525.Az

Baş Prokurorluqdan zavoddakı partlayışla bağlı rəsmi məlumat


 

Baş Prokurorluqdan zavoddakı partlayışla bağlı rəsmi məlumat <b style="color:red"></b> Baş Prokurorluq Balakəndə yerləşən zavodda baş vermiş partlayışla bağlı məlumat yayıb.
 
Baş Prokurorluqdan 525.az-a verilən məlumata görə, Balakən rayonunda “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən hadisə ilə əlaqədar Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
 
Dərhal Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz”, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssislərinin və Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.
 
Hazırda rayon Prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, bu gün saat 10:30 radələrində Balakən şəhərindəki “Azəryem Sənaye” MMC-yə məxsus zavodun qazanxanasında partlayış baş verib. Nəticədə 1 nəfər ölüb və 2 nəfər isə xəsarət alıb.

Cavid QƏDİR
 





04.01.2016    çap et  çap et