525.Az

Müslüm Maqomayev adına IV Beynəlxalq Müsabiqəyə ərizə qəbulu başlanıb


 

Müslüm Maqomayev adına IV Beynəlxalq Müsabiqəyə ərizə qəbulu başlanıb<b style="color:red"></b>

Oktyabrın 22-23-də Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə Vokalçıların Müslüm Maqomayev adına IV beynəlxalq müsabiqəsi keçiriləcək.

AZƏRTAC Fondun rəsmi saytına istinadla xəbər verir ki, müsabiqənin I turu (seçim) "Vegas City Hall", II turu (final) "Crocus City Hall" səhnəsində təşkil olunacaq.

Bu müsabiqə qabiliyyət, istedad və sənətkarlığını həm klassik, həm də estrada repertuarında göstərmək imkanı olan vokalçıların yaradıcılığına baxışdır. Müsabiqədə təşkilat komitəsinə ərizə, müvafiq sənəd və videomaterial təqdim etmiş 20-35 yaş arasında olan xüsusi musiqi təhsilinə malik peşəkar ifaçılar, yaxud ali musiqi məktəblərinin və kolleclərinin tələbələri iştirak edə bilərlər.

İlkin dinləmə və baxışın yekunlarına əsasən təşkilat komitəsi tərəfindən 15-dək ifaçı seçilərək müsabiqəyə dəvət alacaq.

Münsiflər heyətinə aparıcı opera solistləri, populyar musiqi ulduzları, dirijorlar, musiqili teatrların rejissorları, beynəlxalq prodüser şirkətlərinin nümayəndələri dəvət olunurlar.

İki turda keçiriləcək müsabiqə Rusiyanın və xarici dövlətlərin KİV-ləri tərəfindən işıqlandırılacaq. Bu turlar simfonik orkestrin müşayiəti ilə aparılacaq. Bütün ifalarda canlı səs və musiqi tələb olunur, hər hansı fonoqram yolverilməzdir.

Final mərhələsi böyük şou prinsipi əsasında keçiriləcək.

Müsabiqənin əsasnaməsinə əsasən "Qran-pri" mükafatına 30 min ABŞ dolları və laureat adı, 1-ci, 2-ci və 3-cü yerlər üçün müvafiq olaraq qızıl, gümüş, bürünc medallar, eləcə də 25 min, 15 min, 10 min ABŞ dolları və laureat adları nəzərdə tutulur.

İştirak arzusunda olanlar aprelin 20-dən gec olmayaraq təşkilat komitəsinə müraciət etməlidirlər.

Ətraflı məlumatı http://www.m-magomaev.ru/ru/contest/Pologenie2016/ linkindən öyrənmək olar.

 





22.01.2016    çap et  çap et