525.Az

Cəfər Xəndan dünyası, yaxud unudulan bir rubrikanın işığında


 

Cəfər Xəndan dünyası, <b style="color:red">yaxud unudulan bir rubrikanın işığında </b>

(Əvvəli ötən sayımızda)

Beş illik tələbəlik dövrü ağır keçdi. Biz ədəbiyyat fakultəsini seçmişdik. Ancaq ikinci kursun payızında, "əmək semestrindən" - Salyandan pambıq yığımından qayıdanda gördük ki, istiqaməti dəyişdirib, bizi tarix-filologiya fakultəsinə "döndəriblər".

O vaxtdan əzablı günlərimiz başlandı. Proqramı "yerinə yetirmək üçün" dərs cədvəlinə hər gün iki qoşa saat əlavə edirdilər. Dərslərə saat 14:20 əvəzinə 10-da başlayar, 21:30-da qurtarardıq. Yataqxanaya qayıdıb azacıq çay-çörəkdən sonra sabahın qayğıları barədə düşünərdik. Əlavə edim ki, bu ağır rejimlə tablaşa bilməyən bizdən əvvəlki kursun tələbələrindən 25-30 nəfərini kəsib kursda saxladılar. Təhsildə bir il dala düşən bu tələbələrin hesabına bizdə əlavə yeni qrup yaradıldı. Biz isə bu çətin sınaqdan itkisiz çıxdıq, kursdan-kursa uğurla keçdik. Beş illik əzablı (bədii ədəbiyyat oxumağa, mütaliəyə vaxt çatışmırdı), ancaq mənalı tələbəlik dövrü sona yaxınlaşırdı. Bu arada eşitdik ki, buraxılışımızın dövlət imtahan komissiyasının sədri filologiya elmləri doktoru, gözəl ədəbiyyatşünas alim, şair, jurnalist, tərcüməçi, ictimai xadim, elm və təhsilin mahir təşkilatçısı (bunları dərs vaxt öyrənmişdik) Cəfər Xəndan Hacıyev olacaq.

Əsl səliqə-sahman sahibi böyük alimin hərəkəti, davranışı, elmi, biliyi gözəl nümunə idi. Sədr imtahan günləri o dövrün leksikonu ilə desək, "26-lar bağının" dayanacağında trolleybusdan düşər, ahəstə və təmkinlə ünvana - o vaxt V.İ.Leninin adını daşıyan APİ-yə doğru addımlayardı. Çox zövqlə geyinərdi, çox vaxt əynində "tütünü" rəngdə köynək olardı. Ətəyini "sərbəst" buraxar, üstündən enli kəmər qurşayardı. Ahəstə, ancaq iri addımlarla instituta daxil olar, dekanlığa çıxar, oradan da "ev yiyəsinin" müşayiəti ilə imtahan otağına keçib öz yerini tutardı.

İstər tələbə sualları cavablandıranda, ya hər hansı "əyinti" vaxtı sədr məsələyə yersiz müdaxilə etməz, çaşdırıcı suallar verməzdi. Bütün imtahanlar dövründə alimin "mənəm-mənəm" hərəkətlərinə rast gəlmədik. Sakitcə oturar, təmkinlə dinləyər, qeydlərini aparardı. Bir sözlə, imtahan otağında təmiz ab-hava, tam "demokratik ruh", işgüzar və prinsipial mühit hökm sürürdü. Sədrin əlavə sualları əsasən olmazdı. Yalnız bircə dəfə "ənənə" pozuldu. Bunu ətraflı açıqlamağa dəyər. Azərbaycan dilindən imtahan gedirdi. Kursumuzda fəal, yaxşı oxuyan, hamının hörmət bəslədiyi, Laçının Hoçaz kəndindən gənc şair İlyas İbrahimov suallara cavab verəndən sonra komissiya sədri soruşdu:

- Bala, dilimizdə neçə samit var?

Cavab dərhal gəldi: 25. Amma özü də deyəsən şübhələnib fikrini dəyişdi: "26", "24". Yerdən sualın düzgün cavabını pıçıldadıq: "23". O da yenidən əlavə etdi: hə, "23", müəllim. Sədr təmkinini pozmadan, sözünün ahəngini dəyişmədən, özünəməxsus ədəb-ərkanla əlavə etdi:

- Düzəltdin, oğlum, - dedi, - ancaq bir balaca yubandın...

Bu, o demək idi ki, yoldaşlarının müdaxiləsini, replikaları mən səndən tez eşitdim, məsələnin nə yerdə olduğunu anladım...

