525.Az

Əli Heydər Haqsal: “Bütün yazılanlar Nəcib Fazilin kölgəsində qaldı”


 

“KİTABLARIN SATIŞ TİRAJI SƏNƏT, ƏDƏBİYYAT VƏ DÜŞÜNCƏ ÜÇÜN ÖLÇÜ DEYİL”

Əli Heydər Haqsal: “Bütün yazılanlar Nəcib Fazilin kölgəsində qaldı”<b style="color:red"></b>

Mənə hərdən elə gəlir ki, Azərbaycanla Türkiyə arasındakı ədəbi, mədəni  münasibətlər 20 il bundan əvvəlkindən heç də çox irəli getməyib. Biz Türkiyənin gerçək şairlərini,  yazarlarını, fikir adamlarını nə qədər tanıyırıq. Yaxud Türkiyə Azərbaycanın gerçək yazarlarını, şairlərini, fikir adamlarını nə qədər tanıyır. Bu ritorik suallar çox cavab ortaya çıxarır.

Türkiyəli yazar Əli Heydər Haqsalla yazışmalarımız zamanı ünvanladığım sualların cavabları, güman edirəm,  sizlər üçün də maraqlı olacaq. Əli Heydər Haqsal barəsində  bir onu deyə bilərəm ki, istedadlı yazıçı olmasıyla yanaşı, çağdaş türki ədəbiyyatında gedən proseslərə kifayət qədər öz töhfəsini verə bilmiş bir ziyalıdır. Gerçəkdən, o, Türkiyənin ziyalısıdır həm də. Yaxşısı budur, gəlin, onun özünü dinləyək.

- Əli Heydər bəy, özünüz haqqında Azərbaycan oxucusu üçün bir az məlumat verə bilərsinizmi? Neçə kitab müəllifisiniz, çıxardığınız  dərgi ilə bağlı  nə demək istərdiniz?

- Özüm haqqında uzun danışa bilirəm, burda 65 illik bir ömürdən söhbət gedir, amma qısaca onu deyim ki, mən 1951-ci ildə Bingöldə doğuldum. Orta  məktəbi öz kəndimdə oxudum.  Uşaq ikən  həm də müəllimim olan atamı itirdim, ibtidai sinifdən sonra beş il ara verdim. 17 yaşında Əlazığ İmam Xətib Məktəbinə göndərildim. İki  il  ödənişli, beş il də ödənişsiz yatılı oxudum. 25 yaşımda Atatürk Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünə girdim. 1979-cu ildə  bu məktəbi qurtarıb İstanbula köçdüm. Mərmərə İlahiyyat fakültəsində aspiranturada oxudum, “Qurani-Kərimdə gözəl anlayışı”  mövzusunda dissertasiya yazdım. Ticarətə başladım. 1980-ci ildə “Mavera” dərgisində hekayələrim çap olunmağa başladı. 1986-cı ildə ilk hekayələr kitabım “Evdəki yad” çıxdı. 1987-ci ildə dostlarımla birlikdə “Yeddi iqlim” dərgisini çıxarmağa başladıq. Dərgi hələ də çıxmağa  davam edir. İndiyə qədər   33 əsərim nəşr olunmuşdur.   Yaxın zamanlarda  çap olunacaqlarla birlikdə cəmisi 50 olacaq. “Dörd xəlifə”nin həyatını ədəbi bir üslub ilə yazdım, çap olundu.

- Osmanlı çökdü, Türkiyə Cümhuriyyəti quruldu. Bu dövrün ədəbiyyatını  qısaca   (son 100 ili )  xarakterizə edə bilərsinizmi?

- Biz Osmanlı kimi böyük bir ənənəsi olan  dövlətdən gəlmişik. Bölgədəki ortaq  mədəniyyətlə bəslənmişik.  İslam mədəniyyəti  dairəsi içindəyik. Bu, müsəlman ərəblərin, müsəlman iranlıların və türklərin əsl mədəniyyətinin ortaq dairəsidir.  Burada böyük bir şeir bazası var.

