525.Az

“Üzü Tanrı işığına...”


 

“Üzü Tanrı işığına...”<b style="color:red"></b>

Gecə lampası

Tükəndi qürubun səsi-sədası,
Yollardan hənirti çəkilir artıq.
Pəncərəm önündə küçə lampası
Gah yanır, gah sönür, tapmır rahatlıq.

Nə xəbər göndərir üzü aşağı,
Nə istər, boşluğa üz vura-vura?
A küçə lampası, küçə uşağı,
Mənə nə söylərsən, göz vura-vura?

Yetər, bu oyunda mən daha yoxam,
Qaydası, qanunu qat-qarışıqdı!
Çilik-çilik olub dağıldı yuxum -
Bir an qaranlıqdı, bir an işıqdı.

Necə də gəlməsin damağım dada?
Zəqqum çuval-çuval, bal bir qaşıqdı.
Zülmətə dirənən ömür yolu da
Yarı qaranlıqdı, yarı işıqdı.

Çırpınma, üzülmə, gəl elə zənn et,
Zülmət də işığa bir yaraşıqdı.
Bir üzü cəhənnəm, bir üzü cənnət -
Dünya yarı zülmət, yarı işıqdı.

Əhrimən Hürmüzlə qolboyun gəlir,
Hürmüz Əhrimənə yoxsa aşiqdi?
Min fitnə göyərir, min oyun gəlir,
İnsan yarı zülmət, yarı işıqdı.

Bəsdi, sızıldama, küçə lampası,
Axışıb nəbzimə vur incə-incə.
Məni rahat qoymaz gecə lampası
Qarşımdan bu gecə çəkilməyincə...

20 may 2015

lll

Hopub, çöküb, çəkilib,
Susub bulaq haçandı.
Sanma ki, su “əkilib”,
Su gedib qayıdandı.

Çayır, çəmən göyərir,
Kolluqların ardından.
Sudu, salam göndərir,
Torpağın alt qatından.
Ömür axır su kimi,
Axma zaman, amandı!
Vaxt qaçır yuxu kimi
Su qaçıb qayıdandı.
Baxma quruyub yeri,
Soraq yox su adından.
Bir gün dönəcək geri,
Çıxıb yerin altından.
İtib-batır hər nə var,
İtən nə var, haqdandı.
Gözdən itsə də, axar,
Su gedib qayıdandı.
Məsafələr qət edib,
İtirən var, udan var.
Hər şey hərəkətdədi -
Gedən var, qayıdan var.
Zər çəkilir xəzələ,
Xəzan qızıl xəzandı.
Dur dərdimi təzələ,
Dərd gedib qayıdandı.
Dəniz zülmətdə batmaz,
Dan gedib qayıdandı.
Can çıxdısa, qayıtmaz,
Qan gedib qayıdandı.
Su yox, qandı fışqırır,
Fələklər qan udandı.
Şəhid qanı qışqırır,
Ruh gedib qayıdandı.
Nigaransan, eləmi,
Ellər də nigarandı.
Sel-su basır aləmi,
Nuh gedib qayıdandı.
Bulaq şırıldayacaq,
Sular yenə gələcək.
Çiçəklər çırtdayacaq,
Güllər açıb, güləcək.
Səni yollar alacaq,
Qoy su səpim son anda.
Həsrətin qayıdacaq
Özün qayıtmasan da...

Sentyabr 2014

Aktyorun duası

Çatdı bu əfsanə başa bu axşam,
Sonuncu vurğunu vurub son sözə.
İşıqlı səhnədə əfsunlanmışam,
Məchul qaranlıqla durub üz-üzə.

Bir sevinc calanır həyəcanıma,
Ələnir aləmin ələmi, yası.
Məlhəmtək yayılır yanar canıma,
Qaranlıqdan qopan alqış dalğası.

Qaranlıq canlıdı, nəfəs alır o,
Qaçırmır heç nəyi, duyur hər şeyi.
İlk andan son ana - tamaşa boyu,
Nəbzimlə həmahəng vurur ürəyi.

Rəğbəti ən böyük mükafatımdır,
Zəfər müjdəlidir səsi, sədası.
Fəxri ad umanlar, fəxri adımdır
Qaranlıqdan qopan alqış dalğası.

Fitnə-fəsad səpib, ədavət əkir,
İblislər dolaşır kulis arxası.
Məni yerdən alıb göylərə çəkir,
Qaranlıqdan qopan alqış dalğası.

Evdə bir çimdik çay, bir parça çörək
Qalıbmı görəsən, bilmirəm bunu.
Dostlar şuxluq edir - nəyinə gərək?
Qəpik yox, çəpik var, sənət vurğunu!

Mənim rubabım da, neyim də odur,
Ruhun qidasıdı, dərdin dəvası.
Mənim şərabım da, meyim də odur -
Qaranlıqdan qopan alqış dalğası.

Bir işıq izinə düşüb gedirəm,
Amalım alidir, amacım uca.
Hər gün tər içində təzim edirəm
Alqış dalğasının qarşısındaca.

Uca dərgahına ulu yaradan,
Çatsın bu bəndənin bircə duası -
Kəsilsin nəfəsim, kəsilən zaman
Qaranlıqdan qopan alqış dalğası!

31 avqust, 2015

Üzü Tanrı işığına

Qoşul mənə, qoşa gedək,
Üzü Tanrı işığına.
Bu göylər özü səsləyir
Bizi Tanrı işığına.

Bulud qapqara, göy dümağ...
Haqqı haqq biləndən umaq.
Haqq izinə düşüb cumaq
Üzü Tanrı işığına.

Saxta ehkamları yıxaq,
Qalxıb dan yerinə axaq.
Özgə məbədlərdən çıxaq
Üzü Tanrı işığına!
Çoxdan tamarzıdı könlüm
Düzü... Tanrı işığına.

May 2015

 





23.01.2016    çap et  çap et