Tələbə az qala sədrin sözünü yarıda kəsəcəkdi və sanki öz "reputasiyasının" harayına tələsirmiş kimi etiraz bildirdi:

- Bir qədər dərin, düşündürücü, elmi suallar verin, müəllim. Belə sadə suallardan kar aşmaz. Fikrinin "təsdiqi" kimi "əyani" nümunəyə də "əl atdı:

- Bəzən adamdan soruşanda ki, neçə pəncərəniz var?- tutulub qalır. Halbuki pəncərələr göz qabağındadır, evə girəndə də, çıxanda da görürsən, duyursan, sayı da dəqiq məlumdur...

Tələbənin cəsarəti ani yaranmış "insidenti", onun ucbatından meydana çıxan nigarançılığı sanki yoluna qoydu, "tarazlaşdırdı". Hamımız gülüşdük, gərginlik tez də aradan qalxdı. Sədr də gülümsədi və başının işarəsi ilə "kifayətdir, get" - deyəsi oldu. İmtahan bitdi. 35-40 dəqiqəlik fasilə elan olundu. Hər birimiz, xüsusən də İlyası sevən, xatirini əziz tutan dostları bu qısa "zaman kəsiyində" olmazın fikir, təlaş içərisində götür-qoy edir, təskinlik tapa bilmirdik. Öz-özümüzə deyirdik: birdən olmadı elə, oldu belə. Sadə bir sual üstündə onu "kəsər", yarı yolda qoyarlar. Özünə də bir il "möhlət" verərlər ki, get, bala, təzədən hazırlaş, samitlərin  sayını yaxşı-yaxşı öyrənib gələr, imtahan verib, diplomunu alarsan...

Ali məktəblərin həyatında bənzər hallar olub. "Səlahiyyətli şəxslər", pedant, quru, rəsmiyyətçi ixtiyar sahibləri qarşıdakına "dərs vermiş", bu yolla guya vəziyyəti düzəltmişdilər. Bu cür qarışıq fikirlər içərisində var-gəl edirdik ki, hamımızı içəriyə çağırdılar, imtahan qiymətləri elan olundu. Büdrəyən, "üsyankar" tələbənin - İlyas İbrahimovun cavabı "yaxşı" qiymətə layiq görülmuşdu... Qəfil baş vermiş və xoş sonluqla başa çatmış bu qarışıq dəqiqələrdə məni sirli-sehirli bir aləmə aparan tamamilə başqa hal, özgə bir fenomen idi: Komissiya sədri, böyük alimin şəxsiyyəti, özünə və tabeliyindəkilərə hörmət qoymaq bacarığı! Cəfər Xəndan əzəməti, onun sanballı alim etikası, mətin ziyalı təmkini, insanın qəlbinə yol tapmaq, kollektivləri idarə etmək bacarığı və ən nəhayəti, insanları, özündən qat-qat "aşağıdakıları" da bağışlaya bilmək qüdrəti və ümumən Cəfər Xəndan ürəyi, dünyası.

Dəyərli oxucu, bax, biz tələbələr, o dövrün məzunları təxminən 30-35 gün ünsiyyətdə olduğumuz, cəmi dörd-beş dəfə qarşısına çıxıb təmas qurduğumuz alicənab alimi belə görmüş, belə tanımışdıq: saf, təmiz, qayğıkeş, diqqətli, alicənab, son dərəcə obyektiv və nəcib! Tanrıya min şükür ki, o bizim hafizəmizdə belə də qalıb.

Bu fikir filologiya elmləri doktoru Ə. Zeynalovun "İrəvan ziyalıları" (B. 1999) kitabındakı qiymətlə həmahəng səslənir: "Cəfər Xəndan öz tələbələrinin xatirəsində qayğıkeş insan, yüksək savada malik pedaqoq və güclü natiq kimi qalmışdır" . 

