525.Az

Rusiyada Azərbaycanla bağlı yeni informasiya layihəsi


 

Rusiyada Azərbaycanla bağlı yeni informasiya layihəsi <b style="color:red"></b> Rusiya Federasiyasında Azərbaycanla bağlı yeni informasiya layihəsi fəaliyyətə başlayıb.
 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "RiA Vesti" (Rossiya i Azerbaydjan Vesti) adlanan yeni informasiya və analitik portal 2015-ci il dekabrın 31-də "Roskomnadzor"da (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) qeydiyyatdan keçib.
 
"RiA Vesti"nin baş redaktoru və təsisçisi Ümumrusiya Etnojurnalistlər İttifaqının sədri Cəmil Sadıxbəyovdur.
 
“Riavesti.com” domenində fəaliyyət göstərəcək yeni informasiya və analitik portal Rusiya və Azərbaycanda baş verən əsas prosesləri, iki ölkə arasındakı iqtisadi-ticarət, ictimai-siyasi, mədəni və humanitar əlaqələrə dair xəbərləri, analitik yazıları işıqlandıracaq.
 
Layihənin təsisçisi Cəmil Sadıxbəyov APA-ya açıqlamasında "RiA Vesti"nin Rusiyada Azərbaycana aid yeni informasiya meydançasının yaradılması məqsədilə təsis olunduğunu söyləyib:

"Rusiyada Azərbaycana aid informasiya meydançası yox səviyyəsindədir. Ona görə də, qərara aldıq ki, belə bir layihə hazırlayaq. Rusiyanın tanınmış siyasətçiləri, ekspertlərini bu layihəyə cəlb edəcəyik. Artıq "RiA Vesti"nin Müşahidə Şurasına bir sıra tanınmış rusiyalı politoloqlar daxil edilib. Hazırda azərbaycanlı politoloqlar, millət vəkilləri, jurnalistlər və KİV-lərlə də saytla əməkdaşlıq etmək üçün danışıqlar aparılır. Saytda Rusiya və Azərbaycana aid gündəmdə olan xəbərlər, iki ölkə münasibətlərinin bütün sferalarına dair məlumatlar yer alacaq".
 





11.01.2016    çap et  çap et