. BDU-nun professoru Cahangir Məmmədli də “Bütün yönləri ilə yaradıcı”ya biganə qala bilməyib, akademikə “açıq məktub” da ünvanlayıb. “Kitabınız məni Mirzə Cəlilə həsr etdiyiniz tədqiqatlarınız qədər sevindirdi. Söhbət yaradıcılığına və insanlığına, azərbaycançılığına qibtə etdiyim, Qarabağ dərdinə sonsuz nigarançılığına görə çox-çox çox istədiyim Rəşad Məcidin ədəbi fəaliyyətinə həsr etdiyiniz “Bütün yönləri ilə yaradıcı” adlı kitabınızdan gedir. Məni bu kitabla bağlı ən çox təəccübləndirən cəhətlərdən biri bu günkü min bir işinizin içində, xalq dili ilə desək, iki daşın arasında hələ bizim gənc hesab etdiyimiz, hələ ədəbi yaradıcılığın, bəlkə də, başlanğıcında olan, hələ böyük ədəbiyyat vəd edən bir şair-yazıçı-publisist haqqında bütöv bir kitabı ərsəyə gətirməyiniz oldu. Həm də bu darmacalda Rəşad Məcidin poeziyasını, nəsrini və publisistikasını bu qədər səbrlə oxumağınız, bu qədər dərin elmi təhlillərə cəlb etməyiniz, bu yaradıcılıq faktını belə aydın izah etməyiniz mənim ürəyimdə bir qürur hissi yaratdı. Bir tərəfdən, ona görə ki, bu kitab mənim keçmiş tələbəm, kafedramızın güvəndiyi bir müəllim, yaradıcılığına pərəstiş etdiyim, jurnalistikası hamıya nümunə ola biləcək dostum Rəşad haqqındadır, digər tərəfdən ona görə ki, bu kitabı Naxçıvan Dövlət Universitetində az-çox birgə fəaliyyətimizlə, mənim də yaradıcılığıma verdiyi qiymətlə öyündüyüm akademik İsa Həbibbəyli ərsəyə gətirmişdir.” Bu sitat bir tərəfdən akademik İsa Həbibbəyliyə dəyərli kitabına görə minnətdarlıq duyğusunun ifadəsidirsə, digər tərəfdən, bəlkə də, daha çox Rəşad Məcidə, Rəşad Məcid yaradıcılığına münasibətin göstəricisidir. Sitatdakı seçimlər mənə aiddir. Və bunu təsadüfən etməmişəm. Rəşad Məcid haqqında çox böyük ürəklə söylənən bu fikirlərin müəllifi biz jurnalistlərin hamısının sevimli müəllimi, professor Cahangir Məmmədlidir. Və hamımız da yaxşı bilirik ki, o, hər kəs haqqında belə danışmır!..

AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun Rəşad Məcid haqqında məqaləsi də diqqətimi çəkdi. “Əgər akademik İsa Həbibbəyli bütün tərəflərilə, həqiqətən, dəyərli olan “Bütün yönləri ilə yaradıcı” məqaləsini çap etdirməsəydi, yəqin ki, mən Rəşad Məcid haqqında yazmağı hələ beş-on il gecikdirəcəkdim” deyən professor əvvəlcə düşünür ki, “akademik elə yazıb, ...elə təhlil edib ki”, sanki “söz qalmayıb”. (Əslində, mən də elə düşünürdüm! – F.N.) Bu fikirdən sonrakı tək bircə cümlə isə Rəşad Məcidi çox tam ifadə edir: “Ürəyi dünya qədər geniş bu yazıçı, jurnalist, ictimai xadim (və ziyalı!) barəsində həmişə yazmaq (və düşünmək!) üçün nə qədər istəsən, material var. ...Rəşad Məcidin şəxsində (timsalında!) təzahür edən çoxmiqyaslı (və çoxşaxəli) istedad, yaradıcılıq enerjisi yalnız bir nəfərə məxsus fərdi, subyektiv (və “qapalı”, mücərrəd) bir hadisə deyil, bütövlükdə bütün ictimai mütəvazeliyi ilə mənsub olduğu xalqa, cəmiyyətə məxsusdur.” Rəşad Məcidə verilən daha bir dəqiq və sanballı qiymət...