Osmanlı dövrünün şeiri üç ana damara sahibdir. Əruz ilə yazılan şeir, təkkə, yəni təsəvvüfə  dayanaraq yazılan şeir, bir də xalq şeiri. Bunlar bizim ədəbiyyatın  zənginliyini təşkil edir. Xüsusi ilə də mədəniyyət, eləcə də düşüncə özü hardasa  şeir mərkəzlidir. Burada nəsr də şeir üslubundadır. Bu mədəniyyətin,  torpağının belə xüsusiyyətləri  var. Mövlana ilə Füzuli fərqli dillərdə yazsalar da, yenə də İslam mədəniyyəti dairəsində idilər.

Tənzimatdan sonra  həyatımıza qərb düşüncəsi və mədəniyyəti daxil oldu. Bununla birlikdə yeniliklər də gəldi. Məsələn, roman, hekayə, pyes, qəzet, dərgi kimi. Bunların, əlbəttə, müsbət tərəfləri olduğu kimi mənfi  təsirləri də oldu. Pozitivizmin gəlməsiylə metafizik dünyadan uzaqlaşıldı. Şinasi, Namiq Kamal, Tofiq Fikrət, Abdullah Cevdətdən sonra, xüsusilə də 1928-ci ildən sonra Zəkəriyya Sərtəl və Nazım Hikmət ilə materialist sol düşüncə sənəti önə keçdi. 1960-cı  ildən sonraya isə marksist sol ədəbiyyatın zirvə dövrü deyə bilərik. O da çox keçmədən bir tıxanma yaşadı, hələ də yaşayır. Marksist, estetik materialist və maddiyyatçı olduğundan tam mənası ilə tərəfdar tapmadı. O düşüncə  çökdükdən sonra gerçəkçi -realist marksist estetik və ədəbiyyat sahəsi olduqca daraldı. Dünənin solçuları bu gün  liberal oldular. Buna sağçılıq ilə solçuluğun birləşməsi də deyilə bilər. Bunlar da  qərbdən gələn anlayışlardır. Bunların görüşüb dostlaşmaları təbiidir.

Divan şeirinin son təmsilçisi Yahya Kamaldır. Ondan sonrası yoxdur artıq. Yazılanlar da zorla yazılanlardan başqa bir şey olmadı. Əsas olan düşüncənin yenilənməsi və davamının  olmasıdır. Bunu da Sezai Qaraqoç həyata keçirdi.

Türkiyə Cümhuriyyətinin quruluşunda irqçilik ideyası mərkəzə yerləşdirildi, bu yolla da divan şeir ənənəsi tərk edildi. Bunun zərəri təkcə şeirə dəymədi. Bu torpaqlarda yaşayan başqa irq mənsubları da vardı. Heca vəzni cümhuriyyət ideologiyasının bir növ qəlibi oldu. Heca vəzninin məhdud imkanlarına görə şeirdə bir tıxanma yaşandı. Nəcib Fazil Qısakürək heca şeirini modern qərb şeiriylə qarışdıraraq güclü bir şeir qoydu ortaya. Sonra da heca ilə yazılan şeirin arxası gəlmədi. Bütün yazılanlar Nəcib Fazilin kölgəsində qaldı, onu ötüb keçə bilmədi.

Şeir sənətinin bütün imkanlarından  istifadə edən Sezai Qaraqoç ilə başlayan bir İntibah ədəbiyyatı dövrü var. Bu, indi Türkiyədə ön plana keçib. Həm millətimizin öz dəyərlərindən, həm də mədəniyyətimizin və İslam düşüncəsinin bütün imkanlarından yararlanılır. Bu, bir yenilənmə dövrüdür. Yeni bir dil və üslub ilə güclü bir çıxışdır. “Diriliş”, “Ədəbiyyat”, “Mavera”, “Yönəlişlər”, “Yeddi iqlim” və “Heca” dərgiləri bu əsas xətti tutub. Bu mərkəzdən bəslənərək güclənən böyük bir cərəyan mövcuddur. Çoxlu sayda dərgi çıxır. Bu, türk ədəbiyyatı üçün sevindirici haldır.

- Yazmağa nə zaman başladınız?

