525.Az

Görkəmli ədəbiyyatşünas Yaşar Qarayevin elmi irsinə bir nəzər


 

Görkəmli ədəbiyyatşünas Yaşar Qarayevin elmi irsinə bir nəzər<b style="color:red"></b>

ƏDƏBİYYAT İNSTİTUTUNA RƏHBƏRLİK DÖVRÜ

1987-ci ildə Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuna rəhbərlik etməyə başlayan Y. Qarayevin qarşısında məsul vəzifələr dururdu: institutun elmi potensialının qorunub saxlanılması və eyni zamanda müstəqil Azərbaycanın maraq və tələbatı nəzərə alınaraq elmi araşdırmaların aparılmasının təmin olunması. Zaman və şərait Y.Qarayevdən riskli və eyni zamanda müxtəlif istiqamətlərdə düşünülmüş tədbirlərin həyata keçirilməsini tələb edirdi: ədəbiyyatımızın xaricdə təbliği, müxtəlif ölkələrə səpələnən (mühacir etmiş) yazarların vahid mədəni mühitdə cəmləşdirilməsi, folklor irsinin yadlar tərəfindən mənimsənilməsinə qarşı mübarizənin təşkili və sairə.

Y. Qarayev AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun rəhbəri kimi ədəbiyyatımızın digər ölkələrdə təbliğ edilməsinə xüsusi əhəmiyyət verirdi. Ədəbiyyat İnstitutunun 1991-ci ildə "Gəncəli Nizami" və 1993-cü ildə "Şəhriyar poeziyası: qaynaqlar və ənənələr" mövzularında keçirilən beynəlxalq simpoziumlarında fəal iştirakı elmimizin və mədəniyyətimizin təbliği sahəsində atılan mühüm addım idi.

Y. Qarayev Ədəbiyyat İnstitutunun rəhbəri kimi mühacirət ədəbiyyatına xüsusi diqqət ayırmışdı. 1991-ci ildə rəhbərlik etdiyi Nizami adına Ədəbiyyat İnstitutu Bakıda üslubca, ideyaca zəngin mühacirət ədəbiyyatının problemlərinə həsr olunmuş Beynəlxalq simpozium təsis edildi. Mühacirət ədəbiyyatımızın Ə. Hüseynzadə, Ə. Ağaoğlu, M.Ə. Rəsulzadə, A. İldırım kimi simalarının həyat və yaradıcılıqlarının tədqiq edilməsi məhz bu işin davamı kimi qiymətləndirilməlidir. Bu simpoziumda Y. Qarayevin özünün qeyd etdiyi kimi mühacirlərin elmi və bədii irsinin, mühacirətdəki arxivlərin planlı nəşrinin perspektivləri müəyyənləşdirildi. Simpoziumda mühacirətin ideya-təşkilati vəziyyəti təhlil süzgəcindən keçirildi.

Folklor irsinin yadlar tərəfindən mənimsənilməsinə qarşı mübarizəyə xüsusi diqqət yetirən Y. Qarayev İnstitutda "Kitabi-Dədə Qorqud" dastanının hərtərəfli tədqiqatını təşkil etdi. Y. Qarayevin təşkilatçılığı ilə "Kitabi-Dədə Qorqud" dastanına aid tədbirlər həyata keçirildi. 1997-ci ildə "Kitabi Dədə Qorqud-1300" mövzulu beynəlxalq simpozium, 1998-ci ildə Dədə Qorquda həsr olunmuş Sovet və Türkiyə alimlərinin Bakıda keçirilən II kollokviumu, 2000-ci ildə "Kitabi Dədə Qorqud və dünya epos ənənələri" mövzusunda Beynəlxalq elmi simpozium məhz Y. Qarayevin təşkilatçılığı ilə gerçəkləşdi.