***

“Söz onun taleyidir” (Anar). Rəşad Məcid sözün qədrini bilir, onu ucuz tutmur, “candərdi, yazmaq xatirinə” yazmır, yazır və elə yazır ki, yazdıqları “möhür”ə dönür, hadisəyə çevrilir. O, olanları yazır, yaşananları yazır. O, “yaşananları” ütüsüz-sığalsız, bəzəksiz-düzəksiz “yazılanlar”a çevirir – çox sadə və aydın şəkildə, həm də çox mükəmməl. Bu fikir onun nəsrinə də, publisistikasına da, poeziyasına da aiddir. Çox sevdiyim tənqidçi Bəsti Əlibəylinin dediyi kimi: “Aydınlıq. Sadəlik. Sadəlikdə ciddilik. Və realizm. Bu dörd ünsürün vəhdəti Rəşad Məcid nəsrinin qısa formulasıdır”. Onun yazdıqlarını sevdirən də, yəqin ki, elə ən çox bu “formuladır”.

Rəşad Məcidin elə hekayələri, elə məqalələri, elə şeirləri var ki, ondan bir filmin təəssüratını alırsan, oxuyandan sonra, sanki bir filmə baxmış kimi olursan. Qəhrəmanlar, kadrlar, epizodlar gözünün önündən çəkilmir. Elə “10 sentyabr”ın özü. “10 sentyabr” ədəbiyyatın qapısını ehmalca döydü, sakit, səssizcə içəri gəldi, anşlaqla qarşılandı, əl-əl gəzdi, dil-dil dolaşdı. Az zamanda hamı ondan danışdı, hamı onu müzakirə etdi, hamı ondan yazdı. DƏYƏRdi!.. Yazıçı Aqil Abbas “10 sentyabr”ı oxuyandan sonra özünəməxsus tərzdə müəllifə belə yazmışdı: “...Var ol! Ə, sən yazıçıymışsan, xani xərab! Yaz belə şeyləri də!..”. 

Tez bir zamanda geniş əks-səda doğuran, müxtəlif dillərə tərcümə olunan “10 sentyabr”da “siyasi reallığı bədii reallığa” çevirməsi müəllifin böyük uğuru kimi qiymətləndirildi. O, bu balaca hekayəsi ilə çox böyük “həqiqətləri”, çox böyük “haqsızlıqları” dilə gətirdi. Həqiqətən, “10 sentyabr”da “...yazıçı çağdaş dünyanın ən həssas damarını da, şübhəsiz, tutub və dünyanı, bəşəriyyəti ədəbi ustalıqla əks etdirməyə nail olub” (Bəsti Əlibəyli). Hekayədə hadisənin baş verdiyi dövrün və həyatın acı reallığı, mövcud ictimai gerçəklik, azərbaycanlı taksi sürücüsünün çətin durumu, lakin bu çətin duruma rəğmən gözütoxluğu, dürüstlüyü, əksinə, amerikalı ər-arvadın bu mənəvi keyfiyyətlərdən çox-çox uzaq olması o qədər ustalıqla və realistcəsinə təsvir olunur ki, mövzu da, qəhrəmanlar da, nəticə də uzun müddət oxucunu düşündürür, təsirləndirir, yaddaşından çıxmır. Elə məhz yazıçının istedadı, zəngin müşahidə qabiliyyəti, bu bacarıqdan ədəbi müstəvidə məharətlə istifadə etməsi, sadə təhkiyəsi, ən əsası, mövzunun aktuallığı, ədəbi-bədii yükü, bədii-fəlsəfi gücü onun “21-ci əsr Azərbaycan ədəbiyyatının ilk uğurlu realist hekayələrindən biri” kimi qalmasını təmin edir. Və həm də yazıçının ədəbiyyatımızdakı yerini dəqiq müəyyən edir: ““10 sentyabr” hekayəsi yetər ki, müəllifi çağdaş nəsrimizdə layiqli yer tutsun” (Anar). Məncə, “10 sentyabr”dakı “tipik azərbaycanlı obrazı” – taksi sürücüsü isə, ümumilikdə, ədəbiyyatımızın yaddaqalan “qəhrəman”larından, obrazlarından biridir. Şəxsən mənim “10 sentyabr” təəssüratım o qədər güclüdür ki, o taksi sürücüsü ehtiyacdan büzüşmüş dərdli vücudu, min bir qayğı ilə yüklənmiş siması, “arvadının, uşaqlarının sual dolu baxışları”na baxa bilməyən qəmli gözləri, amma bütün bunların fonundakı mərdliyi (sürücü tanışlarına qonaqlıq verməsi) ilə hələ də gözümün önündədir...

