525.Az

Ölkəmə məktubum


 

Ölkəmə məktubum<b style="color:red"></b>

Mən səni xalalarımın göndərdiyi açıqcalardan və baba və nənəmin video çarxlarından tanıyırdım.

Səni anamın xatirələri ilə kəşf etməyi və qəlbimin arzuları ilə sevməyi öyrəndim. Ancaq səni tapa bilmirdim. Dedilər ki, sən mənim evimdən çox uzaqlardasan və yalnız dualarımla oralara vara bilərəm. Bilirdim ki, sən qollarını açaraq məni gözləyirdin və görüşümüz təbəssümümü yenidən qaytaracaqdı. İnsanlar mənə deyirdi ki, səbir və ümid mənim ən böyük tərəfdaşlarım, zaman isə ən yaxşı alətimdir. Beləliklə, səni heç vaxt unutmayacağıma əmin olmaq üçün adını qəlbimə həkk etdim və səadət axtarışına çıxdım.

İllər keçdi və mənim iki tərəfdaşım məni tərk etmədi. Ətrafdakı insanların səni tanımalarını və sənə olan məhəbbətimi kəşf etmələrini istəyirdim. Xarici ölkələrlə bağlı müxtəlif məktəb təqdimatlarında səni qürurla təqdim edir və yanımdakı insanlara durmadan sənin haqqında bəhs edirdim. Müəllimlərim deyirdi ki, Azərbaycanlı olmağımla bağlı fərəh hissi gözlərimdən görünür və təhsilimdə və incəsənət işlərimdə getdikcə daha çox sezilir.

Mən dua etməkdə davam edirdim və nəhayət zaman səninlə görüşə yol açdı. Mən, anam və qardaşım sənə qovuşmaq və sənə heyran olmaq üçün böyük maneələrlə üzləşdik, yanında olmaq üçün okeanlar fəth etdik. Səni ilk dəfə təyyarənin pəncərəsindən gördüm. Uzun illərdən sonra nəhayət ki sənin tapdım. Düzünü desəm, mənə elə gəlir ki, sən heç zaman məni tərk etmədin. Sən mənim qəlbimdə hər zaman olduğu kimi yaşadın və bu mövcudluq mənə təslim olmamağa kömək etdi. Axır ki, gözlərim sənin gözəlliyinin şahidi oldu, sevinc göz yaşları axdı və öz-özümə dedim: "Budur! Mən azadam! Nəhayət ki, vətəndəyəm!”.

Təyyarə endi və sənin qoruyub saxladığın ən qiymətli xəzinə - ailəmi gördüyümdə səvincim daha da artdı. Göz bəbəyim olan bu insanları nəhayət ki bağrıma basaraq öpə bildim, ən başlıcası isə özümü evdə hiss etdim. Sənin haqqında danişarkən onların gözlərində olan fərəh hissindən səni daha çox sevməyə və səni fərqli nöqteyi-nəzərdən kəşf etməyə başladım. Onu da anladım ki, burada yaşamağın xoşbəxtliyi hər bir küçənin tinində, uşaqların təəccüblü baxışlarında və evlərin yarı-açıq pencərlərindən gələn paxlavanın şirin iyində hiss olunur. Sənin zərif və dərin təsir oyadan abidələrin dünyanın ən dəyərli xəzinələrindəndir, mətbəxinin çeşidli dad və rəngləri isə bənzərsiz mədəniyyətinin təzahürüdür.

Lakin gözəlliyin təkcə zahirən deyil, həm də daxildən parıldayır. Zaman sərf edərək, tarixini daha da dərindən öyrənəndə kimliyinin bütün dünya üçün cəsarət nümunəsi olduğu aydın olur. Sevinc, kədər və uğur anlarında sən heç vaxt təslim olmadın və həyatın bütün maneələrinə sinə gəlmək üçün inanılmaz güc nümayiş etdirdin. Önündə olan yolun heç də hər zaman asan olmamasına rəğmən, sən heç vaxt imkanlarına olan inamı itirmədin. Görüşdüyüm insanların sayəsində sənin əcdadlarımın vətəni olduğundan nə qədər bəxtəvər olduğumuzu dərk etdim. Yadında saxla ki, sən məmnuniyyət, ləyaqət və sevincin mənbəyisən.