ƏDƏBİYYAT TARİXİ YAŞAR QARAYEVİN ELMİ ARAŞDIRMALARINDA

Y. Qarayev ədəbiyyat tarixinin bir sıra problemlərini tədqiq etmiş, elmi yeniliyi və əhəmiyyəti ilə seçilən nəzəri konsepsiya və tezislər irəli şürmüşdür: Şərqdə çoxetaplı intibah konsepsiyası, "Təsəvvüf intibahı"nın Şərq ədəbiyyatına təsir formaları, Nizaminin Şərq İntibahında xüsusi yer tutması, Şərq İntibahı və Avropa İntibahı arasında əlaqələrin və tipoloji həmahəngliyin olması, Füzuli yaradıcılığının Şərq İntibahı çərçivəsində türkcənin Şərqdə hakim dil səviyyəsinə qaldırılmasına təsiri, M.F. Axundovun Azərbaycanda realizmin inkişafında fərdi və milli konkretlik gətirməsi, o cümlədən, latın əlifbasına keçilməsi probleminin ictimai və elmi dairələr qarşısında qaldırılmasında rolu, milli ədəbiyyatın "Ən yeni dövr"ünü Xalq Cümhuriyyəti dövrüylə başlamaq təklifi.

Y. Qarayev həyat ehtiraslarının nikbin təsvirini İntibah realizminin fərqləndirici xüsusiyyətlərindən biri hesab edirdi: Onun  fikrincə, Avropa İntibahı üç müxtəlif və müstəqil tarixi-mədəni mərhələnin bir-biri ilə üçtərəfli qarşılıqlı əlaqəsi zəminində meydana çıxır: keçmişin (antik dövrün) əsasında, indinin ("tutqun" orta əsrlərin) inkarı prosesində və gələcəyin (orta əsrləri əvəz edən "Yeni zamanın") yaranması şəklində! Şərqdə İntibah mədəniyyəti isə eyni bir sürəkli və mürəkkəb epoxa vahidi daxilində - orta əsrlərdə cərəyan edir". Y. Qarayev Şərq orta əsrlərinin Avropanın orta əsrləri ilə deyil, məhz İntibah dövrü ilə qarşılıqlı analogiya təşkil etməsi faktını bir ziyalı kimi də görə bilmişdi.

Dini-mənəvi dəyər olan "Təsəvvüf intibahı" - yəsəvilik Y. Qarayevə görə "islamdan sonrakı şeir, musiqi, rəssamlıq, memarlıq ilk bədii kültürü intibahını" özündə əxz etdirən təlim idi. Y. Qarayev təsəvvüfün humanizm, əxlaq saflığına və elmi-maarifə meyl etməsini, yalan və harama isə nifrət tərbiyə etməsini göstərmişdir. "Əslində, yəsəvilik - folklorla, xalqla eyniyyət epoxasının təcəssümü və hadisəsi olmuşdur" deyən Y. Qarayev yəsəviliyin yaranması tarixinə toxunarkən, onun "son böyük köç"dən sonra meydana çıxdığını qeyd edib.

Y. Qarayev İslam intibahı "xilafətinin" beşiyi başında dayanmış Nizamidə həyata rassional münasibət və insanın mənəvi dünyasının dərindən təqdiminin özünü göstərdiyini yazır. O, Nizamidə İntibah dünyagörüşünün xəlqilik və demokratizm, humanizm və əqlə hörmət, böyük hərfli insan axtarışları kimi bir çox əsas xüsusiyyətlərinin cəmləşdiyini bildirir. Y. Qarayev ilk mənzum roman-epopeya müəllifi Nizamini novator, həmçinin islahatçı şair kimi dəyərləndirmişdir.

