525.Az

"Ötən il Azərbaycan-NATO əməkdaşlığı uğurla davam etdirilib"


 

"Ötən il Azərbaycan-NATO əməkdaşlığı uğurla davam etdirilib" <b style="color:red"></b>

Azərbaycanla NATO arasında münasibətlər ötən il də uğurla davam etdirilib. 

Müsahibimiz Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim ötən ilin yekunları və cari ildə nəzərdə tutulmuş planlar barədə ətraflı danışıb.  

- Xəzər müəllim,  başa çatmaqda olan 2015-ci ili Azərbaycan-NATO əməkdaşlığı baxımından necə dəyərləndirirsiniz?

- Azərbaycan-NATO tərəfdaşlığının məzmunlu əsası 1994-cü ildən - ümummilli lider Heydər Əliyev tərəfindən Sülh naminə Tərəfdaşlıq sənədinə imza atılmaqla qoyulmuşdur. Ötən 21 il ərzində bu əməkdaşlıq böyük inkişaf yolu keçərək möhkəmlənib və məzmunca dərinləşib. 2015-ci ildə Azərbaycan-NATO əməkdaşlığı öz strateji əhəmiyyətini saxlamaqla uğurla davam etdirilib. NATO Azərbaycanı hər zamankı kimi etibarlı və sadiq tərəfdaş qismində tanıyıb və müxtəlif formatlarda bunu  dəfələrlə qeyd edib. Azərbaycan-NATO əməkdaşlığı siyasi dialoq, NATO-nun apardığı əməliyyatda iştirak, müdafiə sahəsində uyarlılığın inkişaf etdirilməsi üzrə fəaliyyət, yüngül və atıcı silahların məhv edilməsi, eləcə də minaların təmizlənməsi ilə bağlı etimad fondları üzrə əməkdaşlıq, meydana gələn təhlükəsizlik çağırışları, mülki fövqəladə planlaşdırma, ictimai diplomatiya və NATO-nun tərəfdaş ölkələrlə əməkdaşlığını əhatə edən proqramlar sahələrini əhatə edib.

Ötən il ərzində Azərbaycan Respublikası ilə NATO arasında müxtəlif format və səviyyələrdə müntəzəm siyasi məsləhətləşmələr həyata keçirilib, yüksək səviyyəli görüş və səfərlər təşkil edilib. Azərbaycan NATO-nun başçılıq etdiyi və Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək" missiyasında iştirakını davam etdirib. Eləcə də Azərbaycan "Qətiyyətli Dəstək" missiyasının tamamlanmasından sonra NATO-nun Əfqanıstanda təsis olunacaq və mülki şəxs tərəfindən rəhbərlik ediləcək missiyasına qoşulmaq üzrə prinsipial razılığını bildirib. 2015-ci ildə Azərbaycan-NATO praktiki əməkdaşlığı uğurla davam etdirilib, il ərzində NATO çərçivəsində keçirilən 200-ə yaxın tədbirdə Azərbaycanın çoxsaylı hərbi və mülki nümayəndəsi iştirak edib və Alyansın Fərdi Tərəfdaşlıq Əməkdaşlıq proqramından faydalanıb. Hazırda Azərbaycanın 10 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edir. Bu xüsusda Azərbaycan tərəfdaş ölkələr arasında 1-ci sıradadır. Buna əlavə olaraq, ötən il Azərbaycanın Fövqəladə Hallar Nazirliyindən olan iki nəfər zabiti NATO-nun Avro-Atlantik Fəlakətlərə Cavab üzrə Əlaqələndirmə Mərkəzində Könüllü Milli Töhfə qismində xidmət edib.

- Bu yaxınlarda NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahu bildirdi ki, NATO ilə Azərbaycan arasında fərdi əməkdaşlıq planı təsdiq edilib. Bu planda hansısa fərqli məqamlar varmı?

- İlk növbədə qeyd etmək istərdim ki, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) Azərbaycan və NATO arasında əsas sənəd hesab olunur və əməkdaşlıq sahələrimizi nəzərdə tutur. Azərbaycan FTƏP prosesinə 2004-cü ildən qoşulmaqla indiyə kimi NATO ilə 2005-2007, 2008-2010 və 2012-2013-cü illəri əhatə edən 3 dövr üzrə əməkdaşlıq edib və hazırda 2015-2016-cı illəri əhatə edən növbəti dövr FTƏP sənədi həyata keçirilməkdədir. FTƏP tərəfdaşlara NATO ilə əməkdaşlığa daxil olan müxtəlif sahələr üzrə islahatların aparılması və əməkdaşlığın inkişaf etdirilməsi imkanı verir. İki illik əsasda tərtib olunan bu Plan Azərbaycan və NATO arasında siyasi dialoqdan tutmuş müdafiə və təhlükəsizlik sahəsində islahatlara kimi müxtəlif sahələri əhatə edir. Hazırkı FTƏP sənədi də bu xüsusda istisna deyil.

