525.Az

“Naşir”in yeni sayı işıq üzü görüb


 

“Naşir”in yeni sayı işıq üzü görüb<b style="color:red"></b>

Bugünlərdə “Naşir” jurnalının növbəti sayı oxucuların ixtiyarına verilib.

Jurnalın baş redaktoru Gülnar Məsimli giriş yazısında yeni ilin yeni ümidlər, yeni arzular gətirdiyi barədə fikirlərini bölüşüb: “İlin başlanğıcından, ilk günlərindən etibarən bunun fərqinə vara bilsək, özümüzə, ətrafımıza, dünyamıza sevgi ilə sarıla bilsək, nə çox körpülər qurular, nə çox insanların həyatı və sabahı “günaydın” açılardı. İnsanları bir-birindən uzağa atan sədlərə, buz divarlara lüzum qalmazdı. 2016-cı ilin ilk günündən bütün qəlbinizlə dünyaya və ətrafınıza sevgi ilə baxa bilməniz, sizi incidən bütün ağrılardan qurtula bilməniz diləyi ilə biz də öz “Naşir” töhfəmizi hazırladıq”.

“Naşir xəbər” rubrikasında Edqar Po Mükafatının builki laureatından, Mark Tvenin unikal məktublarından, Çak Palanikin “Döyüş klubu”ndan, son illərin ən maraqlı filmlərindən biri olan “Cənab Holms” filmindən və bu kimi bir-birindən fərqli mədəniyyət xəbərlərindən danışılır.

“Açıq məktub” rubrikasının budəfəki qonağı professor Sedat Karademirdir. “İkinci ömür” adlı yazısında Pərvanə Axundova atası üçün qaraciyər nəqlini uğurla gerçəkləşdirən cərrah Sedat Karademirə duyğulu bir məktub ünvanlayıb.

“Tarixi yaradanlar, tarixi yaşadanlar” rubrikasında Dilqəm Əhməd “Rəsulzadənin təhsil mübarizəsi”ndən, Elmin Nuri isə “Uluqbəyin sirli rəsədxanası” və “Qərb elminin baniləri”ndən söz açıb.

“Ağ-qara”da Gülnar Mayisqızı alim, yazıçı, şair Hamlet İsaxanlı ilə söhbətini təqdim edib. H. İsaxanlı hələ uşaq vaxtlarından ədəbiyyata və texniki fənlərə olan sevgisindən, elmi fəaliyyətindən, təsisçisi olduğu Xəzər Universiteti və Avrasiya Akademiyasından söz açıb.

“Bilirsinizmi?”də dünyanın ən zəngin yazıçısı Elizabet Badinter, “Harri Potter”in müəllifi Coan Roalinq, Ronald Reyqanın sevimli yazıçısı O.Klensi, “Bozun 50 çaları”nın müəllifi E. L. Ceyms və başqa qələm adamlarının maddi qazancları haqda məlumat verilib.

“Qonağımız” rubrikasında şair Səlim Babullaoğlu “Tənhalıq təkliyin içidir” deyir. Gülnar Mayisqızının eyniadlı müsahibəsi şairi yaxından tanımaq üçün kifayət qədər dolğun portret yaradıb: “Səlim Babullaoğlu sükutdan tez- tez istifadə edir. Bütün sözlərin sükutda gizləndiyini düşündüyü üçün. Möcüzələrə və nağıllara hələ də inanan adamlardandır. Mütaliəni çox sevir. Unikal sükut prosesi olduğunu düşündüyü üçün. Biz sükut edərək gözlə dadır, eşidir, ağrıyır, danışır, həmdərd olmağı öyrənirik, - deyir həm də. Onu ədəbiyyata gətirən mətləbsə sözə sevgi və şifahi nitqə vurğunluğu olub”.

“Maraq dünyası”nda E.Nuri “Maşınını dəfn edən milyarder”dən söhbət açıb.

“Ümumidən xüsusiyə” rubrikasının qonağı yazıçı Əzimə Ağalarovadır. “Şərq kişisi qadını dinləməyi bacarsa” adlı müsahibə Almaniyada yaşayan və Stokholmda kitab təqdimatı keçirilən həmvətənimizlə ətraflı tanışlıq imkanı verir.

Cahangir Məmmədli “Kitab köşkü”ndə “Anar yaradıcılığı”ndan danışıb.

“Kimdən deyim” bölümündə Təhminə Bədəlovanın tərcüməsində, görkəmli sənətkarların hərraca çıxarılan əlyazma və arxivləri təqdim olunub. Rubrika E.Nurinin “Mövlana Cəlaləddin Rumidən dərs alan avropalılar” yazısı ilə davam etdirilir.

“Çərçivə”də Nərmin Namiqqızı “Daşı danışdıran heykəltəraş” - Natiq Əliyevlə söhbətləşib.

“Söz diridir” rubrikasında Dilqəm Əhmədin “Xoşbəxtlik qapısının küçələri” yazısı yer alıb. Daha sonra yazıçı, publisist Zemfira Məhərrəmlinin həyat və yaradıcılığını işıqlandıran “Söz adamı” yazısı dərc edilib.

Məmməd Rəhimovla “Fotoqrafiya”da foto-mədəniyyətdən danışılır. Uzun illərdən bəri bu sahədə çalışan fotoqraf burada fotonun tarixindən, onun dünya, həyat, kitab və yaşamla bağlılığından söhbət açıb.

“Mən də varam” rubrikasında Sevinc Nuruqızının tərcüməsində “Dovşan Edvardın qeyri-adi səyahəti” təqdim olunub. 

Müşfiq ŞÜKÜRLÜ

 





16.01.2016    çap et  çap et