525.Az

Azərbaycan xarici valyuta bazarlarından əlavə valyuta resursları cəlb edə bilər


 

EKSPERTLƏR HESAB EDİRLƏR Kİ, XARİCDƏN MALİYYƏ RESURSLARININ CƏLB OLUNMASINA EHTİYAC VAR

Azərbaycan xarici valyuta bazarlarından əlavə valyuta resursları cəlb edə bilər <b style="color:red"></b>

Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə həyata keçiriləcək yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən edib.
 
Dövlət başçısı qarşıdan gələn dövrdə görüləcək işlərlə bağlı dövlət strukturlarına müvafiq tapşırıqlar verib.

Prezident İlham Əliyevin nitqinin təhlili onu deməyə əsas verir ki, iqtisadi böhran və enerji resurslarının qiymətinin aşağı düşməsi bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir.

Enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi təbii proses deyil və süni şəkildə stimullaşdırılır. Hətta güclü iqtisadiyyata və maliyyə resurslarına malik ölkələr belə bundan ciddi əziyyət çəkirlər. Hazırda ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının üzləşdiyi problemlər, həmçinin, dünyanın aparıcı iqtisadiyyatlarından olan Fransada fövqəladə iqtisadi vəziyyətin elan olunması bunu əyani şəkildə təsdiq edir.

Azərbaycan büdcəsinin əhəmiyyətli hissəsinin enerji resurslarının satışından əldə olunan gəlirlər hesabına formalaşdığına görə, neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına və maliyyə sisteminə mənfi təsir göstərir.

Bununla yanaşı, Azərbaycan son 10 ildə iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməklə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa müəyyən dərəcədə müvəffəq olub.

Buna görə də həm Azərbaycan ümumdünya iqtisadi böhranından ən az əziyyət çəkən ölkə olub, həm də Azərbaycanın milli valyutası mənfi meyllərə ciddi və uzunmüddətli müqavimət göstərməyi bacarıb. Hər halda bir sıra qonşu ölkələrdə, o cümlədən, Rusiya və Qazaxıstanda devalvasiyanın Azərbaycandan xeyli əvvəl həyata keçirilməsi və milli valyutaların "üzən məzənnəyə" buraxılması bunu deməyə tam əsas verir.

 Hazırda Azərbaycanda qeyri-neft sektoru inkişaf dövrünü yaşasa da, neftin qiymətinin aşağı düşməsi şəraitində ölkənin mövcud tələbatını təmin etmək iqtidarında deyil.

Prezident hesab edir ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır.

Görülən tədbirlər, o cümlədən, verilmiş qərarlar nəticəsində çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb.

Ekspertlər ilkin tələbat məhsullarının və yerli malların qiymətində artıma yol verilməməsi və qiymətlərin aşağı salınması istiqamətində görülən tədbirləri müsbət qiymətləndirirlər.

Bundan əlavə Prezident bildirib ki, tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcək.

Ekspertlər hesab edirlər ki, anti-böhran kampaniyası çərçivəsində xarici valyutaya olan tələbatın ödənilməsi baxımından Azərbaycan hökuməti xarici valyuta bazarlarından əlavə valyuta resursları cəlb edə bilər və bunun ölkənin iqtisadi-maliyyə sistemi üçün təhlükəsi minimal səviyyədədir. Əksər dünya ölkələrində bu göstərici çox yüksəkdir, hətta bəzi ölkələrin xarici borclanması 100-150 faiz təşkil edir.

İqtisadçı ekspert Nicat Hacızadə hesab edir ki, Azərbaycanın xarici borcu kifayət qədər aşağıdır və ümumi daxili məhsulun cəmi 11-12 faizini təşkil edir. Çünki bizim ölkə daxilində kifayət qədər maliyyə resurslarımız var. Həm neft fondu, həm biznes sahələrindən gələn gəlirləri hesablasaq, həm də dövlət borcunun çox az bir hissəsinin qısamüddətli olduğunu, əsas hissəsinin 10 il və daha artıq dövrü əhatə etdiyini nəzərə alsaq, Azərbaycan hökuməti xarici valyuta bazarlarından əlavə valyuta resursları cəlb etməsi mümkündür. Bunun ölkənin iqtisadi-maliyyə sistemi üçün təhlükəsi minimal səviyyədədir. Lakin dövlət çalışmalıdır ki, qısamüddətli borclanmalara getməsin.

İqtisadçı ekspert Pərviz Heydərov "ATV.az"a bildirib ki, ölkəmizdə heç bir ciddi maliyyə problemi yaranmayıb, sadəcə olaraq, xarici iqtisadi böhranın güclü təzyiqi altındayıq".

Onun sözlərinə görə, dövlət gəlirlərimiz neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar, kəskin şəkildə azalıb, maliyyə ehtiyatlarımız risk altına düşüb:

"Odur ki, getdikcə, xaricdən əlavə borc vəsaitlərinin cəlb olunmasına ehtiyac yaranır. Bu, makroiqtisadi sabitliyi qoruyub saxlamaq üçün vacib sayılır. Dövlət başçımız da sonuncu müşavirədə ona görə qeyd etdi ki, bütün bu amilləri, iqtisadi dayanıqlılığı və xarici borcumuzun aşağı səviyyədə olmasını nəzərə alaraq, xarici maliyyə bazarlarından lazım olan əlavə həcmdə valyuta resursları cəlb oluna bilər. Əgər, söhbət, cari məqsədlərdən gedərsə, dövlət büdcəmizin icrası ilə bağlı heç bir problem yoxdur. Sadəcə olaraq, manatın valyuta bazarında məzənnəsini qoruyub saxlamaq, həmçinin bir sıra investisiya layihələrinin icrasıyla bağlı müəyyən məhdudiyyətlər yaranıb".

