525.Az

"Ədəbiyyat məsələləri" tənqidçi Baba Babayevin təqdimatında


 

"Ədəbiyyat məsələləri" tənqidçi Baba Babayevin təqdimatında<b style="color:red"></b>

Tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Baba Babayevin yeni kitabı işıq üzü görüb.

"Ədəbiyyat məsələləri" adlı kitabda müəllifin klassik Azərbaycan ədəbiyyatının görkəmli simaları haqqında ədəbi düşüncələri, məqalə və rəyləri yer alıb.

Kitab müəllifin önsözü ilə açılır. O, yaşadığı dönəmin çətinliyi, zülm və haqsızlığın tarixi gerçəkliyi və kitabların həyatında oynadığı rol haqda söz açır: "Keçirdiyim ömür yolu, yaşadığım 63 il, yazıb-yaratdığım 44 il mənə belə deməyə əsas verir ki, dünyada bircə həqiqi xəzinə vardırsa, o da yaxşı ürəkdir. Bu ürəklə klassikləri və müasirlərimizi XXI əsrin ədəbiyyatşünaslığı prizmasından təhlil etmişəm..."

Nəşrin əvvəlində Əməkdar müəllim Bilal Həsənlinin də fikirləri verilib. O, kitabda toxunulan mövzuları ayrı-ayrılıqda qeyd edir və nəşrin əhəmiyyətini vurğulayır: "Ədəbiyyatşünaslıq və publisistikanın vəhdətində ərsəyə gəlmiş bu yazılar maraqla oxunur, müəllif oxucuda bu və ya digər sənətkarın portret cizgiləri, yaradıcılıq qayəsi, yazı manerası, həyata, sənətə baxışları barədə dolğun təsəvvür yaratmağa nail olur".

Kitabdakı "Klassik və müasir ədəbiyyata dair tədqiqatlar"da şifahi xalq ədəbiyyatından başlayaraq Azərbaycan Sovet ədəbiyyatı da daxil olmaqla uzun bir dövrün təhlili aparılır. Burada "Folklor nümunələrində satira və gülüş", "Nəsrdə poetik komponentlər", "Y.V. Çəmənzəminli və "Molla Nəsrəddin" jurnalı", "Mehdi Hüseyn böyüklüyü" kimi məqalələr yer alıb. 

"Ədəbiyyatımızın ünlü simaları: məqalələr, müsahibələr" adlı bölümdə müəllifin Bəkir Nəbiyev, Cabir Novruz, Anar və digər görkəmli söz adamları haqqında məqalə və müsahibələri toplanıb.

"Baba Babayevin elmi əsərləri barədə rəylər" adı altında isə müəllif haqda akademik Bəkir Nəbiyev, professor Şamil Vəliyev və digər tədqiqatçıların məqalələri, həmçinin onunla bağlı mətbuatda nəşr olunmuş yazılar verilib.

Müşfiq ŞÜKÜRLÜ

 





22.01.2016    çap et  çap et