525.Az

Təhsil mütəxəssisləri BDU-da imtahan prosesini izləyib


 

Təhsil mütəxəssisləri BDU-da imtahan prosesini izləyib<b style="color:red"></b>

Təhsil naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmrində nəzərdə tutulduğu kimi təhsil mütəxəssisləri və QHT nümayəndələrindən ibarət monitorinq qrupu Bakı Dövlət Universitetində qış imtahan sessiyasının gedişi ilə tanış olublar.

Universitetdən verilən məlumata görə, "Azad Müəllimlər" Birliyinin sədri Məlahət Mürşüdlü, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, "Multimedia" İnformasiya sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, təhsil üzrə ekspert Nadir İsrafilov əvvəlcə imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izləyib, sonra imtahan keçirilən auditoriyalarda olub və tələbələrlə görüşüblər.

Nümayəndə heyəti, eyni zamanda, universitetin elmi-tədqiqat və tədris laboratoriyalarına, mərkəz və muzeylərinə baş çəkiblər.

Daha sonra monitoriq qrupunun üzvləri ilə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun görüşü olub. Rektor universitetin maddi-texniki bazası, kadr hazırlığı, beynəlxalq əlaqələri barədə danışıb, o cümlədən, imtahanların gedişi və bu istiqamətdə görülən işlərdən bəhs edib.

Monitorinq qrupunun üzvləri imtahan prosesinin təşkilindən məmnunluqlarını bildirib, obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirib, Tədris Elektron Mərkəzinin fəaliyyətindən, apellyasiya və qərargahın işindən razılıqlarını bildiriblər. Bakı Dövlət Universitetinin güclü maddi-texniki bazaya malik olduğunu deyən ekspertlər, mütəxəssis hazırlığı istiqamətində görülən işləri yüksək qiymətləndirərək, nəzəri biliklərin təcrübədə tətbiqi istiqamətində həyata keçirilən layihələrdən, yerli və beynəlxalq qrant layihələrində iştirakdan məmnun qaldıqlarını vurğulayıblar.

Vəfa MƏMMƏDLİ

 





13.01.2016    çap et  çap et