525.Az

Təhsil üzrə ekspertlər imtahanları izlədilər


 

Təhsil üzrə ekspertlər imtahanları izlədilər<b style="color:red"></b>

Dünən Azərbaycan Texniki Universitetində (AzTU) təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə əsasən qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.

KİV-lərin nümayəndələri, ekspertlər və valideynlər auditoriyalarda imtahanların gedişini izləyib, qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə ediblər.

Monitorinq qrupunun nümayəndələri professor Şahlar Əsgərov, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev, tanınmış təhsil ekspertli Nadir İsrafilov və media nümayəndələri əvvəlcə tələbələrlə görüşüblər, imtahan keçirilən auditoriyalarda olublar, test üsulu ilə, həmçinin yazılı keçirilən imtahanların təşkili sahəsində yaradılan şəraitlə maraqlanıblar. Onlar universitetin Xüsusi texnika və texnologiya, Nəqliyyat, Radiotexnika və rabitə, Elektrotexnika və energetika fakültələri tələbələrinin imtahanlarında bilavasitə iştirak ediblər və imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izləyiblər.

AzTU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, AzTU-da 2015-2016-cı il tədris prosesinin və payız imtahan sessiyasının  təşkili, imtahanların gedişi, onlara nəzarətin artırılması, tələbələrin biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi ilə bağlı bir sıra ciddi tədbirlər həyata keçirilir. Bu il qış imtahan sessiyasında təxminən 9000 tələbə, o cümlədən, xüsusi texnika və texnologiya fakültəsində, “SABAH” qruplarında və “TEMPUS” layihəsi üzrə təhsil alan tələbələr yazılı və test üsulu ilə imtahan verirlər. İmtahan sessiyasına hazırlıq ərəfəsində müvafiq fənlər üzrə üç dəfə yoxlama imtahanları (kollokviumlar) keçirilib. AzTU-da hazırda 7392 nəfər bakalavriat, 432 nəfər magistratura səviyyəsində təhsil alır. Bunların təxmini 6 faizi-467 nəfəri imtahana buraxılmayıblar.

İmtahanların gedişinə nəzarət etmək məqsədilə bu ali məktəbdə qərargah və Apellyasiya Komissiyası yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etmələri üçün lazımi şərait yaradılıb.

Mübahisə doğuran məsələlər komissiya tərəfindən araşdırılır, qiymətləndirmədə şəffaflıq və operativlik təmin edilir.  Artıq bir neçə ildir ki, universitetdə imtahanlar test üsulu ilə yanaşı, yazılı formada da keçirilir.

H.Məmmədov qeyd edib ki, universitetdə tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər bu ali məktəbdə yaradılan elektron universitet portalı vasitəsilə nəzarətə götürülür, həm yazılı, həm də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal komputerin ekranında görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda isə bütün imtahanların nəticələri universitetin elektron portalında yerləşdirilir.

Rektor universitetdə aparılan bəzi islahatlar haqda məlumat verib. Bildirib ki, 2015-ci ilin may ayından kafedraların birləşdirilməsi prosesi gedir. 47 kafedradan 33-ü fəaliyyət göstərir. Bu proses bu ilin aprel-may aylarında da davam edəcək.

Sonra KİV-lərin nümayəndələri və ekspertlər institutun Heydər Əliyev Mərkəzi və virtual layihə texnoloji tədris mərkəzi ilə tanış olublar.

Valideynlərin, marağı olan şəxslərin imtahanların gedişatını izlənməsi üçün hər bir şərait yaradılıb. İmtahan sessiyası dövründə hər həftənin şənbə günləri rektor tərəfindən yaradılan “Açıq qapı” günləri keçirilir. Şikayət və təklifləri olan valideyn və tələbələr sərbəst müraciət edə bilərlər.

Vəfa MƏMMƏDLİ

 





16.01.2016    çap et  çap et