lll

Azərbaycan ədəbiyyatı tarixində Cəfər Xəndanın (may 1910, İrəvan - avqust 1961, Bakı) tutduğu şərəfli yol haqqında Vaqif Yusifli, deyildiyi kimi, çox dolğun və ətraflı yazıb. Yazını neçə dəfə maraqla oxudum. Burada görkəmli elm xadiminin zəngin və çoxcəhətli yaradıcılıq yolu bütün təfərrüatı ilə nəzərdən keçirilir. Onun böyüklüyü, müstəsnalığı əyani faktlarla təsdiqini tapır. Mətləbi uzatmağa ehtiyac olduğunu lazım bilməyib, məqalədən yalnız bircə cümləni sitat gətirməklə C.Xəndanın necə dərin biliyə malik alim olduğunun təsdiqini görüb duyacağıq. Məqalədə deyilir: "...akademiklərdən M.A. Dadaşzadə, H.Araslı, F.Qasımzadə, M.C.Cəfərov, K.Talıbzadə, B.Vahabzadə, EA-nın müxbir üzvləri Ə.Mirəhmədov, A.Zamanov, professor Mehdi Məmmədov və başqa görkəmli ədəbiyyatşünaslarımızın elmi rəhbəri, yaxud opponenti Cəfər Xəndan olmuşdur". Bu fikrə şərh vermək, onu xırdalamaq, alim barədə əlavə söhbət açmaq insafdan olmaz. Bircə o qalır ki, bu tutarlı yazıya görə müəllifə təşəkkür bildirək, onu təqdir edək! Çox sağ olun, Vaqif müəllim, belə tutarlı məqaləyə görə. Sizi bütün qəlbimlə alqışlayır, bir oxucu kimi öz adımdan, Cəfər Xəndan yaradıcılığına, alimin şəxsiyyətinə hörmət bəsləyən ziyalılar adından sizə dərin minnətdarlıq bildirirəm.

lll

Bu gün biz həmin "Ədəbiyyat fədaisi" yazısının işığındayıq...  Özü də 60-80-ci illərdə mərkəzi mətbuatda, eləcə də Azərbaycan qəzetlərində aparıcı rubrika hesab olunan "Dərc olunanlara qayıdırıq" rubrikası ilə...  Açığını deyək ki, bu yazını "sifariş edən də", "yazdıran da" elə həmin rubrika oldu. Onun köməyi ilə mövzuya yenidən qayıdıb, bəzi incəliklərə varır, yeni söz, ifadə və faktları "işə salaraq", bizim nümunədə V.Yusiflinin yazısındakı hadisələri "özgə çalarlarla" ortaya qoymağa çalışdıq.

Amma nədənsə mövzuya dair əlavə söz, fikir deməyin gözəl vasitəsi olan bu tutarlı qəzet rubrikası bizim günlərdə sanki yaddan çıxdı və nəticədə tamamilə unuduldu. Təsəvvür edin ki, ən tutarlı məqalə, böyük-böyük problemlər qaldıran yazı, əgər oxucusu, "əks-səda verəni" yoxdursa, orada heç bir fayda,  publisistik meyl axtarmağa dəyməz. Rubrika mətbuatsevərləri bu "fəsadlardan" qoruyur, bəzən polemika, mübahisə yaratsa da, mənəvi dünyamızı zənginləşdirir...

Yaxşı olardı ki, "unudulanlar" mətbuatda yenidən bərpa olunsun. Bundan qəzet-oxucu münasibətləri daha da yaxşılaşar, isinər.

lll

Mətləbdən çox da uzaq düşməyək. Yenə qayıdaq Cəfər Xəndan dünyasına. Özümə aid şəxsi sənədlər içərisində ali təhsil diplomları var. APİ-nin (ADPU) 1960,  Moskva İctimai Elmlər Akademiyasının 1978-ci il məzunuyam. Bu iki diplomu hər dəfə əlimə alanda böyük iftixar hissi keçirirəm. Ən əvvəl ona görə ki, birində yaxşı tanınmış iki şəxsiyyətin imzası var: Direktor (rektor) yerində Səməd Vurğun sülaləsinin ağsaqqalı Mehdixan Vəkilov, bir də komissiya sədri, əvəzsiz alim, ulu şəxsiyyət Cəfər Xəndan. Qürur duyuram ki, 55 il əvvəl bu alimin qarşısında dayanıb "sınaqdan keçmişəm"...

Daha bir şəxsi sənəd Moskva İctimai Elmlər Akademiyası tərəfindən verilmiş fərqlənmə (üzrlü hesab edin) diplomudur. Onu da partiyanın Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, MK katibi akademik Vadim Andreyeviç Medvedyev imzalayıb. Sənədlərdə də, şəxsiyyətlər arasında da fərq çox böyükdür.

Bunları, özümdən asılı olmayaraq, yan-yana qoyub tutuşduranda, tərəddüdsüz, birinciliyi Cəfər Xəndan imzalayan diploma verirəm. Çünki orada dünya şöhrətli alimin nişanəsi, gözəl dəst-xətti əks olunub...

lll

Bax, əziz və hörmətli Vaqif müəllim, mənim deyəcəklərim, yazınıza "əlavələrim" bundan ibarətdir. Həm də var olsun, öz bərpa hüququnu tapsın o gərəkli rubrikamız! Çünki onun sayəsində belə bir söhbət alındı.

Əsgər ƏSGƏROV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü  

 





07.01.2016    çap et  çap et