525.Az

“Son dövrdə türk ədəbiyyatı özünə qayıtmaqdadır”


 

“Son dövrdə türk ədəbiyyatı özünə qayıtmaqdadır” <b style="color:red"></b>

Özgə Səna Bigəç Çav çağdaş türk yazarları arasında seçilən imzalarından biri kimi öz dəsti-xəttini tanıda bilib. Bu cür dəyişik imzalarla oxucularımızın, özəlliklə yazarlarımızın bir-birlərini tanımaları yaxşı olardı.

Onunla türk ədəbiyyatı ilə bağlı qısa yazışmamızı təqdim edirəm.

- Özgə Səna xanım, özünüzü Azərbaycan oxucusuna necə tanıdardınız? Mümkün qədər ətraflı bilgi verə bilərsinizmi?

- Mən - yazar Özgə Səna Bigəç Çav. Həyatın mənasını və öz mahiyyətini dərk etməyə və həyatını bu ulu məna üzərində qurmağa çalışan bir insanam. ''Min bir heca nağılları'' adlı ilk əsərim keçən il hicri yeni ilində nəşr olunaraq dəyərli oxucularını salamladı. Bütün gözəl ürəkli, əxlaq sahibi, məzluma arxa çıxıb, zalımın qarşısında duran əsl ruhlu azəri böyüklərimə və dostlarıma Türkiyədən salam və məhəbbətimi göndərirəm. “Öz” kəliməsi bu torpaqlarda artıq çoxdan işlədilməyən, ancaq eşidildiyi zaman insana çox dərin təsir edən bir kəliməmizdir. Heç vaxt “mən” sözü “öz” sözünün yerini tuta bilməz. “Öz”ümüzü yenidən xatırlatdığınız üçün sizə təşəkkür edirəm.. .

- Türk ədəbiyyatı içində özünüzü hansı dövrün şairi hesab edirsiniz?

- “Divan Ədəbiyyatı şairəsi'' olmaq üçün uzun bir yolda gedən, kəlimələrdən göy üzü biçən, hüzün geyinən, ''Bu əslimiz deyildir'' deyib özünün kəlimə qılafını arayan, misralarının bəzən 13-cü əsr şairi həzrəti Mövlananın, 18-ci əsr şairi Şeyx Qalibin, bəzən də 11-ci əsr şairi Ömər Xəyyamın nəfəsini hiss etdirdiyi deyilən, “öz”ünü keçmişdəkilərə həsr edən bir qələm...

- Son 100 ilin türk ədəbiyyatını ümumi bir baxışla gözdən keçirsək. Kimlər gəldi keçdi? Hansı cərəyanlar daha təsirli oldu?

 - Osmanlının son dövrlərinə çatan, Cümhuriyyətin ilk illərini görən, inqilablara şahidlik və yançılıq edən professor Cahid Tanyol, ''Türk ziyalısı olaraq hamımız aldandıq'' deyir. Türk ədəbiyyatı da eyni sarsıntıdan mənfi yöndə təsirləndi. Öz kəlmələrini, öz əcdadının izini itirdi, bir qismi qərbi görəndə özünü tərksilah eylədi. Ancaq ibda - yəni yoxdan var etmək Allahın qüdrət əlindədir. İnşa da elə. Ədəbiyyatımızın əsaləti qorunaraq yeni nəfəsdə dirildiyinin müjdəsini verə bilərəm... İnqilablar yıxılmağa məhkumdur! İşıqla savaşan hər qaranlıq öz dibsizliyində yox olacaqdır. Bu gün islam mayası ilə yoğrulmuş türk ədəbiyyatı əslinin hərf geyimi və əsl mənası ilə dünyaya yayılır.

- Türk ədəbiyyatına son dövrdə ən çox hansı xalqın, ölkənin ədəbiyyatı təsir edə bildi?

- Bu son dövrdə türk ədəbiyyatı, cəhalətin təsiri ilə qısa müddətdə uzaqlaşdığı əsl Özünə geri qayıtmaqdadır. Ədəbiyyatımız artıq öz qədim Mədəniyyətindən təsirlənməkdə və əzmlə ona doğru yürüməkdədir.

