525.Az

Quzeyli oxuculara Güneydən müjdə


 

Quzeyli oxuculara Güneydən müjdə<b style="color:red"></b>

Bugünlərdə "Ədalət" qəzetinin redaksiyasına zaman-zaman bizimlə əməkdaşlıq edən Hüseyn bəy gəlmişdi.

Təbrizdən qəzetimizin ünvanına böyük bir sovqatla gələn Hüseyn bəy özü ilə birlikdə bizə gözəl hədiyyələr gətirmişdi.
 
Təbii ki, bu hədiyyələr təkcə "Ədalət"ə, "Ədalət"çilərə deyil, bütün Azərbaycana aid idi. Belə ki, Hüseyn bəy özü ilə birlikdə tərcümə etdiyi nəfis bir kitabı - Xalq şairi Məmməd Arazın seçilmiş əsərlərinin birinci cildini gətirmişdi.
 
Tehranda çox gözəl bir şəkildə çap olunmuş bu kitab Məmməd Araz sevərlərin bayram hədiyyəsi olmaqla bərabər həm də o taylı qardaşlarımızın böyük şairimizin zaman-zaman uğrunda mübarizə apardığı Araz sevdasını, cənub nisgilini Arazın o tayında da oxumaq imkanı əldə etməsinə imkan vermişdi.

Bəli, xalq şairimizin  o taylı- bu taylı Azərbaycanda ana dilində oxunmasına böyük ürəklə yaşıl işıq yandırmış və şeirləri sevə-sevə cənublu qardaşlarımıza təqdim edən Hüseyn bəy bizə həm də "Xudafərin" jurnalının bu ilin ilk nömrəsi olacaq sayını da bağışladı. Və biz jurnalın bu sayında da dəyərli söz, mədəniyyət və ədəbiyyat, elm adamlarımızın yaradıcılığı ilə baş-başa qaldıq.

Gördük ki, jurnalın bu sayında Məmməd Arazın, Səməd Vurğunun, professor Qəzənfər Paşayevin, Nizami Xudiyevin, Azər Abdullanın və digərlərinin bir-birindən maraqlı yazıları, şeirləri, məqalələri oxuculara təqdim  olunub.  Yeri gəlmişkən, onu da vurğulayaq ki, jurnalın üz qabığındakı "1945-ci ildə ana dilimizdə olan ilk okul dərsliyi" kitabının bir səhifəsi də çap olunub.

Məncə, bunun özü Arazın o tayında da sözə, ədəbiyyata, mədəniyyətə olan böyük sevginin bir göstəricisidir.

Düşünürəm ki, jurnalın baş redaktoru olan doktor Hüseyn Şərqidərəcək (Soytürk) özünün bu xidmətləri ilə Arazın hər iki tayında oxucunun təkcə diqqətini yox, həm də sevgisini haqq edə bilib.

Əbülfət MƏDƏTOĞLU

 





06.01.2016    çap et  çap et