525.Az

Cəfər Xəndan dünyası, yaxud unudulan bir rubrikanın işığında


 

Cəfər Xəndan dünyası, <b style="color:red">yaxud unudulan bir rubrikanın işığında </b>

Ötən əsrin 30-cu illərinin sonunda Azərbaycanda yeni bir ədəbiyyatşünas alim yetişir: Cəfər Xəndan Hacıyev.

Uşaqlığı, gəncliyi ağır və məşəqqətli keçib onun. 1918-ci ildə dini ayrıseçkilik zəminində şəhərdə baş verən iğtisaş və qırğınlar üzündən ailə doğma ev-eşiyini buraxıb Gəncəyə üz tutur. Burada da onlarınkı gətirmir. Valideynləri vəfat edir, körpə baçı- qardaş uşaq evində yaşamalı olurlar. Təhsilə, elmə böyük maraq göstərən Cəfər burada Pedoqoji Texnikumu bitirir, 1925-ci ildən onun həyatının Bakı dövrü başlayır. Burada pedaqoji institutun Dil-ədəbiyyat fakultəsində oxuyur. Ali təhsil aldıqdan sonra gənc mütəxəssis müəllim, jurnalist kimi fəaliyyət göstərir, poeziyaya sonsuz həvəs göstərir, bir neçə şeir kitabını çap etdirir...

C.X. Hacıyev 29 yaşında filologiya elmləri namizədi, 38 yaşında elmlər doktoru olur, ədəbiyyat tariximizdə bu gün də elmi-əməli əhəmiyyətini itirməyən sanballı tədqiqat əsərləri yaradır.

Görkəmli alim az yaşadı - ömrünün 50 ilini başa vurdu, 51-in yarısında həyatla vidalaşdı. Alimin ad günundə "Azərbaycan" qəzeti (№104) tanınmış alim, filologiya elmləri doktoru Vaqif Yusiflinin "Ədəbiyyat fədaisi" məqaləsini dərc etmişdi. Bir qədər gec də olsa, bu yazını həmin məqaləyə "sözardı", onunla həmrəylik ifadəsi şəklində oxuculara təqdim edirəm.

lll

Bu görkəmli alimi, sənət fədaisini, dərin biliyə malik ziyalını, az da olsa, hələ orta məktəbdən qiyabi tanıyırdım. 10-cular üçün yazdığı "Ədəbiyyat" dərsliyi (B.1952) şagirdlərə dərin bilik aşılayan tutarlı vəsait idi. Bizdən iki il əvvəl oxuyan şagirdlər bu kitabdan hazırlaşırdılar. Azərbaycan Sovet ədəbiyyatını yaradan bütün korifey sənətkarların, yazıçı və şairlərin, ədəbiyyat xadimlərinin barəsində yığcam oçerk verilir, onların yaradıcılığı təhlil olunur, əsərlərinin qısa məzmunu izah edilirdi.

Dərslik bir növ "fənnin qısa konspekti" rolunu oynayırdı. Əsərlərin məzmunu və təhlili ilə yanaşı, onların elmi-əməli əhəmiyyəti, tərbiyəvi rolu da dərslikdə dolğun əks etdirilmişdi. Qəbul imtahanına yazıdan düşməsi ehtimal olunan əsərlərin təhlili, obrazların xarakteristikası, süjet və ideya məsələləri daha müfəssəl işıqlandırılırdı həmin dərslikdə.

Kitabın titul səhifəsində müəllif barədə təkcə bir yazı - qeyd var idi. "C.X.Hacıyev". Hələ VI-VII siniflərdə oxuyarkən elə bil gələcək həyat yolumu müəyyənləşdirmişdim - müəllim olmaq, özü də ədəbiyyatdan dərs demək arzusundaydım. İstəmirdim "nəslin ənənəsi" pozula; atam da müəllim olmuşdu. Böyük Vətən müharibəsindən əvvəl orduya çağırılmış, qanlı döyüş cəbhələrindən geriyə dönməmişdi...

Bu romantik arzular içərisində sanki gələcək "pedaqoji fəaliyyətimi" götür-qoy edir, gərəkli kitablardan "fond yaratmağa" can atırdım. Çox sevdiyim "C.X.Hacıyev dərsliyindən" birini ələ gətirib "özümünküləşdirmək istəyirdim" - gərəyim olardı. Ancaq istək baş tutmadı. Bizim dövrümüz yetişəndə 10-cuların ədəbiyyat dərsliyi də, müəllifi də dəyişildi...