- Türkiyədə şair olmaq, sizcə, hansı mənanı daşıyır?

- Şair olmaq və şair olaraq görünmək deyil də, təbii ki, kəlimələrilə daima insanlığa xidmət edəcək qədər şair olduğunun şüurunda “olmayan”, gözəl elmi oxuyub yazmaq məqsədi ilə həyatını və həyasını inşa edən daha çox məna daşıyır. Məna buradan bir gözəl aparır... çay kimi axır... özünü şair hesab edənlər deyil, o mənanın içindəki dəyərlərlə özünü və zamanını yaradanlar şair kimi xatırlanacaqlar.

- Türkiyədə yazar və şairlərin yetişməsində daha çox hansı ədəbiyyat dərgiləri rol oynamışdır?

- İslamiyyətin mayası ilə yoğrulmuş bütün dərgilər.

- Çağdaş Türkiyə cümhuriyyətində baş verən olaylar, siyasətdə və cəmiyyətdə gedən proseslər ədəbiyyatda, xüsusən də, şairlərdə əksini necə tapır?

- Torpaqlarımız hər şeydən əvvəl sözündən və hərfindən vuruldu. Şeir də o dövrdə ulduzu olmayan göy üzü kimi qərbin və batilin qaranlığında qaldı.

- Sizin üçün türk mədəniyyətində Cəmil Meriç kimdir? Sizcə, bu gün Türkiyədə onun ardıcılları, davamçıları varmı? Varsa kimlərdir? Yoxsa, bunun səbəbini söyləyə bilərmisinizmi?

- Şəxsi və milli dərinliyə işləmiş , içində olduğu zamanı və zəmini düzgün izah edə bilən bir şəxsdir o. Belə bir fikir Adamı son dövrlərində: “Təəssüflə deyim ki, mənəvi böyüklərimiz olan bir çox bişkin və dəyərli,  türk insanının şüuraltına işləmiş və kütlələrin ruh dünyasını yoğurmuş, uğrunda böyük fədakarlıqlara sinə gərilmiş, bir sözlə, müasir zamanın toplum vicdanına çox güclü böyük təsiri olmuş bir fikir və mübarizə adamlarının çoxunu  hər tərəfli tanımıram. Bu mənəvi böyüklərimiz mənim üçün dumanların o üzüdür. Bu, yalnız mənim deyil, bütün aydınların ortaq günahıdır” - deyərək öz davamçılarına işarə etməkdədir. Torpaqlarında açmış bir çox önəmli əsərlərin fərqində olmayan və onu dərk etməyən heç bir fərdə Cəmil Meriç bəy kimi fikir ustadının davamçısı deyilə bilməz.

- Bəziləri belə deyir ki, Türkiyədə ədəbiyyat yoxdur,türk şeiri zəifdir. Bu gün türk şeirinin ağzı tıxandı demək olarmı? Fikirləriniz bizim üçün maraqlıdır.

- Türk ədəbiyyatı, türk dilinin ərəb və fars dilinin ehtişamlı zənginliyindən heç bir şey itirməmişdir. Kəlmələrimizə qovuşduqca dilimiz də öz qədim gözəlliyini daima göstərəcəkdir.

- Sizcə, türk oxucuları Azərbaycan yazarlarını tanıdımı və tanıya bilirmi?

- Füzuli ən çox tanınan və hörmət edilən azəri şairimizdir. Bununla bərabər digər Azərbaycan yazar və şairlərini tanıtmaq üçün iki ölkə dostları olaraq daha geniş işlər görə bilərik.

- Azərbaycan bir ölkə, dövlət, xalq olaraq sizin üçün nə ifadə edir, nə məna daşıyır?

 - Kökləri eyni torpağa bağlı böyük bir ağacın meyvələriyik. Öz kimliyimizi və milli dəyərlərimizi qorumaq üçün birlikdə əmək sərf etmək borcumuzdur. Əcdadımızın ruhunu, bu nəslin gələcəyini xoşbəxt görə bilmək diləyimlə...

Söhbətləşdi: Ayişə Nəbi

 





16.01.2016    çap et  çap et