525.Az

İdrak süzgəcindən nələr keçir...


 

AZAD MÜZƏFFƏRLİNİN KİTABI HAQQINDA QEYDLƏR

İdrak süzgəcindən nələr keçir...<b style="color:red"></b>

Azad Müzəffərlinin jurnalist imzası güvəniləndir. Uzun illərdir ki, səsi-sədası televiziya ekranlarından gəlir.

Onu nişan verən subtitrlər gözə göründümü, dərhal maraq doğurur. Rəsmi dövlət tədbirlərindən, ölkə rəhbərinin səfərlərindən, tarixi tale yaddaşımıza həkk olunan önəmli hadisələrdən sanballı reportajları, analitik süjetləri seyrçinin diqqətini çəkir. Aydın səsi, səlis mühakimələri duyğu və düşüncələrə nüfuz edir. Sanki nəfəsi ilə efir məkanının soyuq üzünü isidir Azad.

Lap əvvəlindən AzTV-də onunla bir redaksiyada çalışmışıq. "İdman"da və "Xəbərlər"də. Hər kəslə mədəni davranır, tay-tuşlarına "qadası", böyüklərə isə "ağsaqqal" deyə  xitab edirdi. Bu, onda səmimi alınırdı. Kompyuterin hələ həyatımızda olmadığı vaxtlar səliqəli xətti ilə makinaçıların rəğbətini qazanmışdı. On il olar ki, ayrılmışıq, amma elə bilirəm ki, yenə də həmin hörmətcil, zəhmətkeş, istiqanlı Azaddır. Çünki o, zatən dəyişilməzdir, seçilməyi sevən və bunu bacarandır.

Azadla yaradıcı mübahisələrimiz də olub, ciddi deyişmələrimiz də. Xaraktercə bir qədər çılğındır, barışmazdır, necə deyərlər, bildiyini babasına da verməz. Amma vicdansız yanaşmanı, "xatakar" subyektiv təhlili heç zaman yaxınına buraxmaz. Haqqa, ədalətə xəyanət etməz. Hər bir çətinlik halını, sınaq məqamını isə xeyirə yozmağı bacarar. Üzüntülərinə boyun əyməz. Dostluqda, yoldaşlıqda da özünəxas məziyyətləri - mərdliyi, düzgünlüyü, səmimiyyəti ilə səxavətlidir.

İndi də keçək Azadın hekayələrinə. Bəri başdan deyim ki, bunlar hələ onun üzə çıxardığı qələm təcrübələridir. Hər hansı birinə başladınmı, mütləq sona qədər oxuyacaqsan. Çünki "Görüm axırı nə olacaq?" sualı səni rahat buraxmayacaq. Ədəbiyyatda bu, vacib cəhətdir. Bir də ki, Azadın hekayələri oxunub qurtarandan sonra da günlərlə adamın beynindən çıxmır, zehnini məşğul edir. Müəllif oxucunu öz yazdıqlarının ortamına, duyğularının aurasına çəkə bilir.

Qeyri-adiliklər çoxdur Azadın qələm təcrübələrində. Hətta bəzən bir hekayədə qoyulan ideyanın bədii həllini sanki tamlığı ilə tapa bilmədiyi fikrinə düşürsən. Sadəcə həyatdan götürdüyü hansısa konkret bir hadisənin konkret sonucunu əsas götürür. Halbuki, bədii ədəbiyyat həyat həqiqətlərinə həm də məhz bədii vasitələrlə inandıra bilmək sənətidir, axı. Azada bələd olan birisi kimi mən ondakı bu cəhəti belə izah edərdim: 20 ildən çox "can qoyduğu" jurnalistika cəbhəsində daim məhz konkret  fakt və olayları qələmə aldığındandır ki, onun bədii yazılarında da təbii olaraq publisistik yön üstünlük qazanır. Eh, bu jurnalistika azmı istedad sahibinin şair, yazıçı ruhunu, obrazlı düşüncə tərzini talan eləyib?! Hələ, yaxşı ki, Azad belə maraqlı hekayələr yazmaqla qələmini və dilini qurumağa qoymur. Çünki çoxları bu iqtidarı çoxdan əldən veriblər.  