Rəşad Məcidin ədəbi uğurunun əsas səbəblərindən biri “yazıya, ədəbiyyata barmaqarası” baxmaması, “ədəbiyyatı çox böyük hadisə, məsuliyyətli bir iş” saymasındadır: “Mən 2003-cü ilin fevral ayında “10 sentyabr” hekayəsini dərc edəndə, özümdə belə bir dərin inam var idi ki, bu hekayə ilə Amerikanın İraqa qarşı hücumunun qarşısını alacam. Mən ədəbiyyata bu cür baxıram. Ədəbiyyata insanların, cəmiyyətin həyatını dəyişə biləcək, təsir edə biləcək böyük bir güc, ilahi bir qüvvə kimi baxıram...” Budur yazıçının ədəbiyyata baxışı və haqlı mövqeyi. Və onun “10 sentyabr”ı, məhz belə təsir gücünə malik ədəbi nümunələrdən biridir...

***

Eləcə də “Dəlicəsinə”nin özü!.. Sözün düzü, Rəçad Məcidin məşhur “Dəlicəsinə” essesi “10 sentyabr”dan da betər ağrıtmışdı məni. Sarsılmışdım, ağlamışdım, utanmışdım. Və mənə elə gəlmişdi ki, sanki Qarabağ uğrunda bir savaş filminə baxdım. Həm də təkcə baxmadım! Vallah, pafoslu görünməsin – elə bil özüm də əlimdə silah vuruşa-vuruşa Ağdama, evimizə tərəf qaçırdım!..

Budur, ədəbiyyatın, sözün gücü!..

”Dəlicəsinə” – Qarabağ dərdinin yanğısı ilə yazılıb. Bu yanğı bizim də üzümüzü qarsır. Və Qarabağ mövzusunda yazılan irihəcmli əsərlərdən çox “tərpədir” insanları. (Düzdür, dolu boyda bir “Dolu” var ortada!..) “Dəlicəsinə” nəyisə istəməyin, arzulamağın ən böyük ölçüsüdür, ən böyük miqdarıdır. “Allah dəlicəsinə istəyənlərin yanındadı! Dəlicəsinə istəsən, istəyinə çatassan! Sən – son model maşına, sən – məşhur olmağa, sən – fəxri ada, sən – dəbdəbəli evə, sən – gözlədiyin adama, sən – sevdiyin insana, sən – ...! Siz – arzuladığınız torpağa!!! Ona görə çatmırıq ki, dəlicəsinə istəmirik!..”

Böyük müdrikliklə ən sadə həqiqəti anladır Rəşad Məcid. Hər şeyi dəlicəsinə istəyən, dəlicəsin sevən, dəlicəsinə arzulayan bizlərdən Vətəni, torpağı, yurdu, evimizi, QARABAĞı da eyni istəklə istəməyi tələb edir bu ƏSƏRlə. Və haqq edir!.. “Dəlicəsinə istəyin peyvəndi Qorxudu! Peyvənddən qaçın! Dəlicəsinə sevin! Dəlicəsinə istəyin! Dəlicəsinə müqavimət göstərin! Dəlicəsinə mübarizə edin! Çatacaqsınız!..”.

“Dəlicəsinə” Rəşad Məcidin sonsuz vətənpərvərliyindən, sönməyən Qarabağ yanğısından, Qarabağ nisgilindən və həssaslığından qaynaqlanır. Onun poeziyası da həssaslıqla “Ard-arda düzülən söz çələngi”ndən ibarətdir...  

***

Bu söz çələnginin biri isə – “Bir də gəlməyəcək”...

Günlərdən bir adi gün idi,
Sonra tarixə çevrildi.
Üstü torpaqlanmış köhnə duyğular
yenidən dirildi.
Yaxşımı? Yaxşı!..

Gözəl olanı təqdim etməyə ehtiyac olmur heç vaxt: gözəl özü özünü təqdim edir, özü haqqında hər şeyi özü söyləyir. Gözəl şeir də belədir...