XIV əsrin əvvəlləri və XVI əsrin sonlarında İntibah dövrü və ya Renesans (fr. Renaissance, ital. Rinascimento - "Yenidən doğulma") Avropa mədəniyyəti tarixində, Orta əsr və Yeni dövr mədəniyyətləri arasındakı bir mərhələ olaraq Qərbi və Mərkəzi Avropada meydana çıxıb. Türk bədii məkanında Şərq-islam intibahının Avropa intibahından əvvəl meydana çıxması mübahisələr doğurur. Adam Mets qeyd edir ki, X-XII əsrləri əhatə edən Müsəlman İntibah Dövrü Avropa İntibahına zəmin yaradıb. Bu baxımdan, Avropa İntibah Dövrü anlayışı ilə birgə Müsəlman İntibah Dövrü anlayışı da istifadə olunması labüddür. Y. Qarayev isə türk bədii məkanında Şərq-islam intibahının Qədim Ellada, həmçinin Avropa İntibahı arasında tipoloji həmahənglik olmasını qabardır. Şərq-İslam İntibahının Avropa intibahına təsirini açıqlayan ədib yazır: "Neçə əsr sonradan Qərbdə Avropa İntibahının və hazırda müasir elmi dünyanın davam və inkişaf etdirdiyi humanist cəmiyyət və ədalətli rəhbər (şah) ideyası Nizaminin bütün həyat və yaradıcılığı boyu məşğul etmişdir".

Y. Qarayev Avropa İntibahı və Şərq-islam İntibahı arasındakı fərqli cəhətləri izah etmişdir. O, Avropa İntibahını xristianlıqla antik ənənənin sintezi kimi meydana çıxdığını qeyd edirsə, Şərq-islam İntibahının islamla sufizmin qaynağı kimi formalaşdığını göstərir.

Füzulinin milli-ədəbi tarixi missiyasının "poeziyada və nəsrdə türkcəni də Şərqdə hakim elitar-genel dil səviyyəsinə qaldırmaq!" olmasını qeyd edən alim, milli dilin təşəkkül tapmasında şairin rolu və missiyasını başa düşməsini onun qələmə almış olduğu əsərləri ilə isbatlayır. Y. Qarayev "ərəb torpağında, ərəb süjetini türk dilində qələmə" alan Füzulinin bu əməlinin Yaxın və Orta Şərq yazılı və şifahi ədəbiyyatında "türk dili məkanı"nı yaratdığını vurğulayır. O, Füzulinin türk təfəkkürü və türk dili ilə "ümumi islam mədəniyyəti"nə xidmət etməsini də önə çəkir. Füzuli türk dilində şeir yazmaq ənənəsini Şərqdə elitar ənənə səviyyəsinə yüksəltməyə qadir olan dahilərimizdəndir. Şairin yaradıcılığındakı " dil stixiyası təpədən - dırnağa oğuz-azəri stixiyasıdır" deyən Y. Qarayevin bu fikri Füzulinin artıq XVI əsrdən fərqlənməyə başlamış azəri türkcəsində yazıb-yaratmasını tutarlı şəkildə təsdiqləyir.

Y. Qarayev XIX əsrin maarifçi realisti M.F. Axundovun milli ədəbiyyata və mədəniyyətə realist istiqamət verməsini, fərdi və milli konkretlik gətirməsini, həmçinin maarifçi-realist fəlsəfi fikrinin əsasını qoymasını vurğulayır. Bədii yaradıcılığına "Səbuhi" təxəllüsü ilə şeirlə başlamış M.F. Axundov Şərq aləmində, türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoyub. M.F. Axundov 1850-1855-ci illərdə qələmə aldığı komediyalarında Şərq qadınlarının səhnə obrazlarını yaratmağa nail olub. Y. Qarayev M.F. Axundovun ərəb qrafikalı yazının əleyhinə olmasını və Şərqdə əlifba hərəkatında ilk dalğa rolunu üzərinə götürməsi amilinə də toxunub. O göstərir ki, "son zamanlar islam əlifbasının ərəb, fars və türk dillərinin yazılışı və oxunmasındakı nöqsanlarını müşahidə edərək, həmin dillərin öyrənilməsini asanlaşdırmaq məqsədilə islam yazı qaydalarını dəyişdirməyi lazım bildim" deyən böyük mütəfəkkirin fikrincə, "...bizə elə bir əlifba ixtira etmək lazımdır ki, onun nəticəsində üç məqsədə çatmaq mümkün olsun; yəni birinci - asan oxumaq; ikinci - asan yazmaq; üçüncü - asan çap etmək..."

(Ardı var)

 





12.01.2016    çap et  çap et