525.Az

“Kişini idarə etmək maşını idarə etməkdən daha asandır” - Fotoreportaj


 

QADIN TAKSİ SÜRÜCÜSÜ: “ƏTRAFDAKILAR DANIŞIB-DANIŞIB YORULACAQLAR”

“Kişini idarə etmək maşını idarə etməkdən daha asandır” - <b style="color:red">Fotoreportaj</b>

Azərbaycanda bəzi peşələr var ki, orada qadınların çalışması həmişə maraq doğurub. Yaxın tariximizə nəzər salanda yanğınsöndürən, sürücü, konduktor, mexanik, qaynaqçı, ocaqxana işçisi kimi işləyən qadınların heç də az olmadığını görərik.

Müasir dövrümüzdə isə biz ölkəmizdə hətta qadın taksi sürücüsünə də rast gəlirik. Xarici ölkələrdə, xüsusilə Avropada qadınların taksidə fəaliyyətinə normal yanaşılıb. Bizdə isə xanımların taksi sürücüsü kimi işləməsinə münasibət birmənalı deyil.

Bəziləri bunun mentalitetə zidd olduğunu, bəziləri kişilərin maşını qadınlardan daha təhlükəsiz idarə etdiyini deyir.

Sürücülük sırf praktiki iş olduğundan qadınlar üçün bir qədər çətinlik yaradır. Bu da yüksək səviyyəli qadın sürücülərin az olduğu anlamına gəlir. Bəs sükan araxasındakı sürücü qadın olarsa, müştərilər necə reaksiya verir?

Bu və digər suallarımıza cavab tapmaq üçün “Gralition MMC”in nəzdində sırf qadın müştərilər üçün fəaliyyət göstərən “Taksi 971” xidmətinə müraciət etdik. Xidmətdə sürücü işləyən Günay Səmədova bizi həm gedəcəyimiz ünvana apardı, həm də həmsöhbətimiz oldu.  

- Günay xanım, necə oldu ki, taksi sürücüsü kimi işləmək qərarına gəldiniz?

- Bu, asan olmadı. Əvvəllər müxtəlif sahələrdə işləmişəm. Menecer də olmuşam, resepşnda da çalışmışam. Ən son işlədiyim yerdən ayrılanda düşündüm ki, bəlkə taksi sürücüsü kimi özümü sınayım. Çox keçmədən rəfiqəm sürücü axtaran şirkətlərdən birini məsləhət gördü. CV göndərdim, bir neçə gün sonra dəvət etdilər. Müvafiq prosedurlardan sonra işə götürüldüyümü dedilər. Ətrafımdakıların qınaq obyekti olsam da, işə başlamağa qərar verdim.

- Bu işin öncə çalışdığınız sahələrdən fərqi nədir?

- Etiraf edim ki, iş ağırdır. İstənilən saat sifariş ola bilər. İşin maraqlı tərəfi sırf xanımlar üçün çalışmağımızdır. Kişilər bizim xidmətdən taksi sifariş edə, yaxud maşına minə bilməzlər. Düzdür, çoxlarının bu haqda məlumatı yoxdur.  Bu layihə Azərbaycanda yenidir. Qadın taksi sürücülərini görəndə xanım müştərilərin üzündə təbəssüm yaranır. Əksər müştərilərimiz ailəlidir, gecəyarı işdən çıxanları da var. Əksəriyyəti də həkimdir. Gecə ikidə də sifarişlərinə gedirik. Qadın müştəri üçün bu halda sürücünün qadın olması daha uyğundur. Hətta yeni rəfiqələr də qazanmışam.

- Kişilərin qadın taksi sürücülərinə münasibəti necədir?

- Kişilər ümumiyyətlə, qadınların maşını təhlükəli sürdüyünü düşünür, bizi qınaq obyektinə çevirirlər. Onlar istənilən sahəyə qadınların müdaxiləsini sevmir, bununla barışmaq istəmirlər. Hesab edirlər ki, avtomobili idarə etmək yalnız kişilərə xas keyfiyyətdir. Əslində isə biz qadınlar avtomobili daha təmkinlə, səbrlə idarə edirik, sürət həddini aşmırıq, yol hərəkəti qaydalarına daha çox riayət edirik, sükan arxasında olanda özümüzü, ailəmizi düşünərək riskə getmirik. Kişilərsə bizə nisbətən aqressiv olduqlarından yol hərəkəti qaydalarını daha çox pozur, özlərini riskə atırlar.

Bundan başqa, əsas problemlərdən biri də odur ki, bizim mentalitetə qadınların taksi sürməsi hələ tam oturuşmayıb. Elə öz evimizdən misal gətirim. Atam əvvəlcə taksi sürməyimin əleyhinə idi. Sonradan xidmətin sırf xanımlar üçün nəzərdə tutulduğunu biləndə özü də dəstək oldu. Kişilər sükan arxasında qadının olduğunu görəndə hətta yol da verirlər. Əlbəttə, düz keçərək görməzdən gələnləri az deyil. “Ətrafdakılar nə deyər?”, “Qadın da taksi sürər?” kimi fikirlər çox kişinin beynindədir.

- Bəs, bu sahəyə maraq hansı səviyyədədir?

- İşimizlə maraqlanan xanımlar az deyil. Təcrübəmi onlarla bölüşür, bu peşənin təkcə kişilər üçün olmadığından ağızdolusu danışıram. Onlardan bizim kollektivə qatılanları da var. Çətinliyinə rəğmən işimi sevirəm. Karyera qurmaq üçün düzgün yol seçdiyimi düşünürəm.

- Kişini idarə etmək asandır, yoxsa maşını?

- Kişini idarə etmək daha asandı, ürəyiyumşaq olurlar. Onları dəmir parçası ilə müqayisə etmək absurd olardı (gülür). Qadın kişinin zəif nöqtəsini mütləq bilməlidir. Maşınmı, kişimi deyə seçim etməzlər.

 Günay Səmədova qadınlara mesaj da ünvanladı: “Bu işə marağı olanlar irəli getsin və başqalarının fikirlərinə görə istəklərindən vaz keçməsin, kişilərin təsiri altında qalmasın. Nə qədər ki, gec deyil, ayaqlarınız üzərində durmağı öyrənin. Ətrafdakılar danışıb-danışıb yorulacaqlar”.

Aysel XIDIROVA

 





23.01.2016    çap et  çap et