Gözəllər tək-tək doğulur, gözəl şeir də ayda, ildə bir dəfə yazıla, ya yazılmaya...

Gözəli ALLAH yaradır, gözəl şeiri isə İSTEDAD...

”Bir də gəlməyəcək”... Onun da müəllifi İSTEDADdır. Bu İSTEDADın bal arısı tək zərrə-zərrə topladığı “şan” hər şeydən əvvəl adı ilə maqnit kimi çəkir adamı. Vərəqləri çevirdikcə isə şeirlər orijinallığı, qeyri-adiliyi, məna yükü ilə oxucunu cazibəsinə salır. Bu şeirləri bir dəfə oxuyub ötmək olmur, təkrar-təkrar qayıdırsan onlara. Və bir daha bu qənaətə gəlirsən ki, istedad yaradıcılıq üçün mühüm faktordur. Bu istedadı verən isə Allahdır. Rəşad Məcid özü də bunun fərqindədir...

Mənə də lütf edib öz kərəmini,
Yenidən yolladı öz qələmini.
Yaşlı gözlərimin silib nəmini,
Oturdub diz üstə dastan yazdırır.

Tanıdım üzünü, duydum rəngini,
Hiss etdim göylərin bu ahəngini.
Ard-arda düzülən söz çələngini,
Özüm yazmıram ki, yazan yazdırır...

Yazdırana min şükür! Hamıya belə səxavətlə istedad vermir ki! Böyük Yaradandır yazdıran! Rəşad Məcidə “söz çələngi”ni də O, “yazdırır”...

***

Amma onun şeir yazması tamam fərqlidir. O, şeiri “insan vəziyyətinin anormal halı” hesab edir. “Bəzən olub ki, 15 il şeir yazmamışam. Şeir ovqatı ayrıdır” deyir. Onun “şeir ovqatı” “21 yaşının son gecəsində” gəlir, “Bir sirli gecənin qanadlarında” gəlir, “gecə qara pərdəsini” endirəndə, “darıxanda”, “ürəyi partlayanda, qəlbi təlatümə gələndə” gəlir, “söz oyunu” başlayanda gəlir, “baharın yolları qışdan” keçəndə gəlir. Bəzən “Əlim qələm həsrətində – vaxtıma yazığım gəlir” deyə heyfslənir, bəzən ”Hələ ki, vaxt var” deyə təsəlli tapır. Bəzən də kədərlənir: “Baharım gəlməmiş gəldi payızım, Sevgim çiçək açmaz bundan o yana” deyir. Bəzən də “öləziyən şam”ın işığında nikbin notlara köklənib: “Bu kədərin qarşısında bir dağam, Bu kədərin qarşısında əyilməm” söyləyir. O, şeiri, həm də “yüz-yüz təzə sual yaylıq” yelləyəndə yazır, “cavabını tapmadığı suallar”a ünvanlayır: 

Düşünməkdən yağmalandım, talandım,
Bəlkə, elə uydurmadı, yalandı?
Belə getsə, axirətə qalandı –
Cavabını tapmadığım suallar...

“Şeir ovqatı” ilə yazılan şeirlər onun həyat, təbiət, torpaq, yurd, bayraq, insan, onun sevgisi, xatirələri, hiss və duyğuları haqqında düşüncələridir, “daxili monoloq”larıdır. Və köksündən qopan bu çırpıntılar artıq təkcə özünə məxsus olmur, oxucusunun da beyninə, qəlbinə nüfuz edir, yaratdığı təəssürat isə tezliklə əriyib yoxa çıxmır, müəlliflə oxucu arasında mənəvi körpüyə çevrilir, onları “doğmalaşdırır”...

Bayraq sevgisi ilə yazılan şeirlər çoxdur. Amma Əhməd Cavadın “bayraq sevgisi” ruhumu titrədib həmişə:

Çoxdandır ayrı düşdüm,
Üç boyalı bayraqdan.
A dostlar, mən yoruldum,
Bu gizli ağlamaqdan...