- Dağlıq Qarabağ münaqişəsinə yanaşmada NATO-nun mövqeyi barədə nə deyə bilərsiniz?

- NATO üzv ölkələri Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə sadiq qaldıqlarını NATO-nun yekun zirvə toplantılarında dəfələrlə birmənalı olaraq bəyan edib və münaqişənin beynəlxalq hüququn prinsip və normaları əsasında sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləməkdə davam etdiklərini bildiriblər. Son dəfə ötən il sentyabrın əvvəlində keçirilmiş NATO Uels zirvə toplantısında qəbul olunmuş Yekun Bəyannamədə qeyd olunub ki, Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək ilə bağlı müttəfiqlər öz öhdəliyində davamlıdır və Cənubi Qafqaz və Moldovadakı münaqişələrin göstərilən prinsiplər, beynəlxalq hüququn normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktına əsasən sülh yolu ilə həllinə yönələn səyləri dəstəkləməkdə davam edəcəklər.

- Dünyada artan terror hadisələrinə rəğmən Azərbaycanın neft-qaz kəmərlərinin təhlükəsizliyinin təmin olunmasında NATO hansı dəstəyi verə bilər?

- NATO birbaşa olaraq neft-qaz kəmərlərinin təhlükəsizliyinin təmin olunması ilə məşğul deyil və neft-qaz kəmərlərinin təhlükəsizliyi məsələsi hər ölkənin milli məsuliyyətində olan məsələdir. Eyni zamanda geniş mənada Azərbaycan NATO ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın uğurla davam etdirir. NATO enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolunu hər zaman xüsusi vurğulayır və bu sahədə NATO ilə əməkdaşlıqda fəal tərəfdaş olduğumuzu bildirir. Azərbaycan NATO-ya tərəfdaş olan ölkə kimi mühüm enerji infrastrukturunun mühafizəsi üzrə ən yaxşı təcrübələrin bölüşülməsi xüsusunda Alyansla əməkdaşlıq edir. Azərbaycan terrorizmə qarşı mübarizə üzrə Avro-Atlantika Tərəfdaşlıq Şurası formatında mühüm enerji infrastrukturunun mühafizəsi üzrə qeyri-formal işçi qrupun sədridir. Bu kontekstdə müxtəlif illərdə mühüm infrastrukturların mühafizəsinin bu və ya digər aspektləri üzrə Azərbaycan NATO ilə birgə seminarlar təşkil edib. Sonuncu dəfə belə bir seminar bu ilin oktyabr ayında NATO Mənzil Qərargahında Azərbaycanın sədrliyi ilə dənizdə enerji infrastrukturlarının mühafizəsi mövzusu üzrə keçirilmişdir.

- Hazırda Azərbaycanın Əfqanıstanda sülhyaratma prosesində iştirakı hansı səviyyədədir?

- 2003-cü ildən 2014-cü ilə kimi BMT-nin mandatı altında NATO-nun rəhbərliyi ilə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) üzrə əməliyyat həyata keçirilib. Bu missiyanın məqsədi Əfqanıstan hakimiyyətinin ölkədə effektiv təhlükəsizliyi təmin etmək imkanına qadir olması və Əfqanıstanın terroristlər üçün yenidən münbit mühit olmasının qarşısının alınmasından ibarət olub. Bu missiya çərçivəsində Əfqanıstanda təhlükəsizlik əməliyyatı keçirilib, Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin bacarıqlarının formalaşdırılmasına kömək edilib. Bu prosesin davamı olaraq, NATO-nun 2014-cü il sentyabr ayında keçirilmiş Uels Sammitində İSAF-a qüvvə ilə töhfə verən ölkələr Əfqanıstanda aparılan təhlükəsizlik əməliyyatı ilə bağlı nailiyyətləri nəzərə alaraq, Əfqanıstana İSAF əməliyyatı bitdikdən sonra da dəstək verməkdə davam edəcəklərini  bəyan etdilər. Nəticədə NATO-nun aparıcılığı ilə Əfqan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinə təlim, məsləhət və yardım xarakterli dəstəyin həyata keçirilməsi məqsədilə "Qətiyyətli Dəstək" adlı missiya təsis olundu. Qeyri-döyüş xarakteri daşıyan bu missiya daha az kontingenti əhatə edir.

