525.Az

Köklənibdir bir ilahi əhvala...


 

Köklənibdir bir ilahi əhvala...<b style="color:red"></b>

Aqil, həssas qələm dostum Sadıq Elcanlının 60 illik yubileyinə

Tək kəlməmdən ürəyimdən keçəni,
Duyur, onu yanıltmır ki heç zənni.
Aman Allah, "görücü"mü bu yəni?
Heyrətimdən az qalıram mən çaşım,
Doğmamdır o - ruh, düşüncə qardaşım.

Fikirlərim ovcundadır elə bil,
İzhar edir birər-birər onu dil.
Dedikləri nə çox, nə də kəm deyil,
Yox ehtiyac söz-sovuna qarışım,
Doğmamdır o - ruh, düşüncə qardaşım.

Dürüst deyər, "elə-belə, nəsə" yox,
Məna yüklü, həm də qısa - kəsə çox,
Bəhsə-bəhsdə hər sözündən çəkin, qorx.
Deyir: - Mənim məntiqidir savaşım...
Doğmamdır o - ruh, düşüncə qardaşım.

Adi sözdən duyğulanır həmin an,
Sarır bütün varlığını həyəcan.
Çökür sanki üzərinə asiman.
Artır onun bu halından təlaşım,
Doğmamdır o - ruh, düşüncə qardaşım.

Köklənibdir bir ilahi əhvala,
Sözdən qurub bir möhtəşəm bürc, qala.
İstər köçə ürəklərdə ucala,
Aqil, müdrik, həssas dostum, sirdaşım,
Doğmamdır o - ruh, düşüncə qardaşım.

09.01.2016

Nəcməddin MÜRVƏTOV  

 





12.01.2016    çap et  çap et