Rəşad Məcidin “Bayrağım” şeiri də, bax bu misralar qədər duyğulandırıb məni. Çünki onun “bayraq sevgisi” də özünəməxsusdur. “Standart” bayraq şeirlərindən deyil! Bayrağı “beyninə həkk edib, “ürəyinə sarıyan”, başının üstünə qaldırıb saxlayan, əyməyən, başının üstündən yerə qoymayacağına and içən şair:

Sənə təşnəyəm, acam –
əlim-qolum yorulsa,
dişimlə saxlayacam.
Gücü çatmaz
Daha nəsə tərpədə,
            Kimsə əyə...
Dalğalan,
əs,  
açıl yelkən kimi
gedək gələcəyə! –

deyir. Məncə, təkcə şeir yox, bayrağa yazılmış ən gözəl nəğmədir bu, musiqisi də özündən süzülür, bəstəkarını “səsləyir” ki, onu ipə-sapa düzsün...

***

Rəşad Məcidin özünün mirvari kimi ipə-sapa düzdüyü “Bir də gəlməyəcək” – bu, müxtəlif mövzulu gözəl şeirlər toplusunu oxuyub başa vuranda gözümün önündən çəkilməyən ən çox iki “obraz” vardı. “QARABAĞ” və Şuşa, Laçın, Ağdam “getdiyində” “doğma şəhərimin itkisinə üç gün ağladım – keyləşib qaxaca döndü sol qolum” deyən, hər gün, hər saat bütün varlığı ilə Qarabağa can atan, “doğulduğu kəndin, oxuduğu məktəbin, yaşadığı evin, uşaqlığının keçdiyi yerlər”in azadlığını hər şeydən çox arzulayan, “Şuşaya getmək” üçün təşnə olan Rəşad Məcidin obrazı...

Hər iki obraz mənə çox “tanış”dır, çox “doğma”dır. Bu “doğmalıq” od olub yandırır adamı. Yandırır, ona görə ki, o yerlər mənə də yad deyil, o yerlər mənim də yurdumdur, o havadan mən də udmuşam, o gözəllik, o gözəlliyin zirvəsi olan Cıdır düzü mənim də göz yaddaşımda, Rəşad Məcidin dediyi kimi, “tarixin möcüzə sərgisi” kimi qalıb...

Dərədə möcüzə, dağda möcüzə,
Torpağa bu qədər vurulmamışdım.
Gözəllik önündə heç vaxt, heç vədə
Belə təzələnib durulmamışdım.
...Bu yurd yaddaşımda qalacaq mənim –
Tarixin möcüzə sərgisi kimi...

Və, nə yazıq ki, o “möcüzə sərgi” bu gün gözlərimizi sevindirmir, əksinə, Rəşad Məcidin misraları ilə qəlbimizi parçalayır.

Sən, dostum, Ağdamdan danışma mənə,
Sən də heç Laçından, Şuşadan demə.
Məni yandıracaq xatirələri,
Sakitcə pıçılda, ucadan demə...

“İnildəyən, sızıldayan nəğmələr”dir Rəşad Məcidin Qarabağlı şeirləri. Təbii, bu şeirlərində nisgildən qurtula bilmir Rəşad Məcid. Bəlkə, elə bu səbəbdən də “öldüm yaza-yaza bu şeirləri” deyir...

Davadan nə qaldı? –
Tənhalıq közü,
Atasız övladlar, sarsıntı, kədər...
Bu günsə göynədər, göynədər bizi
Ünvansız kəlmələr, yetim kəlmələr.

...Bir “əmi”kəlməsi qopdu dilimdən,
Sinəmdən burula-burula çıxdı.
Buz kimi soyuqdu – ürək göynədən,
Göynədi – qırıla-qırıla çıxdı...

Nisgilinin açığını sözdən çıxır Rəşad Məcid. Yazdıqca da ürəyi soyumur, acısı azalmır, bu acı oxucunu da yedəyinə alıb özü ilə o ilkinliyə, o müqəddəsliyə aparır...

Unuda bilmirəm: uşaqkən qumdan
Qurduğum qalanı sular apardı.
O itki heç zaman çıxmır yadımdan –
Çığırdım, qışqırdım, şivən qopardım.
Mənim çox qalama o vaxtdan bəri
İldırım şaxıyıb, dolu tökülüb.
Doğma şəhərlərim viranə qalıb,
Uşaqlıq evlərim daş-daş sökülüb...

