525.Az

“Çoxlarının sevdiyi dil...” haqqında maraqlı vəsait


 

“Çoxlarının sevdiyi dil...” haqqında maraqlı vəsait<b style="color:red"></b>

İngilis dilçisi Simeon Potterin “Dilimiz” kitabının tərcüməsi haqqında qeydlər

Qədim ingilis dili necə formalaşıb? Bu dil hansı inkişaf mərhələlərini keçib? Əsrlər boyu işlənən bu dildə indiyədək  hansı dəyişikliklər baş verib?

İndi ingilis dilinin ölkəmizdə də geniş öyrənildiyini nəzərə alsaq, bu sualların aktuallığını anlamaq çətin olmaz. İngilis dili, bu dilin tarixi və keçdiyi inkişaf yolu haqqında bütün bu və digər sualların cavabı tanınmış ingilis dilçisi Simeon Potterin “Dilimiz” (“Our Languaage”) kitabında verilib.  Bu yaxınlarda Azərbaycan oxucusuna Azərbaycan dilində təqdim olunan bu kitab “çoxlarının sevdiyi və çox az insanın ondan necə istifadə etməyi bildiyi dil haqqındadır” (R.V.Çəpmən)...

Müəllif dil tarixinin araşdırılmasına  qədim ingilis dilinin yaranması və formalaşması tarixinin təhlilindən başlayır. “Qədim ingilis dili” adlı ilk fəsildə V və VI əsrlərdə müxtəlif millətlərin (yutların, saksonların, anqlların) adada məskunlaşması, bundan sonra Avropada və bütövlükdə dünyada baş verən bir çox ictimai-siyasi proseslərin təsiri ilə dilin dəyişməsi və inkişafı, bütövlükdə dünyada gedən yerdəyişmələrin ingilis dilinə təsiri məsələləri araşdırılır.  Böyük alim bu qənaətə gəlir ki, ingilis dili flektiv dillərdən olsa da, onda yunan, latın və ya qot dili kimi yüksək dərəcədə flektivlik yox idi. Bu dil hind-Avropa sintetikliyindən müasir ingilis analitizminə doğru aparan lingvistik yolun yarısından bir qədər çox məsafə qət edib.

Müəllif dilin söz sırasını, mürəkkəb cümlələrin quruluşunu və s. təhlil edərək uzun illər boyu ingilis dilində gedən mürəkkəb proseslərin təhlilinə geniş yer verib.

“Görəsən, nəyə görə texniki terminlərmizin çoxu yunan mənşəlidir?”

Bu sual, əslində, təkcə ingilis dilinə deyil, əksər dillərə, o cümlədən Azərbaycan dilinə də aiddir. Çünki bizim dilimizdə işlənən terminlərin də çoxu yunan mənşəlidir və bu baxımdan müəllifin yunan təhsilinin ingilis dilinə və bütün dillərə təsirinə xüsusi diqqət yetirməsi təsadüfi deyil.

Müəllif ingilis dilində şəxs adlarının təşəkkülü və işlənmə tarixini də araşdırıb,  ingilis cəmiyyətində şəxs adlarının formalaşma tarixini, şəxs adlarının daşıdığı məna çalarlarını sadə və anlaşıqlı şəkildə oxucuya çatdırıb.

Kitabda Britaniya və Amerikan ingilis dili arasında fərqlər, bu fərqlərin yaranma tarixi və zərurəti də aydınlaşdırılır, dildə mövcud olan meyl və istiqamətlər təhlil edilir.

