525.Az

Yaradıcı tələbələr


 

Yaradıcı tələbələr <b style="color:red"></b>

Hörmətli Rəşad Məcid!

Ədəbi mərkəzdən uzaqda, bölgələrdə xeyli istedadlı gənc yaşayır və təhsil alır. İlk qələm təcrübələrini həvəslə müəllimlərinə və tələbə yoldaşlarına oxuyan bu gənclər üçün mətbuat, ədəbi orqanlar bir qədər əlçatmazdır. Mənim işlədiyim ali təhsil müəssisəsində belə istedadlı gənclər çoxdur. Onların diqqət və qayğıya xüsusi ehtiyacları var.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında təhsil alan tələbələr həm də elmi-bədii yaradıcılıqla məşğul olur, araşdırmalar aparır, şeir və hekayələr yazırlar. Bu ali təhsil müəssisəsi 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı kimi fəaliyyətə başlamışdır. Burada tələbələr 4 ixtisas üzrə təhsil alırlar. Bunlar ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya müəllimliyi, məktəbəqədər təlim və tərbiyə ixtisaslarıdır. Filialda ixtisas fənləri, təbiət və riyazi fənlər və ümumelmi fənlər kafedraları fəaliyyət göstərir.

Tələbələrə fəlsəfə doktorları, dosentlər və professorlar dərs keçirlər. Burada təhsil almış məzunlar da elmi yaradıcılıqla məşğul olur, fəlsəfə doktorluğu və elmlər doktorluğu işləri üzərində çalışırlar. Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli sərəncamıyla Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulmuşdur. Filial indi ADPU-nun nəzdində fəaliyyət göstərir.

Filialda tələbələrin elmi-bədii yaradıcılıq fəaliyyətlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Burada müxtəlif bölgələrdən təhsil alan tələbələr bölgənin tarixini araşdırır, folklor nümunələri toplayır, toponimlərin xalq yozumlarını öyrənir, şeir və hekayələr yazırlar. Tarix-coğtafiya fakültəsinin tələbələri indiyədək köməcli şəkildə araşdırılmamış etnotoponimlərə və poleotoponimlərə maraq göstərirlər. Gənc filoloqlar ədəbiyyat tariximizi öyrənməklə yanaşı, özləri yaradıcılığa meyl edir, qəlbləri oxşayan lirik nümunələr yaradırlar. İbtidai metodika fakültəsinin ikinci kurs tələbəsi Allahşükür Alaşarlı (Əliyev) klassik janrlara maraq göstərir, qəzəl, qoşma, hətta qitələr yazır. Allahşükür Alaşarlı Cəlilabad rayonunun Alaşar kəndində dünyaya göz açıb. Onun ana haqqında yazdığı qəzəl mənim daha çox xoşuma gəldi. Bu şeirində Allahşükür elə “klassik” şair kimi görünür:

Ürəyim titrəyir hər gün bu ulu sözlər ilə,
Analar dünyadı, həm də ki, bu dünya anadır.

Dərk elə, Tanrı bizi aləmə bəxş etmək üçün,
Bir səbəb var elədi, bu dərin məna anadır.

Yaradıcı tələbələrdən biri Günəş İbrahimovadır. O, Məktəbəqədər təlim və tərbiyə fakültəsinin üçüncü kursunda oxuyur. Günəş atasını erkən itirib, bunu şeirlərindən də görmək olur. Günəşin itkisi onun oxucularını da kədərləndirir. Allahşükür Alaşarlı kimi, Günəş də ana mövzusuna müraciət edir, onu öz şeirində layiq olduğu ucalığa yüksəldir:

Səndən öyrənmişəm hörmət-izzəti,
Qəlbimdə boğmuşam kini, nifrəti.
Ulu tanrıya da bu məhəbbəti,
Qəlbimdə bəsləyən mələksən, ana.
Ən müqəddəs, ən pak ziyarətgahsan,
Dara düşənlərə ümid, pənahsan.
Yerdə peyğəmbərsən, göydə Allahsan,
Hər zaman arxasan, köməksan, ana.