Həmin müəllifin daha bir kitabı var idi: "Ədəbiyyat nəzəriyyəsi". Orta məktəb şagirdləri üçün hazırlansa da, bədii yaradıcılığa meylli hər kəs, müəllimlər, tələbələr də geniş istifadə edə bilərdilər kitabdan. Burada təkcə yazıb-yaratmaqla məşğul olanlara ətraflı bilik və vərdişlər verilmir, həm də bədii əsərlər, növləri, onların hər birinin xarakterik cəhətləri, ədəbi proseslə bağlı onlarca məfhum və ifadələrin xüsusiyyətləri aydınlaşdırılır, oxucuya dərin bilik verilirdi.

Səkkizinci sinifdə oxuyurduq. Kənddən (Qaraçanta, sonra Əzizbəyov olub) hər gün rayon mərkəzinə (Qərbi Azərbaycan, Amasiya) beş kilometr piyada gedir, sonra evə qayıdır, on kilometrlik "turne" cızırdıq. Proqram ağır idi, dərslik çatışmırdı - 7 nəfərdən ancaq birində "Ədəbiyyat" kitabı var idi. Hamı növbə ilə tələsik oxuyub o birinə qaytarırdı... Bu beynəlmiləl məktəbdə oxumaq mənim əzəli arzum olmuşdu. Vaxtilə atam bu məktəbdə müəllim işləmiş, 1940-cı ilin fevralında (sonralar dəqiqləşdirdim) orduya getmişdi....

lll

Məktəbimizin ədəbiyyat dərnəyinə üzv yazılmışdım. Bu "dəstənin" uşaqları sinif, yaş dərəcəsinə görə deyil, daha çox maraq dərəcəsinə görə qruplaşdırılırdı. Üzvlər arasında bütün siniflər təmsil olunmuşdu.

Növbəti məşğələ yekunlaşdıqdan sonra dərnək rəhbəri - əslən İrəvandan olan ədəbiyyat müəllimimiz Səkinə Sadıqova (qardaşı Kərim qonşu Güllübulaq orta məktəbində işləyirdi) dedi ki, dərnəyin gələn məşğələsi filan gün olacaq və məni də məruzəçi təyin etdi. Mövzu ədəbi əsərlərin mühüm növü hesab edilən nəzm barəsindədir. Müəllim tapşırıq və tövsiyələrini verdi, dönə-dönə təkrar etdi ki, istinad edəcəyin əsas vəsait "nəzəriyyə" kitabı olacaq. Mövzu orada var. Tapıb yaxşı-yaxşı oxu, öyrəndikdən sonra bir də nəzərdən keçir. Hər şeyin yerbəyer olduğunu başa düşdükdən sonra mövzuya giriş, yazmağa başla. Çalış "nəzəri əsaslar üçün" xarakterik misal və nümunələr gətirəsən. Bunlar kitabdan olmaya da bilər, özgə dərsliklərə müraciət etmək mümkündür, yeri düşəndə yaddaşını da "köməyə çağır", əzbər bildiyin xarakterik nümunələri "işə sal"...

Əvvəllər ötəri nəzər yetirdiyim C.X.Hacıyevin "Ədəbiyyat nəzəriyyəsi" kitabından mövzunu yaxşı-yaxşı oxuyub öyrəndim. Bu "əsaslı" mütaliədən sonra elə bil sirli-sehirli bir aləmə düşmüşdüm.

Bədii ədəbiyyat, onun növləri, xüsusiyyətləri, nəzmi nəsrdən fərqləndirən əsas cəhətlər, heca, vəzn, ölçü-biçi, daxili bölgü, qafiyə, rədif, bədii təsvir vasitələri...  nələr, nələr barədə yetkin, bitkin məlumat toplayıb yazmağa başladım. Çıxışım yaxşı qarşılandı. Məruzə ətrafında danışan dərnək üzvləri onu bəyəndi, mövzunu tamamlayan "nümunələr" gətirdilər. Dərnək rəhbəri razılığını bildirib söhbəti yekunlaşdırdı.

