525.Az

ABŞ səfirliyinin nümayəndələri İncəsənət Universitetində


 

ABŞ səfirliyinin nümayəndələri İncəsənət Universitetində<b style="color:red"></b>

ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə müşaviri Emi Petersen, Təhsil Proqramları üzrə mütəxəssis Raminə Mürşüdova, koordinator Fərqani Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşüblər.

ADMİU ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, universitetin müxtəlif ixtisaslarda təhsil alan tələbələrinin iştirak etdiyi görüşdə ADMİU-nun Beynəlxalq əlaqələr və tələbələrlə iş üzrə prorektoru, professor Gülşən Kəngərli kiçik məruzə ilə onları universitetin fəaliyyəti ilə tanış edib. Daha sonra qonaqlar görüşün məqsədindən danışıblar.

Bundan da əvvəl universitet ilə Amerika səfirliyinin sıx əməkdaşlığını bildirən qonaqlar, təhsil sahəsində də böyük nailiyyətlər əldə edilməsi üçün bu əməkdaşlığın getdikcə daha da genişlənəcəyinə inandıqlarını deyərək, nəzərdə tutduqları yeni mədəni üç-həftəlik layihə haqqında tələbələrə geniş məlumat veriblər.

Sözügedən layihə yanvar və ya fevral aylarında 4 nəfərdən ibarət amerikalı Bond Küçəsi Teatr (Bond Street Theatre) qrupunu Azərbaycana dəvət edərək teatrşünaslıq sahəsində təhsil alan 25-30 tələbə üçün iki həftəlik təlim kursu və təlimlərdən sonra seçilmiş 6-8 tələbə ilə bir həftə ərzində regionlarda məktəblilər və gənclər üçün müxtəlif mövzuları əhatə edən qısa və ödənişsiz tamaşalar vermək məqsədini daşıyır.

Qarşılıqlı dialoq şəklində keçən görüşdə iştirak edən tələbələr onlara paylanılan sorğu vərəqələrini də doldurublar.

Sonda bu proqramla bağlı əməkdaşlığın aparılması üçün universitetlə səfirlik arasında razılığa gəlinib.

Layihənin sonunda hansı regionlarda tamaşaların göstərilməsi də danışılıb.

Vəfa MƏMMƏDLİ

 





19.01.2016    çap et  çap et