- Tələbəlik illərindən bəri yazıram. İlk hekayəm 1973-cü ildə “Milli qəzet”də çıxdıqdan sonra, 1977-ci ildən başlayaraq “Yeni Dövr” qəzetinin mədəniyyət və sənət səhifəsində  şeir, hekayə  və məqalələrim çap olundu. 1980-ci ildən 1986-cı ilə   qədər “Mavera” dərgisində hekayələrim yer aldı. 1987-ci ildən etibarən də dostlarımla birlikdə çıxardığım “Yeddi iqlim” dərgisində yazıram. Həm də “Milli qəzet”də həftədə üç gün köşə  yazılarım dərc olunur.  Bəzən qonaq  sifəti ilə də  dərgilər  yazılarımı çap edir. Mənim üçün əsas “Yeddi iqlim” dərgisidir. Nəşr olunmuş 14 hekayə, 4 roman, 6 monoqrafiya, dörd  xəlifənin həyatından bəhs edən  4 yazı, araşdırma, tənqid və  məqalələrlə birlikdə  cəmi 33 əsərim var. Yazıb tamamladığım iki roman, dörd hekayə kitabım  nəşriyyatda  çap ərəfəsindədir. Çoxlu sayda məqalə, araşdırma, tənqid, tədqiqat əsərim  var.

- Sizin yetişməyinizə hansı türk yazarının təsiri olub? Xarici yazarlardan kimləri deyə bilərsiniz?

- İmam Xətib məktəbində ikən Qərb və Şərq klassiklərini çox oxudum. Rus roman və hekayəsini, fransız klassik, modern roman və hekayəsini, Cənubi Amerika ədəbiyyatını ciddi olaraq izləyirdim.  Şərq dedikdə müsəlman ədəbiyyatının bütün klassiklərini buna daxil edirik. Mövlana, Fəriduddin Əttar, Nizami, Füzuli, Yunus Əmrə, Muhyiddin İbn Ərəbi və başqaları. Düşüncə, sənət və ədəbiyyatda isə Nəcib Fazilin “Böyük Doğu”, Sezai Qaraqoçun “Diriliş”, Nuri Pakdilin “Ədəbiyyat”, Cahid Zərifoğlu, Rasim Özdənörən, Akif İnanın çıxardıqları “Maver”a dərgisi, Əbubəkir Əroğlunun “Yönəlişlər “dərgiləri mərkəz təşkil etməkdədir. Əvvəlcə Nəcip Fazil ilə Sezai Qaraqoç, Cahid Zərifoğlu, Rasim Özdənörən, Nuri Pakdil ən təsirli və aparıcı oldular. Oxuduqlarım  çox əhatəlidir. Birinci sinif yazarları seçirəm həmişə. Rus ədəbiyyatından Dostoyevski, Tolstoy, Çexov. Modern qərb  ədəbiyyatından Folkner, Kamyu, Sartr , Eksüperi  və daha bir çox yazarı saya bilərəm. Şəxsi kitabxanam da zəngindir. Hazırda kitabxanamda 50 min cilddən çox   kitab var. Hələ də çox oxuyuram. Gərgin işləyir, oxuyur və yazıram.

- Çağdaş türk ədəbiyyatında bu gün hansı cərəyanlar, meyllər özünü  göstərir  və hansılar  ön sıralardadır?

- Yuxarıda qismən izah etdim. Milli ədəbiyyat deyə tanınan cərəyan tamamən bağlandı. Yeni bir təmsilçisi də yoxdur bu gün. Sol ədəbiyyatın mərkəzini  təşkil edən Nazım Hikmət düşüncəsi və ədəbiyyat cərəyanı 1980-ci ildən  sonra  dayandı. Sol ədəbiyyatçılar artıq liberal bir xətt tutublar. Bir az da populyar mədəniyyətə meyl edirlər. Olanları da marjinal və təsirsizdirlər. Bunu çıxardıqları dərgi sayından və gücündən də görə bilirik. Divan ədəbiyyatı cərəyanı Yahya Kamaldan sonra tamamən başa çatdı. Artıq heç kim əruz vəznində şeir yazmır.

Orxan Vəli və dostlarının Birinci yeni cərəyanı şeir və sənəti adiləşdirib yayğın hala gətirsə də,   böyük bir ədəbi cərəyan ola bilmədi. Bu gün bu cərəyanın üzdə olan  davamçısı, demək olar ki,  yoxdur. Olsa belə, dəyərli deyil. Çünki şeir sənəti getdikcə daha güclü bir orbitə  girir.  İkinci yeni ədəbi cərəyan  qismən davam edir. Sol ədəbiyyat arada bir bu cərəyandan uzaqlaşdı, indi  isə dediyimiz kimi,  liberallaşdı. İdeoloji baxımdan sol şeirin bir qarşılığı yoxdur.