Gülnarə Əsgərova filologiya fakültəsinin birinci kurs tələbəsidir. O, vətənpərvərlik mövzularına meyil edir. “Mübariz” adlı şeiri şəhid haqqındadır. Məktəbəqədər təlim və tərbiyə fakültəsinin üçüncü kursunda təhsil alan Lalə İsmayılova Astaradandır. Kövrək sevgi şeirləri yazır:

Hər şeydən bezəndə sənə dönərəm,
Üşüyər baxışın buz heykəlimdə.
Təkliyi yaşat mənə, qoy sənsiz qalım,
Bircə xatirələri alma əlimdən.

Lalənin Lənkəran Dövlət Universitetində oxuyan qardaşı Amid İsmayılov isə gözəl esselər və mənsur şeirlər yazır.

Simran Əlizadə filologiya fakultəsinin ikinci kurs tələbəsidir. Cəlilabad rayonunun Abışabad kəndində anadan olub. Usi-sanda üzrə Respublika çempionu, Qızıl Kəmər ustasıdır. Bədii yaradıcılıqla da məşğuldur, hekayə və şeirlər yazır. Sənəm Şahməmmədli isə şairlər vətəni Qazaxdandır. O, özünün və sevdiyi şairlərin şeirlərini elə temperamentlə söyləyir, dinləyici kimi heyran olmaya bilmirsən. Şeirləri isə düşündürücü və mənalıdır:

Hərdən düşünürəm, görən kiməm mən?
Sa zdan ayrı düşdüm, qırıq siməm mən.
Dərdimi-qəmimi kimsə bilməyir,
Özüm öz içimdə bir tilsiməm mən.

İbtidai metodika fakültəsinin birinci kurs tələbəsi Bəhruz Babaşov da vətənpərvərlik şeirləri yazır. Onun şeirlərindən biri “Vətən torpağı” adlanır. Aytac Babayeva da filologiya fakültəsinin birinci kursunda oxuyur. Amma onun maraqları emosional xarakterlidir. “Vurmayın zəngi” şeiri bütün orta məktəb məzunlarının kövrək yeridir. İndi Aytac arzularına qovuşub, bir neçə ildən sonra bitirdiyi məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi qayıdacaq:

Dayanın bir anlıq, vurmayın zəngi,
Əlvida söyləmək istəmir qəlbim.
Məktəbdən ayrılmaq çətindir, çətin,
Onu tərk eyləmək istəmir qəlbim,
Vurmayın, vurmayın bu son zəngi!

Tarix, filologiya və ibtidai metodika üzrə təhsil alan Gülnarə Əsgərova, Səfail Aqiloğlu, Fatimə Abbaslı, Hamar Dadaşzadə, Rüfət Sabirli, Milana Canizadə, Niyazi Aslanzadə və Ceyhun Həsənov ritmik, axarlı şeirləri ilə ədəbiyyata gəlirlər.

Tələbə gənclərin kövrək və bir qədər “bişməmiş” qələm təcrübələri bizi onların gələcəyinə ümidlə baxmağa sövq edir.

Hörmətli Rəşad müəllim! Baş redaktoru olduğunuz “525-ci qəzet” istedadlı gənclərə həmişə yaşıl işıq yandırıb. İstedadlı gənclərin ilk qələm təcrübələrinə qəzetinizin səhifələrində səxavətlə yer vermisiniz. Ümid edirəm ki, bölgədə yaşayan və təhsil alan gənclərin Sizə göndərdiyim ilk qələm təcrübələrinə qayğı ilə yanaşacaqsınız. Bu yazıların hamısı yüksək poetik tələblərə cavab verməsə də, onlarda istedad işartıları görmək mümkündür.

Təqdim etdiyim nümunələrin oxucular tərəfindən bəyəniləcəyinə inanıram.

Bilal ALARLI
Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Allahşükür ALAŞARLI

Nə faydası var?

Ürəkdə bir gülüş əgər yoxdursa,
Üzdəki gülüşün nə faydası var?
Kimsə yoxluğunda xatırlanmırsa,
Yalançı görüşün nə faydası var?