Yazır, amma yazdıqca da fikri-zikri ordadır, ağlını, düşüncəsini, ruhunu zəbt eləyən, bir an da olsun tərk etməyən o ilkinlikdə...

...Qaytar o əvvəlki səadətimi,
Qaytar bəxş etdiyin baharı, bülbül.
Gəzim qarış-qarış, addımbaaddım,
O gözəl, o əziz diyarı, bülbül.
Yenə səsin gəlsin, qoy qanadlanım,
Qalxım nəfəsinlə yuxarı, bülbül –
Xarıbülbül!..

Yurd yerləri ilə bağlı hər şey xatirindədir. Xatirindən silinən bircə məqam belə yoxdur...

Zirvəyə can atan o cığır, o iz,
Güneyə, quzeyə sevinc çiləyib.
Uzaqda qızaran lalə dənizi,
Dağların qoynunu qana bələyib.

Təbiət varını yığıb elə bil,
Bu yerdə torpağa, daşa çiləyib.
Köçürüb heç hara aparmaq olmur –
Dağlar gözəlliyi əsir eləyib.

Sözlə çəkilən daha bir heyrətamiz mənzərə. Mütləq qarşısında ayaq saxlamalı, gözdolusu sevinib, ciyərdolusu nəfəs almalı olursan! Biganə keçə bilməzsən... Amma Rəşad Məcidin yadında qalan təkcə “dağların əsir elədiyi” o gözəllik, o füsunkarlıq deyil. O illərin ən məhrəm xatirələri, ən sevimli insanları da misralarına köçüb. “Mən əlini buraxmazdım” bölümündəki eyniadlı şeir həmin xatirələrdən biridir. Bu işıqlı xatirə, bəlkə də, hər kəsin ilk gəncliyində, yeniyetməliyində yaşadığı, amma hər kəsin də bu qədər səmimiyyətlə etiraf edə bilmədiyi bir unudulmaz xatirədir...

Yadımdadı o dağ döşü, o bahar günü,
Yadımdadı ilk gəncliyin uşaq oyunu.
Əvvəl-əvvəl paralanıb, iki bölünüb,
Bir “bənövşə” kəlməsiylə ortaq oyunu.
Bir səadət işığıydı üstümə düşən,
Sol əlimdə sağ əlinin istisi vardı.
Gəlib-gəlib bir oyunda qəfil birləşən,
Bu əlləri tale çətin aralayardı.
...Mən əlindən bəxtim kimi tutmuşdum o dəm,
Düşünürdüm, bu əlləri ayıran olmaz...
...Mən əlini buraxmazdım heç zaman, gülüm,
O zərbədən sənin əlin ağrımasaydı...

Əzab qarışıq sevinc, sevinc qarışıq kədər, xəfif bir nisgil, bir xiffət – üçünün bir arada bu cür uğurlu əksini də hələm-hələm tapmaq asan deyil...

***

Rəşad Məcidin Vətənə ünvanlanan misraları da təptəzədir. Vətəni “dərəsi, təpəsi, düzü, dağıyla” köksünə, qəlbinə yerləşdirən şair:

Açıb qollarımı qucaqlayaram,
Sıxaram köksümə genişliyini.
Çən kimi çökərəm, su tək hoparam,
Bu yurd sinəsində bitirər məni...

deyir. Erkən gənclik illərində bu mövzuda yazılan şeirləri “Babalarım torpaq olub” silsiləsi birləşdirir. O, yurd yerlərini bir “Yaylaq duyğuları” ilə dolaşır. Son dərəcə təsirli bu duyğular oxucunun gözləri önündə bənzərsiz tablolar yaradır. Diqqət edin, “Yurd yeri”ndəki o tablonu siz də görəcəksiniz. Və nə o tablonu, nə də o tablonun “söylədiklərini” heç zaman unutmayacaqsınız... 

Burda,
bu qoca palıdın kölgəsində
                binə qurarmış babamın babası.
                Çubuq-keçə alaçığı
çiçəklərdən əvvəl açarmış
hər yaz ağzı.
Burda,
                bu qoca palıdın kölgəsində
                binə qurardı babam.
Taxta çadırı
çiçəklərlə qoşa açardı hər bahar.

