525.Az

Əflatun İsrailovun əsərləri "Rusiya incəsənət həftəsində" fərqlənib


 

Əflatun İsrailovun əsərləri "Rusiya incəsənət həftəsində" fərqlənib<b style="color:red"></b>

Azərbaycanlı rəssam Əflatun İsrailovun işləri Moskvada Rusiyanın Mərkəzi Rəssamlar Evində keçirilən "Rusiya incəsənət həftəsində" ən yaxşı əsərlər hesab olunub.

Müsabiqə proqramında 200-dən çox şəhərdən 1000-dən çox müəllif "peşəkar", "tələbə" və "həvəskar" kateqoriyalarında iştirak edib.

Ənənəyə çevrilmiş "Rusiya incəsənət həftəsi" dünyanın 20-dən çox ölkəsindən və demək olar ki, Rusiyanın bütün regionlarından art-obyektləri bir araya gətirib. Ekspozisiya klassik rəngkarlıq, abstrakt və avanqard incəsənət, portret ustalığı, qrafika, heykəltəraşlıq, fotoqrafiya, dizayn, müəllif kuklası, bədii toxuma, habelə dekorativ-tətbiqi sənət üzrə beynəlxalq müsabiqələri əhatə edir.

Müsabiqə işlərini ekspert şurasının (münsiflər heyəti) üzvləri qiymətləndirirlər. Onun tərkibinə həm Rusiyadan, həm də Avropa İttifaqı, Amerika və Asiya ölkələrindən tanınmış incəsənət və art-industriya nümayəndələri daxildir.

Azərbaycanı müsabiqədə Əflatun İsrailov təmsil edib. Onun işləri münsiflər heyəti üzvlərində və sərgiyə gələnlərdə böyük maraq doğurub.

Əflatun İsrailov Qubada doğulub. Lap uşaqlıqdan idmanla məşğul olub və 2010-cu ildə özünün "Su Yolu" adlı döyüş sənəti istiqamətinin əsasını qoyub və patent alıb. Əflatun dağ çaylarında su axınını döyüşün əsası kimi götürərək, dünyada analoqu olmayan yeni texnika yaradıb. 2010-cu ildə 40 yaşında olarkən kətan üzərində ilk əsərini çəkib. O vaxtdan Ə.İsrailovun həyatında yeni mərhələ başlanıb. Əflatunun rəssamlıq təhsili yoxdur, heç kəsin yanında rəngkarlıq texnikasını öyrənməyib. Müəllif əsərlərini yaradanda doğma diyarın əsrarəngiz təbiətindən ilham alır.

 





22.01.2016    çap et  çap et