525.Az

Kibermüharibə: dünya üçün yeni təhlükəli üfüq


 

Kibermüharibə: <b style="color:red">dünya üçün yeni təhlükəli üfüq</b>

Elm və texnikanın inkişafı bir sıra məsələlərdə bəşəriyyətin tərəqqisinə xidmət edir. Lakin bütövlükdə dünya üçün təhlükəli məqamların da meydana çıxmasında həmin faktorun rolu özünü göstərir.

Xüsusilə informasiya texnologiyaları sahəsində əldə edilən nailiyyətlərdən destruktiv məqsədlər üçün istifadə hallarına rast gəlinir. Artıq mütəxəssislər "kibermüharibə" kimi yeni bir termin işlədirlər. Virtual vasitələrdən istifadə etməklə müəyyən obyektlərin sıradan çıxarılasını nəzərdə tutan bu hadisə informasiya müharibəsinin yeni səviyyə və miqyasda aparılması anlamına gəlir. Sirr deyil ki, həmin faktor indi bütün dünya üçün təhlükələr meydana gətirir. Bizcə, bu məqam üzərində düşünməyin zamanıdır.

Virtual gerçəkliyin virusları

İnformasiyanın müasir dünyada nə dərəcədə əhəmiyyətli rol oynadığı hamıya məlumdur. İndi bu anlayış sözün əsl mənasında cəmiyyətin sosial-mədəni reallıqlarını yaradır. "Virtual gerçəklik" adlandırılan fenomen artıq sadəcə kompüterin monitorunun fiziki çərçivəsi ilə məhdudlaşan və bir fərdə aidiyyəti olan hadisə deyil. Bu, qlobal miqyasda prosesləri istiqamətləndirən faktor kimi qəbul edilməkdədir. O cümlədən "kibermüharibə" deyilən və getdikcə daha təhlükəli məzmun kəsb edən proses virtual gerçəkliklə sıx bağlıdır.

XXI əsrin əvvəllərindən dünya siyasətində müşahidə olunan təhlükəli məqamlarda inkişaf etmiş ölkələrin informasiya sahəsində əldə etdiyi nailiyyətlər az rol oynamayıb. Artıq bu həqiqət nəinki gizlədilir, hətta onun mümkün fəsadları haqqında proqnozlar da verilir. Burada bəşəriyyəti narahat edən məqamlardan biri informasiya texnologiyalarından radikal qrupların ustalıqla istifadə etməyə başlamasıdır. Onlar hazırda faktiki olaraq dünyanın istənilən dövləti ilə virtual gerçəklikdə savaş apara bilirlər. Vəziyyət o həddə gəlib çıxıb ki, ABŞ, Çin, Rusiya və başqa böyük dövlətlər bu hallarla mübarizə aparmağın üsulları üzərində düşünürlər. Lakin onların birgə fəaliyyətini əngəlləyən ciddi bir amil vardır.

Problem ondan ibarətdir ki, böyük dövlətlərin özlərinin arasında informasiya müharibəsi "kibernetik müharibə" adlanan daha təhlükəli və geniş miqyaslı bir məzmun kəsb edib. KİV-də dəfələrlə bununla bağlı informasiyalar yayılıb. Konkret misallarda da bunu görmək mümkündür. 2010-cu ildə "Stuxnet" adlı virusun kompyuter sistemlərinə daxil olub, orada dağıdıcı fəaliyyət göstərə bilməsi haqqında informasiyanın yayılmasından sonra kibertəhlükənin qloballığı tam dərk olundu. Məsələn, "Stuxnet" "Siemens" şirkətinin istehsalı olan SCADA (Supervisory Control And Data Acquisition) texnologiyalarının yükləndiyi kompyuterləri məqsədyönlü şəkildə axtara bilir. Hədəfinə çatdıqda isə onu tam sıradan çıxarır və ya elə təhrif olunmuş mənzərə yaradır ki, kompyuterə yüklənən proqramın necə fəaliyyət göstərəcəyini müəyyənləşdirmək mümkün olmur. Yəni tam qeyri-müəyyən bir vəziyyət yaranır (bax: Дмитрий Конухов. Вакцина для атома: кибербезопасность АЭС / РСМД, 16 noyabr 2015).

