525.Az

"Davos Forumu mühüm əhəmiyyət kəsb edir"


 

"Davos Forumu mühüm əhəmiyyət kəsb edir"<b style="color:red"></b>

"Azərbaycan prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfərə gedib. Dövlət başçısı Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Ümumiyyətlə, bu Forum ayrı-ayrı dövlətlər, eyni zamanda şirkətlər arasında əlaqələrin genişləndirilməsi üçün kifayət qədər əhəmiyyətli tədbir hesab olunur. Təbii ki, Azərbaycan da hər zaman bu Forumda fəal şəkildə iştirak edir".

Bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli Davos Forumunun əhəmiyyəti barədə danışarkən deyib. Onun sözlərinə görə, həm ayrı-ayrı görüşlərdə, həm də Forum çərçivəsində keçirilən müzakirələrdə ölkənin mövqeyi açıq ifadə olunur: "Azərbaycan üçün ölkənin ərazi bütövlüyü prioritet sayılır. Bu baxımdan da Azərbaycan prezidenti harada olur-olsun həmin prizmadan istifadə edərək Azərbaycan barədə həqiqətləri dünyaya çatdırmağı çalışır və ölkəmizin mövqeyini ifadə edir, Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinin təkcə region üçün deyil, daha geniş, qlobal miqyasda problem, təhlükə yaradacağını bildirib. Bu baxımdan keçirilən həm ikitərəfli görüşlərdə, həm də daha geniş toplantılarda Azərbaycanın mövqeyinin ifadə olunacağı təbiidir. Amma Davos Forumu indiki halda Azərbaycan üçün digər askpektdən də mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu, iqtisadi faktorlarla bağlıdır". E.Mirzəbəyli əlavə edib ki, ölkə prezidenti İlham Əliyevin keçirdiyi son müşavirədə də Azərbaycanda geniş iqtisadi islahatların anonsu verildi, bir sıra istiqamətlərdə mühüm addımların, qeyri-neft sektorunun inkişafı istiqamətində iri addımlar atılacağı vurğulandı. Bu baxımdan da Davos İqtisadi Forumunda Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə eyni zamanda ayrı-ayrı dövlətlərlə iqtisadi əlaqələrinin genişləndirilməsi və ölkəmizə yeni-yeni investisiyaların cəlb edilməsi üçün geniş imkanlar var. Əminəm ki, dövlət başçısı bu fürsətdən maksimum dərəcədə istifadə edərək Azərbaycana yeni sərmayələrin cəlb olunmasına, ölkənin iqtisadi imkanlarının daha da genişlənməsinə cəhd göstərəcək".

Beynəlxalq məsələlər üzrə ekspert Tamerlan Vahabov isə bildirib ki, Davos İqtisadi Forumunda Azərbaycan üçün mühüm əhəmiyyət daşıya biləcək ölkələrin liderləri toplaşıb. O bildirib ki, prezident İlham Əliyevin Davos Forumuna qatılması Azərbaycan üçün vacib məqamları özündə əks etdirir: "İlk növbədə İlham Əliyevin bu forumda iştirakı Azərbaycanın ənənəvi olaraq iştirak etdiyi qlobal və regional enerji, iqtisadi layihələrdə davamlılıq prinsipinin ortaya qoyulmasıdır. Digər tərəfdən Forumda Azərbaycanın nəqliyyat potensialı haqqında müzakirələrin aparılması istisna deyil". Onun sözlərinə görə, Davos Forumunu ölkəmiz üçün əhəmiyyətli edən faktorlardan biri Azərbaycana xarici sərmayələrin cəlb edilməsidir və əsas gündəmdə olacaq məsələlərdən biri də bu olacaq. Bu, Azərbaycanda neçə illərdir ki, davam edən və neftin qiymətinin düşməsindən sonra daha da aktuallaşan qeyri-neft sektorunun inkişafı siyasətinin bir hissəsidir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə həm yerli sahibkarlığın inkişafı üçün şəraitin yaxşılaşdırılması, həm də xarici sərmayələr üçün effektiv infrastrukturun mövcudluğunun əhəmiyyəti barədə söz açıb. Davos İqtisadi Forumu bu siyasətin həyata keçirilməsi üçün əlverişli platformalardan biridir.

Qeyd edək ki, Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan iqtisadiyyatının gələcəyi" mövzusunda məqaləsi yerləşdirilib. Məqalədə dünyada gedən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq Azərbaycan öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyillərdən maksimum dərəcədə qorumağa çalışır. Azərbaycan bütün istiqamətlərdə, o cümlədən, iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkədir. Son vaxtlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı özünün inkişaf templərini davam etdirməkdədir.

Dövlət başçısı Azərbaycan iqtisadiyyatının son 10 ildə 300 faiz artdığını, yoxsulluq və işsizliyin kəskin şəkildə aşağı düşdüyünü, hazırda hər iki göstəricinin 5 faiz səviyyəsində olduğunu vurğulayıb. Həmçinin 2015-ci ildə qeyri-neft sənayesi 8.4 faiz artıb.

PƏRVANƏ

 





22.01.2016    çap et  çap et