"Qətiyyətli Dəstək" missiyasında 43 ölkədən təxminən 13 min hərbçi xidmət göstərir. Bu missiya hazırda özünün birinci mərhələsini həyata keçirir və Kabil-Baqram mərkəz olmaqla məhdud regional ölçüdə fəaliyyət göstərir; regional, milli və institusional səviyyədə təhlükəsizlik təsisatlarına, korpus və polis birliyi səviyyəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinə və bütün səviyyələrdə xüsusi əməliyyat qüvvələrinə təlim verilir. Bununla paralel olaraq, Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin təminatı və dayanıqlılığı məqsədilə NATO üzv və tərəfdaş ölkələri tərəfindən maliyyə yardımı davam etdirilir.

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə töhfə verən və olduğu regiona yaxın bölgələrdə baş verən proseslərə lazımı mövqeyini nümayiş etdirən bir ölkə kimi NATO-nun Əfqanıstandakı əməliyyatında (İSAF) ilk illərdən iştirak edib. Hazırda NATO-nun rəhbərlik etdiyi əməliyyatda da iştirakını davam etdirir.  Belə ki, Azərbaycan "Qətiyyətli Dəstək" missiyasında təmsil olunan 15 tərəfdaş ölkədən biridir. Azərbaycan Prezidenti Çikaqo və Uels Sammitlərində və NATO Mənzil Qərargahına səfəri zamanı Azərbaycanın 2014-cü ildən sonra da Əfqanıstana dəstəyinin davam edəcəyini bəyan etdi. Bu dəstəyin əsas elementlərini "Qətiyyətli Dəstək" missiyasına hərbi qüvvə töhfəsi, mülki təlim, tranzit və Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin maliyyə təminatı təşkil edir. Azərbaycan Əfqanıstan Milli Ordusu üzrə  Etimad Fonduna 1 mln. avro töhfə verib və 2 mln. avro töhfə vəd edib. Vəd olunan 2 milyon töhfənin bir hissəsi Azərbaycan tərəfindən Əfqanıstan Milli Ordusu üzrə Etimad Fonduna köçürülüb. Hazırda Azərbaycanın 94 nəfərlik hərbi heyəti Qətiyyətli Dəstək əməliyyatının tərkibində xidmət edir. Azərbaycan hərbçiləri Türkiyənin komandanlığı altında Kabil Beynəlxalq Hava Limanında qüvvə mühafizəsinə məsuldur. Bayaq qeyd etdiyim kimi, "Qətiyyətli Dəstək" missiyasının tamamlanmasından sonra NATO-nun Əfqanıstanda mülki şəxs tərəfindən rəhbərlik ediləcək müvəqqəti təmsilçiliyinin təsis olunması nəzərdə tutulur. Azərbaycan sözügedən missiyaya qoşulmaq üzrə prinsipial razılığını bildirib.

- Rusiya-Türkiyə münasibətlərindəki gərginliyə NATO-nun mövqeyi necədir?

- Bildiyiniz kimi, Türkiyə NATO-nun 28 üzv ölkəsindən biridir. NATO birmənalı olaraq öz müttəfiqinin ərazi bötüvlüyünü dəstəkləyir və onunla həmrəylik nümayiş etdirir. Bu mövqe NATO Baş katibinin sözügedən hadisədən sonrakı bəyanatlarında aydın şəkildə öz əksini tapıb. Eyni zamanda Alyans bu iki ölkə arasında əlaqələrin davam etdirilməsi, məsələnin diplomatiya və gərginliyin azaldılmasına istiqamətlənən formada həllinə çağırır və risklərin azaldılması ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətini qeyd edir.

- 2016-cı ildə Azərbaycan-NATO əməkdaşlığının əsas istiqamətləri nədən ibarət olacaq?

- Məlumdur ki, Azərbaycanın NATO ilə əməkdaşlığı Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində maraq doğuran məsələlər üzrə həyata keçirilir. 2016-cı ildə də Azərbaycan milli maraqlarımız əsasında NATO-nun təklif etdiyi mümkün əməkdaşlıq mexanizmlərindən faydalanmağa, Alyansla hazırkı çoxsahəli əməkdaşlığını inkişaf etdirməyə davam edəcək. Gələn ilin iyul ayında NATO-nun növbəti zirvə toplantısının Varşavada keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq NATO daxilində müvafiq formatlarda keçiriləcək hazırlıq-planlama iclaslarında toplantının gündəliyində duran məsələlər üzrə ölkəmizin maraqlarının təmin olunması istiqamətində müvafiq işlər aparılacaqdır.

PƏRVANƏ

 





13.01.2016    çap et  çap et