Alışıb yananda ürəklərdə qəm,
Çəkilsə qəsd ilə canlara sitəm,
Kədərli günündə çıxmasa həmdəm,
Tanışın, bilişin nə faydası var?

Hər halda olmasa hörmətə diqqət,
Pozulsa ənənə, həm də ki, adət,
Əgər xoş niyyətlə olmasa söhbət,
Gedişin-gəlişin nə faydası var?

Dərk et, Alaşarlı, dərindən bunu,
Doğrunun yalnışın nə olduğunu!
Uğurlu olmasa insanın sonu,
Saxta yüksəlişin nə faydası var?

Eyləyir

Yenə ruh tənha qalıb,
durmadan tüğyan eyləyir,
Sanki qəsdimə durub,
canı yarımcan eyləyir.

Nə qədər cəhd elədim qarşısını almağa mən,
Bacara bilmədim o, çünki bir üsyan eyləyir.

Yenə də hər gün, hər an yollarını gözlədiyim,
Adına söz dediyim,
cümləmi nöqsan eyləyir.

Bir sual sübhi-gecə hey dolaşır fikri-xəyal,
Özümü öz-özümə
bəs niyə mehman eyləyir?

Elə bir yara açıbdır vücuda çarəsi yox,
Neştəri gizlidir, o etdiyin pünhan eyləyir.

Elə bir an gəlir o əmr eləyir sanki mənə,
Mən də biçarə nökər, əmri də sultan eyləyir.
Əlinə, ey Alaşarlı, qələm al, yaz vərəqə,
Onu təkrarən oxu, gör necə dastan eyləyir.

Günəş İBRAHİMOVA

Ana

Ən ülvi istəklər, təmiz arzular,
Boy atır səninlə, çiçəksən, ana.
Aldığım nəfəsim, atar damarım,
Sinəmdə döyünən ürəksən, ana.

Nə şeirə sığırsan, nə də sözə,
Görüm gəlməyəsən heç zaman gözə.
Şirin gecələri qatıb gündüzə,
Dediyin laylatək kövrəksən, ana.

Bitib-tükənməyən sərvətim sənsən,
Mənim bu dünyada dövlətim sənsən.
Qeyrətim, qüdrətim, şöhrətim sənsən,
Sən mənə həmişə gərəksən, ana.

Səndən öyrənmişəm hörmət-izzəti,
Qəlbimdə boğmuşam kini, nifrəti.
Ulu tanrıya da bu məhəbbəti
Qəlbimdə bəsləyən mələksən, ana.

Ən müqəddəs, ən pak ziyarətgahsan,
Dara düşənlərə ümid, pənahsan.
Yerdə peyğəmbərsən, göydə Allahsan ,
Hər zaman arxasan, köməksən, ana.

Aytac BABAYEVA

Vurmayın zəngi

Dayanın bir anlıq, vurmayın zəngi,
Əlvida söyləmək istəmir qəlbim.
Məktəbdən ayrılmaq çətindir, çətin,
Onu tərk eyləmək istəmir qəlbim.
Vurmayın, vurmayın bu son zəngi!

On bir il həyat coşdu, çağladı,
Ürək gah güldü, gah da ağladı.
Ayrılıq qəlbimi yaman dağladı,
Əlvida söyləmək istəmir qəlbim,
Vurmayın, vurmayın bu son zəngi!

Gülnarə ƏSGƏROVA

Mübariz

Mil lətin şərəfli, şanlı əsgəri,
Ümidlər doğruldan ey güman yeri!
Bəxtiyar eylədin doğma vətəni,
Ağlar qaldı gözü qarı düşmənin.
Ruhun şad olsun, ey igid əsgər,
İzinlə gələcək vətənsevərlər!
Zirvələrdən keçib gedənə qədər!

Lalə İSMAYILOVA

Xatirələr

Getmək istəyirəm uzaqlara mən,
Orda bulud kimi boşalım, dolum.
Sakit bir yerdə sadə bir həyat
Yaşayım sakitcə, tək-tənha qalım.