İntibah ədəbiyyatı cərəyanı olduqca güclü şəkildə davam edir. Bu istiqamətdə çoxlu sayda dərgi nəşr olunur, çoxlu   şair və yazar yetişir. Sezai Qaraqoç, Cahid Zərifoğlu,  M.Akif İnan, Ərdəm Bəyazıd, Ələddin Özdənörən, Əbubəkir Əroğlu, Kamil Əşfak Bərki, Cahid Koytak, Hüseyn Atlansoy, İhsan Dəniz, Nəcat Çavuş, Cevdət Karal, Ömər Ərdəm və daha bir çox gənc nəsil şairlərini saya bilərik.

- Çağdaş türk şeirinin türk nəsrindən, hekayə və romançılığından geri qaldığını yazırlar, yəni şeir  dahamı irəlidədir? Sizin bu fikrə münasibətiniz?  

- Bu, doğru deyil. Bu gün çox güclü şeir cərəyanı var. Bu şeir cərəyanında güclü şairlər var və yeniləri də çıxır. Kitabların satış tirajı sənət, ədəbiyyat və düşüncə üçün ölçü deyil. Bu günün populyar romanları yüz minlərlə satıla bilər. Bunların estetik və ədəbi bir dəyəri yoxdur. Gələcəkdə bunların bir çoxu unudulub gedəcək. Roman isə xüsusilə də ticari bir əmtəə kimi  satılır. Holdinq və reklam ilə satılma vasitəsinə çevrilib. Bu da ancaq populyar romanı  dəstəkləyir. Əsl roman üçün bunu söyləyə bilmərik. Hekayə də elədir. Ciddi bir hekayə cərəyanından söz aça bilərik ki, bu da sevindirici haldır. Ədəbiyyat dərgiləri şeir və hekayə  mərkəzli  və xüsusiyyətlidir.

Şeir mədəniyyətimizdə daima mərkəzdədir. Şeir kitabları çox satılmır deyib duraq düzgün münasibət deyil. Bu günün  hekayəsi romandan öndədir.

- Siz həm də Türkiyənin köşə yazarlarındansınız. Bu  ölkədə sizi,  ümumi olaraq, nə narahat edir?

- İmperializm öz oyununu böyük oynayır. Müsəlmanlar özlərinin bir millət olma şüurlarını itirdilər. İslam şüuru və müsəlman qardaşlığı zəiflədi. Lakin Osmanlı dövlətindən bəri türklər və Osmanlılar mədəniyyətimizin yüz illərlə həm qabaqcılı, həm də mərkəzi oldular. Hamıya qucaq açdılar. Təəssüf ki, qərb və qərb zehniyyəti anlayışları  həyatımıza daxil olandan bəri çoxşaxəli bir millət olduq. Qövm təşkilatları aşirət xüsusiyyəti daşıyır. Bu da bizi bir çox yerə parçalanmağa aparır.

Qərbin qarşısında çox yalnızlaşdıq. Müsəlman ölkələrinin bir araya gəlmələrinin qarşısı alındı. Həm türk  ölkələri və xalqları, həm də ümumilikdə  bütün müsəlman xalqları arasında birlik yoxdur. Parçalar ya Amerika  imperializminin, ya da rus imperializminin qoltuğundadır. Bu, müsəlmanlar  üçün utanılası vəziyyətdir. Qonşu müsəlman ölkələrlə ciddi problemlər var.

Bizim insanlarımız sekulyarlaşdı, mənfəətçi bir millət halına düşdük. Bir-birimizə qucaq açmaqdan çox uzaq olduq.

- Bu gün Türkiyədə nələr baş verir?

- Bugünkü  vəziyyətdə  xoş  şeylər danışa bilmirik. Yaxşı və gözəl şeylərin olması arzusundayıq. Ölkədə birlik çox zəiflədir. Bir zamanlar baş verən sağ-sol qarşıdurması bizdən çox şey aldı. İndi artıq irqi qarşıdurmalar  yaşanır. Keçmiş  solçular  liberallaşdı. Onlar yaşadıqları həyat anlayışından ötrü mühafizəkar həssaslığı olanlara qarşı dözümsüz idilər. Bu da tam bir qarşıdurmaya çevrildi. Bunların aşılıb keçilməsi lazımdır. Qonşularımızla problemlərimiz var. İmperialist ölkələrin tələsindəyik. Qardaş ölkəmiz Azərbaycan da olmasa, sanki heç kimlə dostluq münasibətimiz olmayacaq. Ümid edirik ki, yaxın zamanda yenidən hər şey düzələr.

