525.Az

Azərbaycanın turizm imkanları Nyu-York sərgisində nümayiş olunur


 

Azərbaycanın turizm imkanları Nyu-York sərgisində nümayiş olunur<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyi respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə mütəmadi olaraq hər il bir sıra beynəlxalq turizm sərgilərində milli stendlə iştirak edir.

Nazirlikdən 525.az-a verilən məlumata görə, bu məqsədlə 2016-cı ildə ümumilikdə 18 sərgidə iştirak nəzərdə tutulub.

İlin ilk turizm sərgisi isə yanvarın 8-də ABŞ-ın Nyu-York şəhərində işə başlayır. Ənənəvi “The New York Times Travel Show” sərgisi ayın 10-dək davam edəcək. Sərgidə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Heyətə nazirliyin Marketinq sektorunun müdiri Emil Səfərov, Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva, Azərbaycan Konqreslər Bürosu, “Turizm.az”, “Spektr travel” şirkətləri və AZAL-ın təmsilçiləri daxildir. Sərgidə 24 kvadratmetr sahədə ölkəmizin turizm imkanları əks etdirən stend qurulub.

28-31 yanvar tarixində isə ölkəmiz İstanbulda keçiriləcək “EMITT East Mediterranean Tourism and Travel Exhibition” sərgisində təmsil olunacaq.

Bundan əlavə, bu il nazirliyin həmtəşkilatçılığı ilə 4 sərgidə iştirak nəzərdə tutulub. Almaniyanın Frankfurt şəhərində keçiriləcək “İMEX” sərgisində (aprel) yalnız Azərbaycan Konqreslər Bürosuna üzv olan şirkət və mehmanxanalar iştirak edə bilər. Sözügedən sərgidə iştirak etmək istəyən şirkətlər bilavasitə Azərbaycan Konqreslər Bürosuna müraciət edə bilər.

“KIHE” (Almatı, may), "İMTEC" (Dubay, okyabr) və “Travel Turkey” (İzmir, dekabr) sərgilərinə isə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinə üzv olan şirkət və mehmanxanalar qatıla bilərlər.

Qeyd edək ki, 2015-ci ildə nazirlik tərəfindən 16 beynəlxalq turizm sərgisində ölkəmizin milli stendi qurulub. Sərgilərdə nazirliklə yanaşı 20-dən artıq şirkət də iştirak edib. Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyinin həmtəşkilatçılığı ilə Azərbaycan Konqreslər Bürosu və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi tərəfindən bir sıra beynəlxalq sərgilərdə də iştirak təmin edilib. Turizm imkanlarımız İstanbul, Berlin, Moskva, Dubay, Madrid, Nyu-York, Tokio, London, Paris və digər şəhərlərdə keçirilən sərgilərdə nümayiş olunub.

Cavid QƏDİR

 





08.01.2016    çap et  çap et