Bütün bunlar böyük ingilis dilçisinin elmi potensialından və yüksək erudisiyasından xəbər verir və kitabın bütün dövrlər üçün gərəkli olduğunu göstərir.  Lakin belə bir gərəkli kitabı Azərbaycan oxucusuna çatdıran, kitabı dilimizə tərcümə edən insanların zəhməti isə heç də müəllifin zəhmətindən az deyil. Əsəri filologiya elmləri doktoru, professor  Fəxrəddin Veysəlli və Azərbaycan Dillər Universitetinin ingilis dilinin qrammatikası kafedrasının baş müəllimi Sahilə Mustafayeva tərcümə edib. Tərcüməçilər əslində çətin, məsuliyyətli, eyni zamanda tələbələr və ingilis dili ilə maraqlananlar üçün vacib bir işin öhdəsindən uğurla gələ biliblər. Tərcümədə müəllifin üslubu, yaradıcılıq manerası qorunub saxlanılıb, kitab oxunaqlı və anlaşıqlı şəkildə oxuculara təqdim edilib. Çünki S.Potter ingilis dilinin incəliklərindən istifadə edərək sanki oxucularla söhbət edir, ingilis dilinin hazırkı dövrə qədər keçdiyi uğurlu, çətin, eyni zamanda şərəfli yolu dilçi-yazıçı ustalığı ilə oxuculara çatdırır. Tərcümə zamanı kitabın yazı üslubu – sadəliyi, təbiiliyi Azərbaycan dilinin gözəlliyindən istifadə edilərək  saxlanılıb. Bu da tərcüməçilərin peşəkarlığının göstəricisidir.

Bundan başqa tərcüməçilər kitabı sadəcə tərcümə etməyiblər. Onlar tərcüməyə yaradıcı yanaşıblar. Belə ki, kitabda müxtəlif tarixi hadisələr xatırlanır, qədim, orta, Tüdor və Elizavet dövründə çap olunmuş müxtəlif kitabların – dini, tarixi, bədii, elmi əsərlərin adı çəkilir, onlardan sitatlar verilir. Müəllif  bəzən müxtəllif hadisələri xatırladır, amma onu açıqlamadan söhbətinə davam edir. Azərbaycanlı oxucuları həmin hadisələrlə bağlı məlumatlandırmaq üçün tərcüməçilər bu hadislər barədə mötərizədə məlumat verməklə oxucunun işini asanlaşdırıblar. Məqsəd oxucuların həmin hadisələrlə bağlı bilgisini artırmaqdır.

Eyni zamanda orijinalda çoxlu miqdarda nümunə sözlərdən istifadə olunub. Azərbaycanlı oxucuları tam şəkildə məlumatlandırmaq məqsədilə həmin sözlərin həm tələffüzləri, həm də tərcümələri mötərizədə qeyd edilib.

Əsərdən görünür ki, müəllifin bəzi fikirləri bügünkü dilçilikdə artıq əhəmiyyətini itirib. Məsələn, “Səslər və yazı” adlanan VI fəsildə müəllif ingilis dilinin  fonoloji sistemini öz dövrünə uyğun olaraq sıralayaraq şərh edib. Amma orada olan bəzi fikirlər artıq müasir dövr üçün aktual olmadığından tərcüməçilər həmin hissələrə öz münasibətini bildirib və bu barədə də fikirlərini qeyd ediblər.

Orijinalda  çoxlu dövlət xadimi, dilçi, yazıçı, şair və s. adları çəkilir. Həmin adların orijinaldakı yazı formalarının ayrıca “Ad göstəriciləri”  bölməsində verilməsi də təqdirəlayiqdir.

Qeyd etmək yerinə düşər ki, əsərə professor İsmayıl Kazımov,  professor Qılıncxan Bayramov, dosent Leyla Cəfərova və dosent Qələmşah Heybətov rəy vermişlər. Kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Azad Məmmədov və filologiya üzrə fəlsəfə doktoru Elmar Əbdülrəhimovdur.

Göründüyü kimi, bu əsər sanballı bir alim kollektivinin iştirakı ilə  ərsəyə gəlib. Bu isə o deməkdir ki, kitab oxucuların, xüsusən ingilis dilinin tarixinə, bu dildə baş verən dəyişikliklərə maraq göstərən mütəxəssislərin stolüstü vəsaitinə çevriləcək.

Şəhla NAĞIYEVA
Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı
kafedrasının professoru.

 





23.01.2013    çap et  çap et