525.Az

Şövkət Zərin Horovlu - şeirlər


 

Şövkət Zərin Horovlu - <b style="color:red">şeirlər</b>

ƏBƏDİ BAYRAQ KİMİ

Məni Qarabağımın həyatından
Süpürüb atdılar,
Yurdumda yadlar, torpağa haqsızlar
At oynatdılar,
Anamın laylasını, nənəmin duasını
Oğurladılar.
Gözlərimdən Araz-Araz
Dərd sağıldı,
Günahsız körpələr Xocalı doldağının
Acı tüstüsündə boğuldu.
Ümid ağacında lülə-lülə
Güllər bitdi,
Torpağıma mərmilər əkildi,
Babamın ruhu Şuşada dara çəkildi.
Qoca nər,
Yenilməz ər Qarabağımın
Dizləri büküldü.
Amma ayağa qalxacaq,
Qılınca sarılacaq haqq kimi,
Göylərə sancılacaq.
Əbədi bayraq kimi.

lll

Azadlığımı yığmışam
nənəmin toxuduğu,
ilmələrinə dualar oxuduğu
iki gözlü naxışlı xurcununa,
Atmışam çiynimə
Qoymaram bir də düşə, enə,
Dərdi təzələmə, dinə
Bükəcəm bayrağımın maviliyinə,
Öyünəcəm əyilməzliyinə, əbədiliyinə.
Vermərəm daha şimaldan gələn,
Ətəyimə yamaq-yamaq tikilən
Qırmızı don geyinə.
Məlhəm kimi Arazdan ötürəcəm
Ölüm ayağında olan Urmu gölünə,
Təbrizə, Rəşdə, Ərdəbilə.
Gözləri yol çəkən əcəm ellərinə.

lll

Uzaq, yaxın qitələr
Böyük, kiçik ölkələr çəkir məni,
Uşaqlığımda olduğu kimi.
Xəyalən qucaqlamaq istəyirəm bütün aləmi.
Uçan sehirli xalçada
Dənizlərin, okeanların üstündən adlayıb
Yer üzünü qarış-qarış gəzmək həvəsim səngimir,
Qəmi-sevinci, xeyri-şəri ilə
bütün insanları sevmək həvəsim ovunub kirimir,
Sevgi sərhəd bilmir.
Sevgimi insanlarla bölək istəyirəm,
Sonda doğma yuvamda,
əzəli, əbədi dünyamda
ölmək istəyirəm.

lll

Payız yarpağı kimi
Ömür tökülür,
İllər, aylar günbəgün qeybə çəkilir.
Payız duruşumdan, baxışımdan yağır.
Bakirə arzularım köçəri quşlar kimi
Ürəyimdən uçur qərib-qərib, çəkilir,
Ürəyim qışda eyvanımızdan
Lülə-lülə asılan buz parçasına dönür.
Nə atam var, nə anam,
Qızınmağa qucaq axtarıram.
Ayaqlarımın yuxusuna girir
Gəldiyim kənd yolları,
Anamın həsrət qolları, isti qucağı,
Onun da indi mərmi, güllə ilə
Yanır ocağı.
Ümiddən asılmışam
Hörümçək sayağı.
Xəzri küləyi dadıma çatır,
Məni xırç... xırç xışlayır torpağa qatır
Bakımında həyatından
Süpürüb Xəzərə atır.

lll

Heç kim, heç nə məni ovutmur
Ümidi yalın,
Dərdə yanar dağ ürəyimi
Heç nə soyutmur.
Məni kim ovudacaq?
nə bahar küləyi,
nə qar çiçəyi,
nə payız nağılları,
açır ürəyimi,
Kim verəcək diləyimi?
Özüm od qızıyam
Oddur ilkim, əzəlim,
Oddan tökülüb təməlim.
Yana-yana od olub
boyat nisgillərim
aram olmur bir hovur,
sinəmdə çatıb ocaq,
Yaşıl ümidlərimi, çəmən-çəmən arzularımı
İlğıma dönüb cınqır-cınqır qovurur.
Onu kim söndürəcək?
Həsrətim çox uzaq,
Ağrılarım oyuq
Məni kim ovudacaq?
Kim ovudacaq?

lll

Bir payız şeiri yazdım bu axşam,
Sapsarı misralar düzüldü bir-bir.
Payız sükutunda azdım bu axşam,
Payız ovqatına bələndi ömür.

Bir həsrət kövrəltdi şairliyimi,
Qələm söz dililə dərdi ağladı.
Tale sevincimi haram buyurub,
Ağrımı canımda gizli saxladı.

Hələ həsrətimdən boylanır zamana,
Ruh öz dünyasına yollar axtarır.
Dərdim nə xoşbəxtdir, Tanrım, bu axşam,
Gözümdən süzməyə sellər axtarır.

Bu payız şeirimin gözü mürgülü,
Həsrəti upuzun, ağrısı oyaq.
Boyat ağrılarım ömür çəkili,
Bu çiyin yükümü kim daşıyacaq?

Şövkət ZƏRİN HOROVLU

 





06.01.2016    çap et  çap et