Burda,
bu qoca palıdın kölgəsində
binə qururuq.
Dəmir çadırımız
çiçəklərdən sonra açır –
yayın ilk ayı.
            Çubuqların
            taxtadan dəmirə döndüyünü,
            Yurd yerinin
            Nəsildən-nəslə söndüyünü
            Palıd duyur, palıd bilir.
Və gizli-gizli
            Solğun üzümü süzür bir baxış:
            “Deyəsən,
o çubuq alaçıqlar
bu dəmir çadırlardan
davamlıymış”...          

Yenə də Rəşad Məcidin böyük vətənpərvərliklə və ustalıqla anlatdığı, Rəşad Məcidin qədirbilənliklə xatırlatdığı daha bir böyük həqiqətdir bu!..

Amma bu qədər nisgilin sonunda köksümüzü sevinclə qabardacaq bir işıqlı ümidi də var...

Dəymə, ana,
Dəymə mənə.
Beləcə
            kürəyimi söykəyim
bu yaşıl çəmənə.
Baba nəfəsi axsın qanıma
bu torpağın istisiylə.
Qarışım bu yaşıl çəmənə.
Beləcə gözlərimi yumub açıb;
dumduru səmanı görüncə,
yamyaşıl meşəni görüncə
qaçıb-qaçıb
O dağ zirvəsindən atılaram.
O an
qanadlanıb uçacağıma
Dəli bir ümidim var, anam...

***

Sevgi yeni mövzu deyil, bütün dövrlər üçün aktualdır. Və bu köhnə mövzu da Rəşad Məcidin misralarında yeniləşir. Onun lirik qəhrəmanları gerçək obrazlardır. Sevən, sevgisini etiraf edən, sevgisi yolunda hər cür cəfalara hazır olan, ağrı-acıları enməyi bacaran qəhrəmanlardır. Şair isə öz qəhrəmanlarıının xarakterinə, daxili dünyasına, psixologiyasına yaxşı bələddir...

Qurdun pillə-pillə məni,
Ovundurdun dillə məni.
Sökdün qüllə-qüllə məni,
Dünyam dağıldı, neynirdin?..

Onun misralarında milyonların qəlbinə toxunan könül çırpıntıları yatır, o sanki oxucularla ortaq duyğularını bölüşür. Onun misralarının məna yükü lay-laydır, görünməyən məqamlar gizlənir həmin qatlarda...

Bu cızdağı çıxan xatirələri,
Söyləsəm, bir sapa düzə bilərsən?
Sənə zülm verən, gözdağı verən,
Qaynar cəhənnəmə bir də gələrsən?
Yazmağa nə var ki, sənin halını,
Sən mənim halımı yaza bilərsən?..

Onun səmimi etirafları insanın daxili aləminin mükəmməl təsviridir, məhz buna görə oxucunun duyğularını təzələyir, birbaşa onun ruhuna “köçür”.

Ümidim qalırdı səni görməyə,
O küncdə bir nərgiz topası kimi.
Açdım otağının qapısını mən
Qırxıncı otağın qapısı kimi.

Mən gəlib çatanda getmişdin artıq...

***

Rəşad Məcidin sevdiyi qadın da fərqlidir. O, təkcə zahirən gözəl deyil, bu gözəlliyi tamamlayan dəyərlər var: ağıl, savad, intellekt, mənəvi zənginlik, zəriflik, qadınlıq... Bu qadın “kişini qılıncsız təslim edən, ipsiz asan” qadındır. Bu qadın ağlı və gözəlliyi ilə kişini susduran, onu heyrətdə qoyan, onu bir anda göylərə qaldıran, yaxud bir andaca göylərdən endirib Yerə çırpa bilən qadındır, maraqlı qadındır. Məhz buna görədir ki, şair belə deyə bilir:

Elə möcüzələr yaratmısan ki,
Elə dəqiqələr yaşatmısan ki,
Olmayıb heç onun yüzdə biri də
Nə mənim dünyamda, nə bu dünyada...

Hamının bu cür sevə bilmədiyi, sevib də bu cür dilə gətirə bilmədiyi, dəyər verə bilmədiyi sevginin misilsiz etirafıdır bu...

Sən elə telləri qırıb getmisən,
Sən elə yaralar vurub getmisən.
Təpəri yoxdur ki, dözüb dayansın
Nə mənim dünyamın, nə bu dünyanın...

