525.Az

Soydaşımızın xoş sədası


 

Soydaşımızın xoş sədası<b style="color:red"></b>

Bu günlərdə internet saytlardan məlum oldu ki, Sibirdə - Pıtyax şəhərində yaşayıb-yaradan, "Novaya Severnaya qazeta"da çalışan həmyerlimiz - Azərbaycan və eləcə də Rusiya Federasiyası Yazıçılar ittifaqlarının üzvü, Pıtyax şəhərinin Fəxri vətəndaşı Knyaz Qoçaq (Qurbanov Knyaz Qoçaq oğlu) Rusiya-Azərbaycan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Rusiya Federasiyası Muxtar Dairəsinin Əməkdar mədəniyyət xadimi adına layiq görülüb.

Xanti-Mansiysk şəhər Mərkəzi Kitabxanasında keçirilən təqdimat mərasimində fəxri adın döş nişanını soydaşımızın sinəsinə Yuqra Muxtar Dairəsinin qubernatoru Natalya Kamarova taxıb.

2012-ci ildə Knyaza bədii yaradıcılığına görə Mamin-Sibiryak, inişil isə Beynəlxalq Yuqra ödülü verilmişdi. Ümidvaram ki, bu yeni mükafatı K.Qoçağın fəaliyyətində yeni izlər qoyacaq. Artıq 35 ilə yaxındır ki, RF-nın çeşidli qəzet və jurnallarında K.Qoçağın imzasına vaxtaşırı rast gəlirəm. Onun bədii yazılarını - şeirlərini, hekayələrini, həmçinin məqalələrini oxumağım və hətta ara-sıra ana dilimizə çevirməyim həm də şəxsi ünsiyyətimizlə bağlıdır. Beyləqanda, Şahserən kəndində eyni orta məktəbi bitirmişik, mən 1965-ci ildə, o isə on il sonra.

K.Qoçağın bu axırıncı xoş sədasını alandan sonra "V sadu bılo abrikos" ("Bağda ərik var idi...") kitabını vərəqlədim və daha iki kiçik şeirini ana dilimizə çevirdim ki, K.Qoçağı "525-ci qəzet"in oxucularına qismən də olsa, tanıtdırım.

Məmməd Oruc

ÜMİD

"Sevgilimin məktubları" silsiləsindən

Qəlbimin sirrini mən kimə deyim?
Qəlbimdə gün kimi batmayan sənsən.
Səni arzulayır, səni ürəyim,
Mənim həyatımda çatmayan sənsən.

Neon lampaların bəyaz işığı
Gecəni döndərib yenə gündüzə;
Adamlar dolanır bağçanı-bağı, -
Bəlkə gələcəyik bu gün üz-üzə?
Gül arıya, mənsə sənə möhtacam,
Bulaq kimi qarışarıq, axarıq.
Dəxli yoxdur, səni harda tapacam, -
Təki tapım, sonrasına baxarıq.

DÖZÜM

Bu alın yazımdır, mən gərək dözəm,
Dözəm bu günlərin ayrılığına.
Bircə an, bircə an qalsaq göz-gözə,
Dəyər yüz telefon danışığına.

Təyyarəyə bilet almaq çətindi,
Sən uzaq şimalda, mən cənubdayam.
Şimal da, Cənub da sənə vətəndi,
Mən isə Xəzərdə tənha adayam...

Knyaz QOÇAQ
Ruscadan çevirən: M.Oruc

 





13.01.2016    çap et  çap et