Bəlkə də deyirsən, dəli olmuşam,
Narahatsan, görən, mənə nə olub?!
Susqun baxışlarda itib gedərsən,
Gedərsən, bilməzsən yenə nə olub?!

Hər şeydən bezəndə sənə dönərəm,
Üşüyər baxışın buz heykəlimdə.
Təkliyi yaşat mənə, qoy sənsiz qalım,
Bircə xatirələri alma əlimdən.

Səfail AQİLOĞLU

Səni düşünürəm

Bu gün yalnız qalıb səni düşündüm,
Görən, haralarda ömür sürürsən?
Dünən yuxumda sənlə görüşdüm,
Məni heç yuxunda sən də görürsən?

Mən sənin yanında deyiləm bəlkə?
Mən ki, tərk etmədim heç zaman səni.
Dolanır ardımca qara bir kölgə,
Bilirəm, xəyalındı, axtarır məni.

Hələ çox gəzib axtaracaqsan,
Məni xatırlayıb ağlayacaqsan.
Gündüzlər tək-tənha gəzib-dolaşıb,
Gecələr bulaq kimi çağlayacaqsan.

Sənin sevgi adlı şah əsərinəm,
Təbiətdən özünə köçürdün məni.
Ömrünə yazılmış qara taleyəm,
Bəs niyə yaxandan keçirdin məni?

Bəhruz BABAŞOV

Müəllim

Sənə hörmətim var hədsiz-hüdudsuz,
Hər zaman arxasan mənə, müəllim.
Keçdiyin uğurlu, şərəfli yollar,
Fikrində canlanır yenə, müəllim.

Elə bil, qarşında donmuşdur zaman,
Ən ülvi istəksən, ən təmiz insan.
Bizi gələcəyə səslədin hər an,
Yaraşır təriflər sənə, müəllim.

Sən böyük varlıqsan, ustadsan bizə,
Daim yetişmisən köməyimizə.
Qatıb gecələri nurlu gündüzə,
Çıxardın bizləri günə, müəllim.

Fatimə ABBASLI

Unutmaq olmur

Unutdum ki, söyləyim,
Səni məndən soruşurlar.
Mənə sənin sevgini
Roman kimi danışırlar.

Bilmirəm, nə düşünüm,
Səndən sevgi umurdum.
Səni gizli yaşayıb,
Bəlkə belə unudum?!

Unutmaq olmur axı,
Hisslərim bir az kövrəkdi...
Adın çəkilən kimi
Titrəyən də ürəkdi.

Unutmaq olmur axı,
Gözümdə göz izin var.
Əllərimdə əlinin
Hələ də istisi var.

Unutmaq olmur axı,
Hər yer səninlə dolu...
Sənsiz hara aparır
Məni bu sevgi yolu?

Hamar DADAŞZADƏ

Ana

Başında qar kimidi
Anamın ağ telləri.
İncədir biləkləri,
Vardır gözəl əlləri.

Kimə necə olsa da,
Mənim gözümdə gözəl!
Öz anama yazdığım
Şeirim, sözüm də gözəl!

Tezdən məni oyadır
Təbəssümü üzündə!
Nağıl danışır sanki,
Doymuram ki sözündən!

Hər gün evdən çıxanda,
Təbəssümü bəs edər -
Anam kefsiz olanda,
Hər işim hədər gedər.

Gözlərindən öpürəm,
Qarşında baş əyirəm.
Anam halsız olanda,
Sanki mən üşüyürəm.

Rüfət SABİRLİ

Gecələr

Gündüz gülüşümə çox aldanmışam,
Gözümdən yaş axır xəlvət gecələr.
Onu unutmuşam deyə sanmayın,
Mən onsuz çəkirəm həsrət gecələr.

Sən bizi ayırdın qəsdən, bilərək,
Nə olar, yanımdan keçmə gülərək.
Dərdi söyləməyə dost nəyə gərək?
Dərdimə şərikdi zülmət gecələr.

Bizim eşq bağında çiçəklər solur,
Səni düşünəndə gözlərim dolur.
Arabir xəyalın qonağım olur,
Onunla edirəm söhbət gecələr.