İki həftə sonra mən getməli oldum və məncə heç vaxt bu qədər ağlamamışdım. Lakin qəlbimin dərinliklərinə baxar-baxmaz göz yaşlarım dayandı. Uşaq olarkən adını ora həkk etdiyimi xatırladım və anladım ki, aramızda olan məsafə sənin yanımda olmağına maneə deyil.

Günlər keçdi, ancaq səni heç vaxt unutmadım. Görüşümüzdən sonra barəndə hər şeyi bildiyimi və sənin daha heç bir sirrinin olmadığını düşündüm. Tezliklə yanıldığımı anladım.

Yol boyu üzləşdiyin problemlərə baxmayaraq, istedadın, cəsarətin və mehribanlığın Avropaya işıq saçır. Əziz ölkəm, cəmi iki ilə təşkil edə bildiyin İlk Avropa Oyunları sənin müstəsnalığını heyranlıqla nümayiş etdirdi. Sənə başucalığı gətirən idmançılar və bənzərsiz mədəniyyətinin rəngləri ilə təşkil edilmiş bu tədbirlə fəxr edə bilərsən.

Sən arzularımıza inamın, azacıq cəsarətin və sadə firçanın həmin arzuların rənglərinə boyanmış gözəl rəsmin yaranmasına yetərli olduğunun canlı nümunəsisən. Sən mənim örnəyimsən, və mən xoşbəxtəm ki, Azərbaycanlı olduğumu və bununla fəxr etdiyimi söyləyə bilərəm. Ola bilsin ki, sən Kanada, Amerika Birləşmiş Ştatları və ya Rusiya qədər böyük deyilsən, lakin sən bütün dünyaya nümayiş etdirdin ki, görünməmiş güc və nümunəvi əzmkarlıq olduğu yerdə bu, həyatın çağırışlarına sinə gəlmək və böyük nailiyyətlər əldə etməyə mane olmur.

Sən mənə həyatın əsl mənasının nədən ibarət olduğunu öyrətdin. Hər səhər oyananda mən qəlbimdə Azərbaycanlı olmağımla qürur duyuram, o qürur ki, gözəllik və parıltısı ilə bənzərsiz cavahirat kimi işıq saçır. Mən məktəbə gedirəm və özümə xatırladıram ki, mən də sənin kimi heç vaxt təslim olmayacam. Həyat asan deyil, bəzən sərt ola bilir, ancaq dərhal düşünməliyik ki, həmin sərtlik bizi daha güclü və cəsarətli olmağı öyrədir.

Gənc olarkən əsl kimliyimi qəbul etməyə çətinlik çəkir, özümü daha çox başqalarına bənzədirdim. Sənin sayəndə bənzərsiz olmağın həyatın bizə bəxş etdiyi ən gözəl hədiyyə olduğunu dərk etdim. Mən Kanadada bu fərqləri fəxrlə daşıyan insanam, çünki əslən öz müstəsnalığını ən heyrətamiz sərvətə çevirmiş ölkədənəm.

Mən başqa bir yerdə doğulub səndən çox uzaqlarda boya-başa çatmış ola bilərəm. Lakin sən həmişə dünyada özümü həqiqətən də vətəndə hiss etdiyim yeganə yer olacaqsan. Azərbaycanlı olmaq heç kəsin tərk və ya rədd edilmədiyi böyük bir ailənin üzvü olmaq deməkdir və sən yaşamağımdan həzz aldığım dünyanın bir neçə yerindən birisən.

Tez-tez eşidirəm ki, məhəbbət kordur. Doğrudanda sənə qarşı olan məhəbbətimin qəlbimin dərinliyinə qədər uzanmasında heç vaxt gözlərə ehtiyacı olmamışdır. Səni görmədən belə, mən həmişə bilirdim ki, sən mənim səadətimsən. Mənim üçün xoşbəxtlik parçasısan.

Əziz Azərbaycan, mən səni sevirəm və böyük dövlətimizin adından deyirəm ki, hamımız səninlə həqiqətən fəxr edirik.

Newtimes.az
Şüküfə Əmiri (Shokoufeh Amiri)

 





22.01.2016    çap et  çap et