İqtisadçının fikrincə, bu dəfə xarici dövlət borcunun artırılmasında sırf strateji maraq və məqsədləri əsas götürmək lazımdır:

"Bunun üçün isə böyük həcmdə borclanmaya getmək üçün hələki heç bir əsas yoxdur. Ümumiyyətlə, elə investisiya layihələri vardır ki, onların icrasını uzun müddət təxirə salmaq mümkündür və bu, heç bir zərər yaratmır. Yalnız makroiqtisadi dayanıqlıq üçün təhlükə hiss edildiyi təqdirdə borc alınması məsləhətdir. Hesab edirəm ki, bu mənada məsələn, bir sıra istiqamətlərdə struktur islahatların icrası üçün, o cümlədən, iqtisadiyyatı idarəetməni təkmilləşdirmə məqsədilə xaricdən maliyyə cəlb oluna bilər. Bunun da həcmi 100 deyil, 10 milyonlarla ölçülməlidir".

Milli Məclis sədrinin müavini Bahar Muradova "APA"ya bildirib ki, bəzi insanların sosial çətinliklərini ifadə etməsi qeyri-adi qarşılana bilməz. Vitse-spikerin bildirdiyinə görə, insanlar bu və ya digər problemlərini qaldıra, qanunla nəzərdə tutulmuş şəkildə onları ifadə edə və müvafiq qurumlara tələblərini çatdıra bilərlər: "Bunun üçün heç kəsi ittiham etmək olmaz". 

O, deyib ki, amma kimlərsə məhz bu şəraitdən istifadə edərək öz qərəzli niyyətlərini həyata keçirmək və ictimai-siyasi durumu gərginləşdirmək, xalqla dövlət arasında münasibətlərə xələl gətirəcək çağırışları etmək, təxribatlar törətməyə cəhd etdilərsə, bunun öz qiyməti var: "Bu, hüquqi qiymətdir. Azərbaycan dövlətinin, onun müvafiq qurumlarının bu məsələdə mövqeyi qəti və aydındır. Vətəndaşların fikirləri dinlənilməli, onların sosial problemləri həll olunmalıdır. Buna mane olanlar isə öz hüquqi qiymətini alacaqlar".

Millət vəkili İlham Məmmədov qeyd edib ki, dünyadakı baş verən proseslərə baxmayaraq, Azərbaycan inkişaf edir və bu göz qabağındadır. O "yap.org.az"a bildirib ki, ölkəmizin yerləşdiyi geosiaysi məkanda oynadığı rol, xüsusilə, Avropanın enerji təhlükəsizliyinin təmin olunması yönündəki fəaliyyəti hamıya məlumdur. İ. Məmmədovun dediyinə görə, təbii ki, Azərbaycan dünayaya inteqrasiya edib və dünyada baş verən proseslər ölkəmizdən yan keçə bilməzdi. İ.Məmmədov bildirib ki,  Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin dayanıqlı iqtisadi inkişaf stategiyası sayəsində həmişə öz inkişaf tempini təmin edəcək.  Onun sözlərinə görə, dünyada qlobal maliyyə-iqtisadi böhranın fonunda ölkəmizin sosial-iqtisadi inkişafı üçün davamlı olaraq addımlar atılır:"Sahibkarlığın inkişafı üçün atılan addımlar, onlara qarşı süni maneələrin aradan qaldırılması, yoxlamaların azaldılması, lisenziyaların verilməsinin sadələşdirilməsi, infrastukur layihələrin dayanmadan həyata keçirilməsi buna sübutdur".

Millət vəkili həmçinin bildirib ki, aqrar sahənin inkişafı üçün də ciddi addımlar atılır: "Ümümiyyətlə, dünyada baş verən proseslərə ölkəmiz adekvat cavab verir. Əlbəttə, dünyada neftin qiymətinin kəskin ucuzlaşması Prezidentimizin qeyd etdiyi kimi iqtisadi yox, siyasi amillərlə bağlıdır. Hər bir vətəndaş Azərbaycan naminə cənab Prezidentin ətrafında sıx birləşməlidir. Bu gün kiçik məişət problemlərini şişirdib ondan təxribat məqsədləri üçün istifadə etmək istəyənlər var. Belə vəziyyətlərdə kimsə ortaya çıxır, süni qiymət artımı hallarına yol verir və s. Bunlara qarşı birgə mübarizə aparmalıyıq. Belə halların qarşısını almaq üçün cənab Prezidentə dəstək olmalıyıq. Hər birimiz öz işimizlə düzgün məşğul olarıqsa, neqativ prosesləri önləmiş olarıq. Prezidentimizin verdiyi qərarlar, onun qətiyyətli addımları yaranmış vəziyyətdən sui-istifadə etmək istəyənlərə tutarlı cavabdır. Dövlət başçısının atdığı addımlar vətəndaşların maraqlarına xidmət edir. Un və çörəyin qiymətinin aşağı düşməsi, əmək pensiyalarının artırılması ictimaiyyət tərəfindən tam dəstəklənir. Yəni yaranmış vəziyyətdən, manatın devalvasiyaya uğramasından kimlərsə şou düzəltməməlidir. Biz insanlar arasında izahat işləri aparmalıyıq, bu prosedə KİV-lərin də rolu var. Hazırda yerlərdə icra strukturlarının nümayəndələri insanlarla görüşüb onları dinləyirlər. Yəni problemlərin həlli ilə bağlı sistemli tədbirlər həyata keçirilir ".

Ceyhun ABASOV

 





22.01.2016    çap et  çap et