525.Az

Ötən il 980 sahibkarlıq subyektində pozuntu aşkar edilib


 

Ötən il 980 sahibkarlıq subyektində pozuntu aşkar edilib<b style="color:red"></b>

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən 2015-ci ilin 10 ayı ərzində sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün ümumilikdə 1617 qərar verilib.

Dövlət Komitəsindən 525.az-a verilən məlumata görə, dövlət nəzarəti qaydasında aparılan yekunlaşmış yoxlamaların 855-i yəni, 53%-i ərzaq məhsullarının, 474-ü təxminən 29,3%-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 288-i isə yəni, 17,8%-i dövlət metroloji nəzarətə aid olub: "Aparılmış yoxlamalar zamanı 980 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə 980 məhdudlaşdırıcı qərar verilib. Eyni zamanda inzibati xəta törətmiş sahibkarlıq subyektlərinə 210,5 manat məbləğində inzibati qaydada cərimələr tətbiq edilib".

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ötən il ərzində qurum tərəfindən ümumilikdə istehlak bazarından sınaqların aparılması üçün 273 adda, bunlardan 137 adda yerli məhsullar, 136 adda isə xarici ölkələrin istehsalı olan müxtəlif növ məhsullardan nümunələr seçilərək müvafiq laboratoriyalara təqdim edilib. Bu məhsul çeşidlərinə müxtəlif adda ərzaq məhsullarından alkoqolsuz və alkoqollu içkilər, ət və ət məhsulları, süd və süd məhsulları, unlu və şəkərli qənnadı məmulatları, konservləşdirilmiş məhsullar və qeyri ərzaq məhsullarından isə diş pastaları, yuyucu və təmizləyici vasitələr, maye və bərk halda olan sabunlar, boyalar, avtomobil yağları, avtomobil benzinləri və dizel yanacaqları və s. aid olmuşdur. "Təqdim edilmiş məhsullardan 222 adda məhsul standartın tələblərinə cavab verib, 51 adda məhsullar isə standartın tələblərinə cavab verməyib", - deyə məlumatda qeyd edilib.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunu, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan prezidentinin 26 oktyabr 2015-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollegiyasının 20 oktyabr 2015-ci il tarixli Qərarına əsasən Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən yoxlamaların aparılması dayandırılıb.

Qanunvericiliklə komitəyə həvalə edilmiş vəzifələrin icrası ilə bağlı işlər davam etdirilir.

Cavid QƏDİR

 





08.01.2016    çap et  çap et