- Barış anlayışından çox danışmağa başladılar. Televiziya və qəzetlərdə, mətbuatda.... Sizcə, barış anlayışı özünü doğrulda bilərmi? Türkiyədəki bu türk-kürd problemi nədir?

- Türklər də, kürdlər də müsəlmandır. Müsəlman qardaşlar  arasındakı  uçurum son qırx ildə çox böyüdü. Uçurum artıq keçilməyəcək qədər dərinləşdi. Təəssüf ki,  onlar qərbin əlində alət olurlar. Bölgəmizdə bütün baş verənlərin az qala hamısı sionizmin rahatlığı üçündür. Onların hədəfini bilirsiniz, Nildən Fərata qədər olan bölgədə gözləri var. Bu, onların ideyasıdır. Xüsusən də,  başlanılan Ərəb baharından sonra  bu,  daha da  böyüdü. Bu hadisələr xalqların azadlığı üçün deyil, bölgənin tam mənada ələ keçirilməsi üçün planlanmışdı.   Liviya parça-parça oldu, Yəmən də elə. Suriyanın vəziyyəti  göz qabağındadır. Misirdə demokratiya ləğv olundu. İraqda, Pakistanda, Əfqanıstanda qan su yerinə axır. Müsəlmanlar bir-birlərinin Əzraili və zəbanisi oldu. Bir-birimizi öldürməkdən həzz alırıq sanki. Buna bənzər vəziyyət Türkiyəyə də aiddir. Olanların çoxu  qarmaqarışıqlıq olsun,  asayiş  pozulsun deyə baş verir.

- Dünyada baş verənlər Türkiyəyə necə təsir edir?

- Türkiyə bir NATO ölkəsi olmasına baxmayaraq Rusiyanın bizi hədələməsinə  heç bir reaksiya vermir. Bizi sanki Rusiya ilə üz-üzə qoydu. Amerika İsraili qoruyur. Qonşu müsəlman ölkələrini darmadağın etdi. Suriya olayında biz  həddən artıq zərər gördük. İmperialist ölkələr terror təşkilatlarını  bəsləyib bizə qarşı istifadə edir. PKK, DAİŞ, ya da İŞİD, PYD, sol marjinal təşkilatlar və daha bir çoxları onlar tərəfindən dəstəklənir. Bir yanda bizimlə müttəfiq və ortaq kimi görünürlər, digər tərəfdən də onları bəsləyirlər.

Cənubi şərq bölgəmizdəki savaş bizim şəhərlərimizi vurur, milli  mədəniyyət tariximizi yox edir. Türk ilə kürd bir-birinə düşmən kəsildilər. Ancaq min ildən də çox müsəlman qardaşlığının ən üstün halını yaşadılar. Bir-birlərindən qopacaqları və bir-biriylə savaşacaqları əsla ağla gəlməzdi.

- Türkiyənin, böyük olması üçün  hər zaman qarşısında iki variant olub. Ərəb dünyası -müsəlmanlar, biri də Orta Asiya, Qafqaz - türklüyü və müsəlmanlığı öz varlığında daşıyan bir etnos və coğrafiya. Ərəb dünyası və müsəlmanlıq anlayışı  özünü Osmanlıyla təsdiq edib. Bugünkü Türkiyə  siyasi baxımdan bunlardan hansı ilə “yola gedə” bilər. Yaxud, belə bir dəyişmə həyata keçə bilərmi?  Siyasətçilərin “Böyük güclər” dedikləri qüvvələr buna imkan verərlərmi?

- Türkiyə,  türk  dövlətləri və eləcə də qardaş müsəlman ölkələrlə işbirliyi qurmağa məcburdur. Bir tərəfi seçib digər  tərəfi buraxarsa, bu ona  güc qazandırmaz. Hər iki tərəflə  dost olmaq ərazimizi  və insanımızı gücləndirər. Bu məsuliyyət  də Türkiyənin üzərinə düşür. Onun qardaşları bir yerə toplaya  biləcək tək güc mərkəzi olduğunu deyə bilərəm. Buna öndərlik edə biləcək ikinci bir ölkə yoxdur. Yeni birliklərə qoşulmaq artıq məcburiyyətdir. Qafqazda, Balkanlarda, Ağ dəniz bölgəsində yeni birliklərə ehtiyac var.