Oxucuların mühakiməsinə verilən "İdrak süzgəcindən keçirdiklərim" kitabından da görünür ki, Azad ağıl, zəka, məntiq kimi kateqoriyalara önəm verən, riyakarlıq sevməyən insandır. Elə qəhrəmanlarını da beləcə tanıtması təbiidir. Onlar bəzən mühakimələrində ifrat filosofluq edən kimi görünsələr də, fikir və duyğularını inamla təlqin elədiklərinə görə yorucu təsir bağışlamırlar. Bu monoloqlarda səfsəfə yoxdur, həyatdan irəli gələn fəlsəfə var. Bu yerdə mənim yadıma ünlü türk yazarı Bəkir Yıldızın yaxınlarda oxuyub qurtardığım, ailə münasibətlərindən bəhs edən, sosial bilgilər əsəri kimi tanınan "Halqalı kölə" romanı düşür. Bir-birini həqiqətən də sevib-sevmədiklərini dərindən öyrənmədən ailə qurmuş iki nəfərin dramı olan bu romanı hissə-hissə oxuyanda elə də güclü təsir bağışlamır, hətta düşünürsən ki, çox uzunçudur. Amma bütöv halında yanaşanda insan psixologiyasının qatlarını açan ciddi bir əsər kimi dəyərli görünür. Bu aspektdən yanaşsaq, Azad Müzəffərlinin "Süpürgəçi nəğməsi"ndəki Hikmət, "Bahar çiçəyi"ndəki Turan, "Tanrının göz yaşları"ndakı qoca kişi və qadın rəssamlar ciddi maraq kəsb edirlər. Onların özəl mükalimə və qənaətləri cəlbedicidir.

Müəllifin hekayələrində dəqiqlik deyilən bir nəsnə də var. Zaman, məkan və tarixi olaylarla bağlı faktları sanki israrla bir şəkilə sırf olduğu kimi verir. Bəlkə bu da onun jurnalistliyindən irəli gəlir...

Azadın  bəzi hekayələrində yuxugörmələr, agah və əyanolmalar əsas götürülən istinadlardır.  Bu da onun yazıçı tövründən, obrazlarının  haradasa ruh yaxınlığından irəli gəlir. Axı, onların hamısı bir "mətbəx"də bişib. Bəlkə də müəllifin sırf özünə aid yaşantılar sadəcə olaraq ayrı-ayrı obrazların xarakterində verilir.  

"İdrak süzgəcindən keçirdiklərim"də elə hekayələr də var ki, məhz adı yekun mülahizələr üçün açar, kod rolu oynayır. Sonda qayıdıb başlığa nəzər salmasan, əsl mahiyyəti, məramı tam anlamazsan. Məsələn, götürək "Nağıl" nağıl deyilmiş"i. Buradan irəli gələn məna budur ki, nağıl yaddaşı bərkidəndir, başağrısını azaldandır, ruha rahatlıq çiləyəndir. Həm də Azad Müzəffərlinin prototipi olan jurnalist Rəşidin yazıçı təxəyyülünün özülü, təməl daşıdır. Bunu əsərin başlığı yetərincə diktə eləyir. Yaxud "İbrət dərsləri" silsiləsindən "Ana ürəyi" və "Fərari ata" hekayələrinin də adları bir növ açardır, koddur.

Qələm dostumuz yazılarında müsbət qəhrəmanlarına hörmət, mənfi obrazlara ikrah aşılamağı yaxşı bacarır. Bu, onun sevgi hekayələrində daha qabarıq görünür. Məsələn, "Qisas məqamı"dakı Nicatla Nurayın macərası həm də əxlaq dərsi təsiri bağışlayır. Onlar əsasən milli ruhlu, ziyalı, vətəndaş insanlardır. Nakam sevgililər illər sonra uzaq Rio-de Janeyro şəhərində görüşürlər. Dərdləşib kövrək tələbəlik xatirələrinə dalırlar. O qədər yaxınlaşırlar ki, az qalırlar bir günlük də olsa, vüsala yetməklə vaxtilə onların qovuşmasına əngəl olmuş taledən (hekayədə: valideynlərindən!) öz "qisas"larını alsınlar. Hətta otel odasında bir-birinə sarmaşırlar: "...ürəkləri əsim-əsim əsdi, bədənləri uçundu... Fəqət... Fəqət əxlaqın diqtəsi ilə tez də özlərinə gəldilər. Sanki müqəddəs bir yerdən oğurluq etmək istəmişdilər, son anda "lənət şeytana!" deyib bundan çəkindilər..." Həris şəhvət alovu onları yaxıb yandırmadı. Zina girdabına düşmədilər. Nicat əvvəlcə pərt olsa da, sonradan sevinir ki, əsl türk kişisinə xas alicənablığını itirmədi. ( Azad Müzəffərlinin yuxarıda qeyd etdiyim "Adam kişi olar!" sözləri yada düşür). Nuray isə əsl türk qadını kimi abır-həya hissini qoruya bilərək onun gözündə daha da ucaldı...    

"İdrak süzgəcindən keçirdiklərim" hekayələr toplusu Azadın nübar kitabıdır. Nübar meyvələrsə şirin olur. Necə deyərlər, dişə vurmağına, dadmağına dəyər!

Əli NƏCƏFXANLI

 





22.01.2016    çap et  çap et