Yeri gəlmişkən, deyim ki, "nəzəriyyə kitabından" öyrədiklərim, "məruzəyə" hazırlaşarkən qazandığım bilik, bacarıq, vərdişlər, sonrakı axtarışlar ali məktəbə imtahan verərkən yamanca köməyimə çatdı. Yaxşı yadımdadır (aradan 60 il keçir), ədəbiyyatdan şifahi imtahanda mənə M.F.Axundovun "A.S.Puşkinin ölümünə Şərq poeması" düşmüşdü. Əsərin bir hissəsini əzbərdən dedim, sonra Axundovun Puşkin sənətinə, onun şəxsiyyətinə verdiyi qiyməti izah etdim, dünyanın adlı-sanlı elm, sənət adamları ilə onun müqayisəsini açıqladım, "rus şeirinin günəşi" ilə qarşılaşdırdığı adamların hamısından Puşkinin ucada durduğunu, əlçatmaz olduğunu izah etdim.

Cavabım deyəsən müəllimləri (İsmayıl Şıxlı ilə Abasqulu Məhərrəmov - sonra hər ikisi bizə dərs dedi) razı salmışdı. Dildən nəzəri hissəni (tamamlıq budaq cümləsi) soruşmadılar, birbaşa cümlə təhlilinə keçdilər. Təhlil o qədər düzgün və "yerli-yataqlı" oldu ki, hələm-hələm ipə-sapa yatmayan, tez-tez abituriyentin cavabına müdaxilə edən (məndən əvvəlki uşaqlar cavab verərkən gördüm) Abasqulu müəllim cınqırını çıxarmadan sonadək məni sakitcə dinləyib başının işarəsi ilə "bəsdir, bitir" dedi. Bu arada İ.Şıxlı əyilib həmkarının qulağına nə pıçıldadısa, cavabında o, sakitcə bildirdi: "Mən razı". Bu arada gözüm stolun üstündəki yazı işimə sataşdı. Yoxlamış, ancaq qiymətləndirməmişdilər. Qırmızı qələmlə təkcə faiz - (%) işarəsi qoymuşdular. Bunun mənası məlum idi: nə orfoqrafiya, nə də durğu işarəsi səhvləri yoxdur! Görünür, yazı onları qane etmişdi, hər ehtimala qarşı, "üzbəüz cavabı" gözləməyi də lazım bilmişdilər.

İ.Şıxlı imtahan vərəqini götürüb üç dəfə dalbadal "əla" yazdı (yazılı, şifahi və ümumi qiymət), sonra da vərəqi mənə uzatdı, sonda "faizili" yazı işinə  də "əla" qoydu. Sevincimin həddi-hüdudu yox idi. Müəllimlərə təşəkkür edib çölə çıxdım. Ancaq bu xeyirxah və obyektiv insanların görə bilmədiyi daha iki "minnətdarlıq ünvanı" var idi: biri alim Cəfər Xəndan şəxsiyyəti, onun yazıb hazırladığı dərsliklər, bu kitablardan "əxz etdiyim" elmi-əməli dəyərlər; bir də el-obamızın ləyaqətli oğlu, yaxşı ad-san çıxarmış, hamının tanıyıb ehtiram bəslədiyi dil-ədəbiyyat müəllimim, rayonda təhsil işinin gözəl təşkilatçısı (iyirmi ilə yaxın təhsil şöbəsinin müdiri, rayon qəzetinin redaktoru işləmişdi) Kərim Əsgərov. O, pedaqoji institutu qiyabi bitirmişdi, bir növ "dərs əlaçısı" olmuşdu. Zaçot kitabçasına nəzər salmışdım, bir dənə də olsa "kafi" qiymət yox idi, 5 -10 dənə "yaxşıdan" sonra hamısı "əla" gəlirdi.

V-VII siniflərdə bizə dərs vermişdi. İnamla deyə bilərəm: bizə elə bir cümlə təhlil nümunəsi, "modeli" öyrətmişdi ki, ən tələbkar müəllimlər qarşısında da "sınaqdan" çıxar, naümid qalmazdıq. Bunun ilk təsdiqi, deyildiyi kimi, özünü qəbulda göstərdi".

(Ardı var)

Əsgər ƏSGƏROV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 





06.01.2016    çap et  çap et