2010-cu ildə İranın Buşehr nüvə obyektində "Stuxnet" problem yaradıbmış. Həmin ana qədər orada "Siemens"in fəaliyyət göstərdiyi məlum deyilmiş. Onu deyək ki, "Simens"in hazırladığı texnologiyalar sənaye sahəsində, neft kəmərlərindəki infrastruktur və xidmət proseslərində, elektrostansiyalarda, rabitə sistemlərində, hava limanlarında və başqa sferalarda geniş istifadə olunur. Belə çıxır ki, bir virus vasitəsi ilə qlobal miqyasda informasiya sistemlərini iflic etmək mümkündür (bax: əvvəlki mənbəyə).

Atom-elektrik stansiyaları və başqa nüvə obyektləri ilə bağlı mənzərə isə daha həyəcanlıdır. Həmin obyektlərin sıradan çıxarılması kütləvi qırğınlara və fəlakətlərə səbəb ola bilər. Vəziyyəti daha həssas edən məqam bu tip virusları kimlərin hazırladığının indiyə qədər dəqiq bilinməməsidir. Lakin böyük dövlətlərin rəsmi dairələrinin yaydıqları informasiyalardan aydın olur ki, ilk növbədə, məhz yüksək inkişaf etmiş ölkələrdən şübhələnirlər. Bu kontekstdə Çin rəhbərinin ABŞ-a olan bir səfəri KİV-in diqqətini çox çəkmişdi.

5 trilyonluq ordu: bəşəriyyətin məhvinə doğru

Çinin dövlət başçısı Si Tszinpinin ABŞ-a ilk səfəri 2015-ci ilin sentyabrında olub. Jurnalistlər bu səfəri obrazlı olaraq "kibersəfər" adlandırıblar. Doğrudur, S.Tszinpin BMT Baş Assambleyasının 70-ci sessiyasında iştirak etməli idi. Lakin onun rəsmi Vaşinqtonla müzakirə etdiyi məsələlər sırasında informasiya təhlükəsizliyi əsas yer tutub (bax: Павел Шариков. Си Цзиньпин в Белом доме – кибервизит / РСМД, 28 sentyabr 2015). ABŞ bir neçə dəfə Çinin yaratdığı kibertəhlükələr haqqında mövqe bildirib.

Hətta 2015-ci il sentyabrın 10-da Konqresdəki dinləmələrdə Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı C.Klepper Çinin həmin sahədə ciddi təhlükə mənbəyi olduğunu təsdiq edib. İlk növbədə, çinlilər intellektual sərvətləri oğurlayırlar. Onlar Amerika şirkətlərinin ideyasını gizli yollarla əldə edir və daha ucuz qiymətə mallar hazırlayırlar. Bu sıraya yüksək texnologiyalar, hətta hərbi xarakterli ideyalar da daxildir.

Bundan başqa, ABŞ-la Çin arasında İnternetlə qlobal idarəetmə məsələsində fikir ayrılığı mövcuddur. Pekin Moskvanın İnterneti idarəetmə ilə əlaqədar verdiyi təklifi BMT-də müdafiə edib, Amerika isə əleyhinə çıxıb (bax: əvvəlki mənbəyə). Yuxarıda sadalanan məqamlara görə ABŞ-la Çin arasında kibertəhlükəsizlik sahəsində sazişin imzalanması ehtimalı azdır. Əksinə, bir sıra informasiyalar bu istiqamətdə münasibətlərin daha da kəskinləşə biləcəyini göstərir.

Hətta Amerikanın özünün kibertəhlükələrə qarşı strategiyası tam aydın deyil. Belə ki, Barak Obamanın göstərişi ilə hazırlanan proqrama etiraz edənlər də vardır (bax: Мэттью Кросстон. Зонтик против киберурагана: новый указ Барака Обамы по борьбе с киберпреступностью / РСМД, 10 aprel 2015 və Павел Шариков. Американский CISA – публичный доступ к частному? / РСМД, 6 noyabr 2015). Siyasi səviyyədə olan etirazlarla yanaşı, adi vətəndaşlar da rəsmi dairələrin onların şəxsi işlərinə qarışmaq niyyətlərindən narahatlıqlarını ifadə edirlər.