Qulaqcıq və həzin sevgi nəğməsi...
Ürəyim olubdu dərdlər ölkəsi.
Təklikdə kəsilir qəlbimin səsi,
Məni tənhalığa öyrət gecələr.

Milana CANIZADƏ

Ananın

Bu dünyanın özü boyda dərd çəkər,
Dərdlərimiz çiyin əyər, bel bükər.
Anasız gözümə duman, çən çökər,
Yaşadar sevgisi bizi ananın.
Həyatın hər üzü ona yaz olar,
Çəkə r fikrimizi, fikri az olar.
Möcüzə axtarmağa nə ehtiyac var?
Vallah, möcüzədi özü ananın.

Anam var, xoşbəxtəm, anladım sonda,
Həyatın mənası ondadır, onda.
Üstümüzdən əskik olmaz bir an da,
Nəzər duasıdır gözü ananın.

Niyazi ASLANZADƏ

İbadət

Allahım, gəlmişəm evinə bu gün,
And ola, ürəyim şadiman olub.
Eşq və Haqq aləmin görən qəlbimə
Heç vaxt duymadığım rahatlıq dolub.

Allahım, nə gözəl sənə baş əymək
Nə gözəldir haqqın yoluyla getmək!
Eşq əhlitək sənə ruhunu verib,
Bu ali niyyətə ibadət etmək!

Ceyhun HƏSƏNOV

Səni sevəcəyəm ölənə qədər

Daha gizli saxlamıram sevgimi,
Etiraf edirəm həqiqəti mən.
Tək səni sevmişəm bu günə qədər,
Bundan sonrasını bilmək istəsən,
Səni sevəcəyəm ölənə qədər.

De, ürək sevgisiz yaşasın necə?
Adını söyləyib sızlar hər gecə.
Səndə xoşbəxtliyi tapdım, sadəcə
Bir ömür qismətim olsa da kədər,
Səni sevəcəyəm ölənə qədər.

Gəlmədin, yollarda qalıbdır gözüm,
Hicran əzabından canda yox dözüm.
Bircə təsəllim var, budur əzizim,
Bütün sevən kəslər olmur bəxtəvər,
Səni sevəcəyəm ölənə qədər.

Ölüm haqdı, necə deyim, ölmərəm,
Mən də hamı kimi gedib gəlmərəm.
Ölümdən sonrasın deyə bilmərəm,
Haqqın dərgahında olacaq nələr...
Səni sevəcəyəm ölənə qədər.

Sənəm ŞAHMƏMMƏDLİ

Kiməm mən?

Hərdən düşünürəm, görən kiməm mən?
Sazdan ayrı düşdüm, qırıq siməm mən.
Dərdimi-qəmimi kimsə bilməyir,
Özüm öz içimdə bir tilsiməm mən.

Fikrim göylərdədir, qalıram orda,
Özümü çox xoşbəxt sanıram orda.
Min dərdin əlindən qaçıb gedirəm,
Dərdimi-qəmimi qoyuram burda.

Necə ki enirəm bu ucalıqdan,
Elə əzablarla vuruşuram mən.
Getməyə bir yerim, bir yurdum olmur,
Bu acı qismətlə barışıram mən.

Simran ƏLİZADƏ

Geri qayıt, uşaqlığım

Geri qayıt, uşaqlığım,
Sənə ehtiyacım var.
Xoş keçmir gəncliyim.
Onsuz yoxdu dincliyim.
Geri qaytar o illəri,
Şirin-şəkər xəyalları
Evcikləri, oyuncaqları...
Axı bilməzdim dərd-sər nədi?!
Təkcə dərdim oyuncağımın
Qonşu uşağının oyuncağından
Kiçik olması idi...
Geri qaytar o illəri,
Ancaq bir istəyim var:
Apardıqlarını da geri qaytar.
Göz açıb gördüyüm insanları-
Yaxınları, doğmaları
Geri qaytar uşaqlığımla birlikdə.

 





16.01.2016    çap et  çap et