525.Az

Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılacaq


 

İSLAHAT XARAKTERLİ ADDIMLARIN DƏSTƏKLƏNMƏSİ HƏR BİR MƏSULİYYƏTLİ SİYASƏTÇİ, MƏMUR, İQTİSADÇI, SAHİBKARLARIN VƏTƏNDAŞLIQ BORCUDUR

Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılacaq<b style="color:red"></b>

Məlum olduğu kimi, yanvarın 18-də Prezident yanında sosial və iqtisadi məsələlərə dair müşavirə keçirilib.

Müşavirədə ölkə rəhbəri ilin yekunlarına dair Nazirlər Kabinetində keçirdiyi iclasda böhranla mübarizə sahəsində verdiyi sərəncam, fərman və tapşırıqlarına uyğun olaraq qısa müddət ərzində süni qiymət artımının qarşısının alınması, pensiya, aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid ailələrinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticələrini nəzərdən keçirib və digər mühüm məsələlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarının üzərinə bir sıra yeni tapşırıqlar qoyub.

Ölkə rəhbəri çıxışında bir daha qeyd edib ki, qlobal iqtisadi böhranın Azərbaycana təsirlərini azaltmaq üçün dövlət səviyyəsində məqsədyönlü tədbirlər həyata keçirilir: "Son dövrlər ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və müəyyən dərəcədə neftdən asılılıq aradan qaldırılıb. Son 10 il ərzində dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmayıb. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanın əldə etdiyi uğurlar daim qeyd edilir. Dövlətimiz hazırkı vəziyyətdən çıxmaq üçün ciddi addımlar atır. Azərbaycan böhranlı vəziyyətdən ən az itkilərlə çıxa bilmiş ölkədir".

Azərbaycan xalqı və dövlətinin analoji məqamlarda güclü iradə nümayiş etdirdiyini diqqətə çatdıran Prezident Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr edilmiş iclasında verilən tapşırıqların icrası nəticəsində Azərbaycan iqtisadiyyatının 2016-cı ildə də öz inkişaf templərini saxlayacağına əminliyi ifadə edib. Dövlət başçısının sözlərinə görə, vəziyyətdən itkilərlə çıxmaq üçün əlavə tədbirlər görülməli, islahatlar dərinləşməlidir: "Müvafiq tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcək".

Ölkə rəhbəri vurğulayıb ki, insanların sosial müdafiəsi məsələləri daim diqqətdə saxlanılacaq: "Həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər ölkədə aparılan işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaq olub. Pensiyaların və əmək haqlarının 10 faiz qaldırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış önəmli addımdır. Neftlə zəngin olan ölkələrin, bu gün neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində maaşların artırılması müşahidə edilməyib. Əmək haqlarının artırılması üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcəkdir. İl ərzində bu məsələyə yenidən baxılacağı istisna edilmir".

Süni bahalaşmaya qarşı aparılan ciddi mübarizədən danışan Prezident bildirib ki, görülən tədbirlər, o cümlədən, verilmiş qərarlar nəticəsində çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb: "Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılacaqlar. Son illər ərzində Azərbaycanda əldə edilmiş uğurları qorunacaq, ölkənizin sürətli inkişafını təmin ediləcək. Yaranmış vəziyyətdən şəxsi maraqlar üçün istifadə olunmasına imkan verilməyəcək. Struktur islahatları dərinləşdiriləcək. Struktur islahatlarının dərinləşdirilməsi üçün müvafiq addımlar atılır. Dövlət orqanlarının strukturu operativ, çevik və səmərəli siyasət aparılmasına şərait yaratmalıdır. Bir-birini təkrarlayan, yaxud bir o qədər də lazım olmayan dövlət qurumları birləşdiriləcək, ya da ləğv ediləcək.

İlham Əliyev qeyd edib ki, qeyri-neft sektorunun inkişafı idxaldan asılılığı aradan qaldıracaq: "İdxalı azaltmaq üçün yerli istehsal mallarının tərkibində xarici komponentlər aradan götürülməli, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının xammalı da yerli mənşəli olmalıdır. 2016-cı ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına ən azı 250 milyon manat güzəştli kredit veriləcək və sahibkarların vəsaitləri nəzərə alınmaqla iqtisadiyyatın real sektoruna investisiyaların həcmi 1 milyard manata yaxın olacaq".

Ona görə də, Azərbaycanın iş adamlarının ilk növbədə Azərbaycana sərmayə qoymalı olduğunu deyən Prezident bildirib ki, qiymətlərin tənzimlənməsi lazımi səviyyədə təmin ediləcək: "Yaradılan iri fermer təsərrüfatları, taxılçılıqla məşğul olan təsərrüfatlar və yeni yaradılacaq müəssisələr qısa müddət ərzində bu problemin həllinə kömək göstərməlidirlər".