Bu etirafı dedirdən isə adi qadın deyil, məhz böyük hərflə yazılan “çiyələk Qadın”dır...

Bilmədim iblissən, ya mələk, Qadın,
Ətri, gözəlliyi çiyələk Qadın.
Bir də gəlməyəcək sənin tək Qadın
Nə mənim dünyama, nə bu dünyaya...

Çox ağıllı, sevilən qadın obrazı var Rəşad Məcidin şeirlərdə. Bu, onun qadına ali münasibətidir...

***

“Xatirə axtarır qəlbim bürünə, fikrim arzularda yuva quracaq”, “Köhnə maqnitofon lentləri – ötən günlərimin xatirə toplusu”, “Gecikmiş qar təki qalmadı izim, Gecikmiş qar təki baş qatan oldum”, “Ürəyimin tənhalığı, təkliyi, Misralarla kirisəydi, nə vardı”, “Hələ xəbərin yox, bu yer üzündə, Ömür gözləmədi, ömür – dözümdü”, “göy üzü donunu çırpa bilmədi”, ”altını çəkirəm soyuqluğunun”, “ömür şimşək sürətində” – Rəşad Məcidin poeziyası bu cür dərin məna yükü, çəkisi olan yeni deyimlər, təzə ifadələr, orijinal misralarla dopdoludur. O, çox zaman elə ifadələr tapıb işlədir ki, onlara ilk dəfə rast gəlirsən. Bir sözlə, onun şeirləri dünyaya, həyata, insanlara, gerçəkliyə şairanə baxışın təptəzə, özünəməxsus ifadəsidir, akademik İsa Həbibbəylinin dediyi kimi, “özünəməxsus bir poetik hadisədir”.

Onun şeir yaradıcılığının daha bir spesifikliyi odur ki, şeirlərindən danışarkən hansısa misranı, hansısa bəndi kəsib nümunə tək təqdim etmək olmur, gərək bütöv şeiri nümunə gətirəsən, çünki fikir o qədər bağlı və bütövdür ki, onu “parçalamaq” olmur (“İydə ağacı”, “Qarşıdan bir sona keçdi” və s.)...

Məncə, “Bir də gəlməyəcək” şeirlər toplusu, təkcə son illərin ən yaxşı kitablarından biri deyil. Rəşad Məcidin və bütövlükdə ədəbiyyatımızın böyük uğurudur...

***

Rəşad Məcidin bir uğuru da ədəbiyyata gətirdiyi istedadlı gənclərdir...

Çağdaş ədəbiyyatımızda gənclər arasında çox sevdiyim, yaradıcılıqlarını izlədiyim iki gözəl xanım var: Pərvin və Sevinc Mürvətqızı. Mən onun hər ikisini Rəşad Məcidin “əsəri” hesab edirəm. Ədəbiyyata təqdim etdiyi iki çox qiymətli “əsər”. Pərvinlə şəxsi tanışlığım yoxdur. Sevinc Mürvətqızı Türkiyəyə səfər yoldaşım olub. Dopdolu təfəkkürü, dünyaya, ədəbiyyata baxşı, düşüncəsi, istedadı ilə heyran edib məni. Səfər boyu kirimədi Rəşad Məcid sarıdan. “O, ÖZÜnün və SÖZünün, eləcə də başqalarının zamanının qədrini bilən adamdı. Ali keyfiyyətlərin daşıyıcısı – alicənab, yetkin insan, şəxsiyyət, ziyalı kimi örnəkdir tələbələrinə” dedi.

***

Qarşımda daha bir kitab var: “Cığıracan” Rəşad Məcid: yaşananlar və yazılanlar”. Bu kitabda toplanan hər bir yazıdakı səmimiyyətə layiqdir Rəşad Məcid! Öz qazancıdır! İnsanlığı, yaradıcılığı, şəxsiyyəti ilə!..

O, Azərbaycan ədəbiyyatının içindən çıxıb. Bu gün Azərbaycan ədəbiyyatını yazır. Yazır və parlaq istedadı ilə daha “böyük ədəbiyyat” vəd edir. Bu böyük ədəbiyyat doğma şəhərdə “tarixin möcüzə sərgisi”nin önündə sevinc göz yaşları ilə yazılsın – arzulayıram. Və buna çox inanıram...

Modern.az

 





02.01.2016    çap et  çap et