525.Az

"Heç bir halda təhsil haqlarının artırılmasına imkan verilməməlidir"


 

QƏNİRƏ PAŞAYEVA: "TƏLƏBƏLƏR TƏHSİL HAQQI İLƏ BƏRABƏR UCUZ OLMAYAN KİRAYƏ EV HAQQI DA VERİRLƏR VƏ BURAYA YEMƏK, NƏQLİYYAT XƏRCLƏRİ DƏ DAXİL OLDUĞU ZAMAN AİLƏLƏRİN BÖYÜK BİR QİSMİ ÜÇÜN CİDDİ PROBLEM YARANIR"

"Heç bir halda təhsil haqlarının artırılmasına imkan verilməməlidir"<b style="color:red"></b>

"Dövlət universitetlərində ödənişli əsaslarla təhsil alan və bəzi özəl universitetlərdə oxuyan bir neçə tovuzlu tələbə narahatlıqla mesaj yazaraq son devalvasiyadan sonra təhsil haqlarının artırılıb-artırılmayacağı ilə maraqlanırlar və belə bir halda təhsillərini davam etdirməkdə böyük problemlə üzləşəcəklərini qeyd edərək müvafiq qurumların bu cür addım atmamalarını xahiş edirlər".

Bunu həmin rayondan olan millət vəkili Qənirə Paşayeva dilə gətirib. Millət vəkili hesab edir ki, tələbələrin və ailələrinin narahatlığını aradan götürmək üçün müvafiq qurumlar açıqlama verməlidirlər.

Onun sözlərinə görə, ən azı yaxın 2 ildə yəni ali məktəblərin ödənişlərinin bu qiymətlərlə olacağına və sürətlə artmayacağına güvənərək çətinliklə də olsa övladlarını təhsil arxasında göndərən valideynlərin təhsil almağa başlayan uşaqlarının təhsilini yarıda saxlamasına imkan verməmək üçün heç bir halda təhsil haqlarının artırılmasına imkan verilməməlidir.

O, deyib ki, özəl universitetlər də bu addımı atmamalıdırlar. Q. Paşayevanın sözlərinə görə, bu rayondan, kəndlərdən təhsil almağa gələn gənclər və ailələr üçün çox ciddi problem yarada bilər.
 
"Çünki onlar təhsil haqqı ilə bərabər ucuz olmayan kirayə ev haqqı da verirlər və buraya yemək, nəqliyyat xərcləri də daxil olduğu zaman ailələrin böyük bir qismi üçün ciddi problem yaranır. Qiymətlərin artması isə birbaşa bölgələrdən təhsil almağa gələnlərin sayına təsir edə bilər çünki onsuzda bölgələrdə ailələrin bir çoxu üçün övladının ödənişli təhsil almasını təmin edə bilmək çətindir. Təhsil millətin gələcəyidir.
 
Ona görə də ali məktəblərdə təhsil haqlarının artmasına son devalvasiyadan sonra heç cür imkan vermək olmaz. Ailələrin arasında yayılmağa başlamış və getdikcə artan bu istiqamətdə şayələrə, narahatlığa dövlət və özəl olmasından asılı olmayaraq dövlət və özəl ali təhsil ocaqlarını açıqlama verərək son qoymağa çağırırıq" - deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





08.01.2016    çap et  çap et