Bölgəmizdə baş verən bütün qarışıqlıq və savaşlar İsrailin rahatlaması üçündür. Müsəlmanların sahib olduğu yeraltı qaynaqları, neft, təbii qaz və digər qaynaqlar var. Onlar bunları müsəlmanlara yedirmək niyyətində deyillər. Baş verən hər  həmlədən sonra onlar bir az da  rahatlayırlar. Artıq güclü bir İraq, bir Liviya, bir Suriya dövlətindən bəhs edə bilmirik. Türkiyədə belə vüsət alan terrorun səbəbi də ölkəni rahat buraxmamaqdır. Daha kiçik parçacıqlardan ibarət olan kiçik dövlətciklər yaratmaq  niyyətindədirlər. Beləcə, müsəlmanları daha da təsirsiz hala gətirirlər. D-8 formalaşması yenidən canlandırılmalıdır. Buraya başda Azərbaycan olmaqla yeni ölkələr də daxil edilməlidir. İqtisadi və sosial güclər  birləşdirilməlidir.

- Azərbaycanda gedən prosesləri, olayları izləmək imkanınız olurmu?

- Müsəlman coğrafiyamızın hardasa bütün bölgələriylə  maraqlanıram. Ciddi olaraq izləyirəm.   Azərbaycanın haqlı davasında yalnız xaçlı düşüncəlilər  öz aralarında işbirliyi qururlar. Qarabağ özü ayrıca bir problemdir. Amma xaçlılar, haqlı olan azəri qardaşlarımızın haqlarını qəsb edirlər. Hərə öz  dindaşının yanında yer alır. Bunun fərqində və şüurunda  olmalıyıq. Bu əhəmiyyətli problemin ən qısa  zamanda aradan qaldırılması şərtdir. Müsəlmanlar və türk  dövlətləri arasında birlik olsa, bu çətinliklər  çox asanca  həll oluna  bilər.  Təəssüf  ki, onlar bir araya gələ bilmirlər.

Türkiyə  ilə  Azərbaycan arasında sadəcə, mücərrəd sərhədlər var, bu  belə də olmalıdır. Onlar qəlbdən və  könüldən bir-birlərinə çox bağlıdırlar. Tək millətdirlər. Mədəniyyət, düşüncə və həyat anlayışı birdir.

Ünsiyyət,  bir-birinə gedib gəlmək, mədəni əlaqələr daha sıx olmalıdır. Bakı bizimdir, İstanbul da sizin. Ərzurum nədirsə Bakı da  bizim üçün odur. Mən belə düşünürəm. Buna Şam, Məkkə, Mədinə, Qahirə, Bağdad, Tehran, taa Türküstana qədər bütün mədəniyyət  mərkəzlərimiz daxildir. Mədəni fəaliyyətlər daha da sıxlaşdırılmalıdır. Dillərimiz  heç də  bir-birinə uzaq deyil. Əlifba birliyi də olarsa   daha yaxşı olacaq. Ortaq işlər qurulmalıdır. Bu hər iki ölkəni də gücləndirər.

- Bizim ədəbiyyatımızla, musiqimizlə, tariximizlə tanış  ola bilirsinizmi?

- Bir  az əvvəl “Yeddi iqlim” dərgisində çağdaş azəri ədəbiyyatıyla bağlı bir bölüm vermişdik. Gənc nəsil şair və yazarlarınızla tanış olduq. Bu çalışmamızdan sonra başqa dərgilərdə də gənc azəri sənətçi qardaşlarımız yer aldı. Bizə gələn hekayə və şeirlərə zaman- zaman yer veririk.

Bu çalışmalar təbii ki, yetərli  deyil. Daha möhkəm əlaqələr istəyirik.  Biz onların əsərlərini çap etdiyimiz kimi, onlar da öz dərgilərində bizim əsərlərimizə yer verməlidirlər. Ədəbiyyat dərgiləriylə daha yaxın əlaqədə olmaq istəyirik. Ədəbiyyat tariximizin ortaq özəllikləri var, bunlar yenidən canlandırılmalıdır.

XANƏMİR
Türkcədən AYİŞƏ NƏBİ çevirib

 





09.01.2016    çap et  çap et