Əgər ABŞ-ın kibertəhlükəyə qarşı strategiyası tam aydın deyilsə, onda beynəlxalq miqyasda hansısa real müqavilənin hazırlanmasından söhbət gedə bilməz. Faktlar da onu göstərir ki, Amerika, Aİ, Rusiya və Çin arasında bununla bağlı ciddi fikir ayrılıqları davam edir. Vaşinqton Moskvanın irəli sürdüyü təklifləri həmişə rədd edir və Çinin də fəallığından narazılığını bildirir. Bunlara paralel olaraq, özü daxili qanunlarla kibertəhlükəsizliyi təmin etməyə çalışır.

Həmin aspektdə mütəxəssislər CISA-nın 2015-ci ilin yayında qəbul edilməsini təsadüfi addım saymırlar. CİSA (Cybersecurity Information Sharing Act) "Kibertəhlükələr barəsində informasiya mübadiləsi haqqında" qanundur (bax: Павел Шариков. Американский CISA – публичный доступ к частному? / РСМД, 6 noyabr 2015). Bu qanunu Senatın kəşfiyyat üzrə komitəsinin rəhbərliyi, respublikaçı Riçard Byörr və demokrat Diana Fenşteyn təqdim edib. Ekspertlər CİSA-nın əvvəllər qəbul edilmiş "Patriot" qanunundakı boşluqları doldura biləcəyini deyirlər. Belə çıxır ki, ABŞ başqalarının təklif etdiyi qanunları rədd etməklə yanaşı, öz daxili qanunlarını daha da təkmilləşdirir.

Əslində, Rusiya ilə Çin də analoji addımlar atırlar. Məsələn, onlar Aİ-nin 2001-ci ildə kibertəhlükələr haqqında hazırlanmış Budapeşt konvensiyasına qoşulmayıblar. Rusiya BMT-də alternativ layihə irəli sürüb və təbii, Qərb dövlətləri tərəfindən boykot edilib.

Bütün bunlar böyük dövlətlərin kibertəhlükələrin mövcudluğu şəraitində daha çox ümumi təhlükəsizlik modeli üzərində deyil, öz maraqlarına xidmət edən qaydaların formalaşması uğrunda mübarizə apardıqlarını göstərir. Bu səbəbdən də dünya üzrə həmin sahəyə getdikcə daha böyük miqdarda vəsait xərclənir. KİV-in yaydığı məlumata görə, söhbət 5 trilyon ABŞ dollarından gedir (bax: Mahmut Sancak. 5 trilyon dolarlık siber savaş / "Habertürk", 21 noyabr 2015).

Artıq kiberorduların qurulduğundan bəhs olunur. Böyük dövlətlərin hər birinin bu cür qrupları çoxdan vardır. İndi başqaları da analoji müdafiə sistemi yaratmağa çalışırlar. Bunlar onu göstərir ki, kibermüharibə təhlükəsi nəinki azalmır, hətta onun reallaşma ehtimalı da yüksəlir. Qan axıtmadan rəqibi sıradan çıxarmaq üsulunu daha "sivil metod" hesab edənlər istənilən zaman planlarını reallaşdıra bilərlər. Bu da mütəxəssislərin "hibrid müharibələri", "rəqəmsal müharibə" və s. kimi ifadələrinin tez-tez işlədilməsi arxasında nələrin dayandığını bir daha təsdiq edir. Bütün bunlar bütövlükdə bəşəriyyəti təhdid edir və çox mənfi fəsadları ola bilər. Ancaq böyük güclər dayanmaq istəmirlər. Dünya üçün yeni təhlükəli üfüqlər görünməkdədir.

Newtimes.az
Elsevər Abdullayev

 





22.01.2016    çap et  çap et