525.Az

İqtisad Universitetində imtahanlar jurnalistlərin nəzarəti altında keçirilib


 

İqtisad Universitetində imtahanlar jurnalistlərin nəzarəti altında keçirilib<b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) KİV nümayəndələri qış imtahan sessiyasının gedişinə nəzarət ediblər.

"Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir" devizi altında keçirilən tədbirdə nüfuzlu mətbuat orqanlarından iyirmidən çox jurnalist iştirak edib.

Təhsil nazirinin "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmrinə əsasən həyata keçirilən görüşdə Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzinin direktoru Raqif Qasımov "ictimai nəzarətçi"ləri imtahan prosesinin gedişi, nəzarət təlimatları ilə tanış edib. Sonra "ictimai nəzarətçi"lər UNEC-in bütün tədris binalarında keçirilən imtahanlara nəzarət ediblər.

"Texnologiya və dizayn", "Kommersiya" fakültələri üzrə keçirilən test imtahanlarında nəzarətçi kimi iştirak edən KİV nümayəndələrinə məlumat verən R.Qasımov bildirib ki, keçirilən test imtahanlarında tələbələrə əvvəlcədən 700 sual cavabları ilə birlikdə təqdim olunur: " Həmin suallar tədris dövründə keçirilən 15 mühazirə mövzusu üzrə müəyyən edilib. 700 sualdan 50-si imtahana düşür. Tələbə sualları cavablandırdıqdan sonra "bitir" düyməsinə basan kimi imtahanda göstərdiyi nəticəsi ilə tanış olur. Universitetinin hər korpusunda 5 növbə üzrə imtahan təşkil edilir. Hər növbədə minimum 150 tələbə iştirak edir". Bildirilib ki, humanitar fənlər üzrə imtahanlarda tələbələrə 1 saat 20 dəqiqə, riyaziyyat, ekonomika fənləri üzrə isə 2 saat vaxt verilir.

İmtahanlardan sonra jurnalistlər UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər. Rektor UNEC-də aparılan islahatlar, universitetin hədəfləri və iş prosesində qarşıya çıxan problemlərdən danışıb, jurnalistlərin suallarını cavablandırıb.

Ədalət Muradov jurnalistlərlə keçirdiyi görüşdə bildirib ki, yüksək keyfiyyəti təmin edən biləcək yeganə qüvvə müəllimlərdir: "Biz bir il səkkiz ay ərzində Azərbaycan Dövlət İqtisad Universitetinə 147 gənc müəllim cəlb etmişik. Keçən tədris ilində 121 nəfər gənc müəllim cəlb etmişdik, onlardan 68-i Avropa, Amerika Kanada universitetlərinin məzunlarıdır.

Universitetdə bir ixtisas üzrə bir neçə kafedranın olmasının tərəfdarı deyilik. Ona görə kafedraları birləşdiririk. Artıq 10 kafedra birləşdirilib. 10 kafedranın əvəzində 4 kafedra yaradılıb. Rektor bildirib ki, 45 kafedra fəaliyyət göstərir. Universitetdə 21 ixtisas üzrə tədris aparılır. Həmçinin 10-a yaxın qeyri-ixtisas kafedraları yaradılacaq. Universitetdə təhsil haqlarını qaldırmaq fikrimiz yoxdur".

Ə.Muradov universitetdə çalışan müəllimlərin əmək haqları barədə bildirib ki, müəllimlərin əmək haqlarını üç mərhələdə artırılıb: "Dekanların vəzifə maaşı 2000 manatdır. Əlavə dərs yüklərinə görə 500-600 manat məvacib alırlar. Kafedra müdirinin vəzifə maaşı 1 500 manat, professorun maaşı 1300 manatdır. Pedaqoji heyətin orta aylıq əmək haqqı 961 manat təşkil edir. Devalvasiyanı nəzərə almasaq, dollar ekvalentində kifayət qədər yüksək əmək haqqıdır. Gələcəkdə yenidən əmək haqlarının artırılması üçün universitetin ehtiyatı var.

Müəllimlərin dərs yükünün artırılması hesabına müəllimin sayı azaldıla bilər. Bununla da digər müəllimlərin əmək haqları artırıla bilər. Universitetin professor və müəllim heyətinin 25 faizinin yaşı 69 və ondan yuxarıdır. Ən yaşlı müəllimizin 88 yaşı var. UNEC-də yaşı 70-dən yuxarı və elmi dərəcəsi olmayan dosentlər universitetdən çıxarılması nəzərdə tutulur. Yalnız professorlar universitetdə fəaliyyətlərini istədikləri qədər davam edəcəklər".

Rektor bildirib ki, universitetdəki jurnallar hamısı elektrondur: "Müəllimlər 15 dəqiqə ərzində  qaybları qeyd eləməlidir. Amma sentyabr ayından biz barmaq iziylə tələbələrin dərsə davamiyyətinə keçəcəyik.  Müəllim tələbələrin yoxlanmasına sərf elədiyi vaxtı dərsə həsr edəcəklər. Artıq SABAH qruplarında barmaq iziylə dərsə davamiyyət tətbiq olunur. Tələbənin bütün universitet üzrə davamiyyətini müəllim yox, artıq tələbə özü qeyd edəcək. Müəllimlərin dərsi əvəz edilməsi məsələsinə son qoymaq üçün müəllimlər də elektron jurnalları ancaq barmaq iziylə aça biləcəklər. Ancaq  icazə verildiyi halda başqa müəllim digər müəllimin dərsini əvəz edə bilər".

Vəfa MƏMMƏDLİ

 





13.01.2016    çap et  çap et