Prezidentin çıxışına münasibət bildirən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hesab edir ki, ölkə rəhbəri İlham Əliyevin sədrliyi ilə iqtisadi və sosial durumla bağlı keçirilən müşavirədə kifayət qədər ciddi islahatların anonsu verilib: "Bu olduqca təqdirəlayiqdir və bütün hallarda əhalimizin düşdüyü acınacaqlı vəziyyətdən çıxması üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir. Bütün faydalı islahat xarakterli addımların dəstəklənməsi hər bir məsuliyyətli siyasətçi, məmur, iqtisadçı, sahibkarların və digər kateqoriyalardan olan insanlarımızın vətəndaşlıq borcu kimi qəbul olunmalıdır. Bununla belə, bəzi tələsik və risqli iqtisadi qərarların alınmaması üçün, yanlış yanaşmaların dərhal dayandırılması üçün qanunverici orqanın da bu müzakirə mühitinin içində yer alması ümumi işimizin faydasına olardı. Çünki bir çox hallarda hökumətin səhv addımlarının hədəf taxtasına əsaslı-əsassız qanunverici orqanın təmsilçiləri də çevrilir. Söyləyirlər ki, niyə insanların qarşısına çıxmırsınız, niyə problemlərlə maraqlanmırsınız. Hansısa bank özbaşınalığına, MTN özbaşınılığına, vergi özbaşınalığına, idxal-ixrac labirintinə, hüquq-mühafizə orqanlarının bir sıra nöqsanlarına hansısa formada müdaxilə etmək imkanımız olmadığı halda, siyasi və iqtisadi xarakterli islahatlarla bağlı təkliflərimiz dəyərləndirilmədiyi halda ölkəmizin gələcəyi ilə bağlı təhlükələrin qarşısını almaqda hansısa kömək imkanına sahib olmuruq. Ona görə də, prezidentin keçirdiyi bu müşavirədən sonra Milli Məclisin ayrıca iclasında da mövcud iqtisadi vəziyyət açıq şəkildə müzakirə olunmalıdır ki, insanların problemlərlə bağlı təşəbbüskarlığı artsın və ümidsizliklər azalsın. Həm də görsünlər ki, həqiqətən də deputatların içində də onların vəziyyətinə laqeyd olmayan və ağıllı çözüm yolları göstərən xeyli insanlar var".

Millət vəkili Sahib Alıyev Prezident İlham Əliyevin sərəncamıyla təhsil, elm, elmi tədqiqat, mədəniyyət, səhiyyə, sosial təminat, gənclər və idman müəssisələrində çalışanların, eyni zamanda Daxili İşlər Nazirliyi əməkdaşlarının maaşlarını 10 faiz qaldırılmasından danışaraq qeyd edib ki, bundan öncə isə əhalinin sosial baxımdan daha həssas olan təbəqəsinə yanaşmada oxşar addım atılıb: "Şəhid ailəsi və 1990-cı ilin 20 Yanvar hadisələrində əlil olmuş şəxslərə verilən prezident təqaüdü, əmək pensiyalarının baza hissəsi və məcburi köçkünlərə yemək xərci üçün ayrılan aylıq müavinət artırılıb. Bir çoxları deyəcəklər ki, qiymətlərin bu qədər qalxdığı bir vaxtda 10 faizlik artım yetərincə deyil. Elə olmağına elədir. Ancaq orasını da unutmamalıyıq ki, hazırda Azərbaycanla eyni problemlə üzləşən ölkələrdən heç birində belə bir artım yoxdur".

S.Alıyev bildirib ki, dövlət başçısının bu addımı iki reallığı ortaya qoyur: "Birincisi, Azərbaycanın neft ixrac edən digər ölkələrdən daha yaxşı durumdadır. İkincisi, ən əsası isə bu ağır günlərdə dövlətin öz vətəndaşının yanında yer alaraq, onun üzləşdiyi çətinlikləri gücü çatdığı qədər azaltmağa çalışır. İndi gəlin düşünək, vətəndaş olaraq belə bir durumda biz öz dövlətimiz üçün nə edə bilərik və nə edirik?"

Keçmiş maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyib ki, Prezidentin yaranmış vəziyyətdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş addımlar atacağı gözlənilən idi: "Bu hələ başlanğıcdır. Qarşıda bu istiqamətdə digər addımların atılacağı da heç kəsdə şübhə doğurmamalıdır. Bəzi məsuliyyətsiz və yerində olmayan məmurlardan fərqli olaraq Prezident həmişə xalqın yanındadır".

Böhrandan çıxış yolları barədə fikirlərini bildirən beynəlxalq ekspert Tamerlan Vahabov isə qeyd edib ki, ölkə başçısının dediyi kimi, Azərbaycan iqtisadiyyatında yaranmış böhran xaricdən qaynaqlanır.

O "SİA"ya bildirib ki, dünyada yaranmış iqtisadi böhranın əsasında bir çox geosiyasi səbəblər dayanır: "Buraya bir çox faktorları aid etmək olar. Həm bəzi ölkələrin enerji sahəsində olan böhranının süni olaraq qabardılması, eyni zamanda isə dünyada enerji daşıyıcılarına olan tələbatın azalması bu faktorlar sırasındadır".

Ekspertin sözlərinə görə, ölkəmizin bu vəziyyətdən çıxması üçün görüləsi önəmli işlərdən biri də birbaşa və dolayısı yolla xarici investisiyaların cəlb edilməsidir: "Azərbaycan gənc əhalisi olan, nisbətən təhsilli kadr ehtiyatına malik, strateji mövqedə yerləşən, siyasi cəhətdən stabil ölkədir. Bütün bu faktorlar xarici sərmayəçilərin inamının artırılmasına səbəb ola biləcək zəruri amillərdir".

T.Vahabov əlavə edib ki, investisiyaları daha effektiv şəkildə cəlb etmək üçün Azərbaycan gələcəkdə, təhlükəsizlik məsələlərini nəzərə almaq şərti ilə imtiyazlı sərmayəçi vizaları tətbiq edə bilər: "Bu istiqamətdə turistlər üçün viza rejiminin sadələşdirilməsi siyasətinə də baxıla bilər. Ölkəmiz əsas gücünü qanunvericilik bazasının təkmilləşdirilməsinə və korrupsiya ilə sərt mübarizəyə yönləndirməlidir. Bu, müxtəlif layihələrin effektli və biznes məntiqi baxımından sərfəli şəkildə həyata keçirilməsinə təkan verəcək".

Ceyhun ABASOV

 





20.01.2016    çap et  çap et