525.Az

Tarixdə 6 yanvar


 

Tarixdə 6 yanvar<b style="color:red"></b>

Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Mikayıl Müşfiq 1938-ci ilin bu günü repressiya olunaraq güllələnib.

O, əmək fəaliyyətinə pedaqoq kimi başlayıb, Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son iş yeri isə 18 saylı Bakı şəhər orta məktəbi olub. Bu məktəb indi onun adını daşıyır.

Mikayıl Müşfiq poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiriylə başlayıb.
Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İlk kitabı"Küləklər" 1930-cu ildə nəşr olunub.
 
Şair eyni zamanda bədii tərcümə ilə də ciddi məşğul olub. Azad fikirləri, arzularına görə Stalin repressiyasının qurbanı olub. Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Mərziyyə Davudova

Tatar əsilli Azərbaycan aktrisası Mərziyyə Davudova 1962-ci ilin 6 yanvarında Bakıda dünyasını dəyişib. XX əsrin 20-ci illərinə kimi Azərbaycan səhnəsi aktrisa tapa bilmirdi.

Uzun illər qadın rollarını min cür maneə və təhqirə məruz qalan, sənət yanğılı kişi aktyorlar ifa edib. Sonra bir müddət özgə millətin aktrisaları böyük çətinliklərə dözərək zəif çiyinlərini bu ağır yükün altına verdilər.

Beləliklə Azərbaycan qadınlarının səhnəyə doğru gələn yolu qorxudan, qandan, ölümdən, maneədən qurtulmağa başladı.

Təsadüfi deyil ki, o illər səhnəyə gələn qadınlar haqqında görkəmli sənətşünas Mehdi Məmmədov belə yazırdı:

"Azərbaycan aktrisasının səhnəyə gəlişi, bu sənət meydanında qələbələr çalması qəhrəmanlıq dastanıdır". Bu dastanın ilk səhifələrini Əzizə xanım və onun qızı Sona Hacıyeva yazdı. Bu aktrisaların sırasında Mərziyyə xanım Davudovanın da öz yeri var.

O, Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılırdı. Aktrisa ilk rolunu oynayarkən 16 yaşında olub. O, Həştərxanda İqbal məktəbində "Birinci Teatr" adlı ikipərdəli tamaşada Əfifə rolunu yaradıb. Səhnəyə böyük həvəsli yeniyetmə Mərziyyəni ilk dəfə görüb istedadını kəşf edən Hüseyn Ərəblinski olub. O, 1918-ci ildə Həştərxanda qastrolda olarkən bu gənc qızın oyununu bəyənərək onu Bakıya dəvət edib. 1920-ci ildə Bakıya gələn və taleyini əbədi olaraq teatra bağlayan Mərziyyə Davudova Azərbaycan mədəniyyətinin, xüsusilə də teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Onun ən böyük arzusu Hüseyn Ərəblinski ilə tərəf müqabili olmaq idi, amma bu istək həyata keçmədi.

Xoşbəxtlikdən ikinci bir nəhəng aktyorla səhnədə üz-üzə dayanan Mərziyyə xanım sonralar həmin sənətkarın – Abbas Mirzə Şərifzadənin teatrda yalnız tərəf müqabili deyil, həyatda da sevgili həmdəminə, vəfalı ömür-gün dostuna çevrildi. Geniş yaradıcılıq diapazonuna malik olan Mərziyyə Davudova “Arşın mal alan”da əvvəl Gülçöhrə, sonra Cahan xala, "Hacı Qara", "Bir ailə", "Bakının işıqları", "Bir məhəllədən iki nəfər", "Koroğlu" və digər filmlər rollar ifa edib. Həmçinin Azərbaycan teatrının aktrisalarla bağlı yeni səhifəsinin yazılması şərafəti məhz Mərziyyə xanımın qismətinə düşdü.

Böyük dramaturq Cəfər Cabbarlının "Sevil" pyesi yalnız səhnədə deyil, həyatda da böyük əks-sədaya, təlatümə səbəb oldu. Mərziyyə xanımın böyük ustalıqla can verdiyi Sevil obrazı o qədər parlaq, təsirli, təbii alınmışdı ki, tamaşa salonundakı qadınlar öz çadralarını elə oradaca atmışdılar. Onun səhnədə göstərdiyi təbii oyunu və sənət yanğısı haqqında Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır.

Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".

Əfrasiyab Bədəlbəyli

Azərbaycan klassik bəstəkarı, dirijor, librettoçu, Xalq artisti Əfrasiyab Bədəlbəyli 1976-cı ilin bu günü gözlərini əbədi yumub. Musiqi texnikumunda Əfrasiyab Bədəlbəyli müəllim S.L.Bretanitskinin sinfində violino ixtisası üzrə təhsil alıb.

İstedadlı gənc tez bir zamanda səlist ifa bacarığına nail olur və 1925-ci il may ayının 22-də texnikum tələbələrinin qüvvəsi ilə Üzeyir bəyin səhnəyə qoyulan "Arşın mal alan" operettasını müşayiət edən orkestrdə ikinci skripkaların konsertmeysteri kimi çıxış edir. Violino ilə yanaşı tarda da mükəmməl ifa üslubuna nail olmuş Əfrasiyab Bədəlbəyli, 1926-cı ildə xalq çalğı alətləri orkestrinin Moskva və Minsk şəhərlərindəki qastrol səfərləri zamanı ikinci səs tarçılar qrupunun konsertmeysteri kimi orkestrin heyətində iştirak edir. 1928-ci il fevralın 16-da, musiqisi Ə.Bədəlbəyliyə məxsus C.Cabbarlının "Od gəlini" əsərinin premyerası olur.
 
"Od gəlini" musiqisinin müvəffəqiyyətinə sevinən C.Cabbarlı bundan sonra yazdığı "Sevil" pyesinə də musiqi bəstələməyi Əfrasiyab Bədəlbəyliyə tapşırır. 1929-cu ildə xalqımızın ulu musiqi aləti olan tarı köhnəlik əlaməti sayaraq muzeyə göndərmək, konservatoriyanın tədris proqramından çıxarmaq kimi cəfəng fıkirlərə etiraz edən Əfrasiyab Bədəlbəyli "Tar üzərinə mühakimə münasibətilə" başlığı altında məqalə ilə çıxış edir. 1931-cu ildə bəstəkar C.Cabbarlının "Almaz", daha sonra isə "1905-ci ildə" və "Yaşar" pyeslərinə, 1933-cü ildə A.Afinogenovun "Qorxu", 1934-cü ildə M.F.Axundovun "Hacı Qara", 1935-ci ildə isə "Müsyo Jordan" əsərlərinə musiqi bəstələyir.
 
Əfrasiyab Bədəlbəyli professional musiqi təhsili almaq məqsədi ilə 1932-ci ildə Moskva konservatoriyasının dirijorluq fakültəsində oxumağa yola düşür. Professor K.Saracevin sinfində təhsil alan gənc bu sənətin incəliklərinə mükəmməl yiyələnir. Ali məktəbdə oxuduğu zaman o, 8 variasiya, violonçel və fortepiano üçün sonatina, fortepiano üçün etüd, simfonik orkestr üçün III hissəli süita, 2 violino, alt və violonçel üçün kvartet bəstələyir. Lakin bir ildən sonra sənətkar Moskvadakı təhsilini dayandırıb Bakıya qayıdır və R.Qlierin "Şahsənəm" operasının yeni quruluşda, C.Cabbarlının librettosu əsasında tamaşaya hazırlanmasında iştirak edir. O, Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq edib. İlk Azərbaycan baleti olan "Qız qalası"nın, "Nizami", "Söyüdlər ağlamaz" operalarının, simfonik poema və təntənəli marşın müəllifidir. Bir çox dram tamaşalarına musiqi bəstələyib.

Ənvər Əbluc

Kinorejissor, ssenarist, aktyor Ənvər Əbluc 1947-ci ilin 6 yanvarında Beyləqanda doğulub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb. Dublyaj sahəsində xüsusi xidmətləri var.

Sim-sim.az

 





06.01.2016    çap et  çap et