525.Az

Öz yerində olan adam


 

Və ya bir dostumuzun 55 illiyi barədə zarafatdan xali olmayan qeydlər

Öz yerində olan adam<b style="color:red"></b>

... Sonu 0-la bitməyən yaşı yubiley kimi qeyd etmək düz deyil - yaş və yubiley məsələsinə özünəməxsus münasibəti olan bir dostumuz belə iddia edir.

...Yubileylər 33, 44, 55, 66, 77 və s. kimi qoşa rəqəmli yaşlarda qeyd olunsa, daha yaxşıdır - başqa bir dünyagörmüş dostumuz da bu fikirdədir.

Hansı haqlıdır, deyə bilmərəm...

Amma dəqiq deyə bilirəm ki, haqqında yazmaq istədiyim dostumuz 55-i yola salır, səssiz-küysüz, heç bir yubiley iddiası-filanı da olmadan...

O, jurnalistdir. Fəxri adı, titulları və təltifləri olmayan bir jurnalist...  Amma lazım gəlsə, adı-sanı olanlara belə dərs deyə bilər... Ən azı dil və üslub məsələlərindən... Hətta bir ara tanınmış universitetlərdən birində bu mövzuda mühazirə də oxuyub.

Bununla belə, Əməkdar Jurnalist olmamasını hərdən özünə dərd edib,  “adımızın altı boşdur,” - deyə gileylənməyi də var. “Səni tanıyanlar bilir ki, belə bir titula heç ehtiyacın yoxdur, adın-familiyan bəs edir,” - təsəllisi versək də, Əməkdar Jurnalist adının həm mənəvi dəyər, həm də indiki iqtisadi çətinliklər dövründə 60 manatlıq müavinət kimi maraqlı olması faktını danmaq çətindir.

Başqa bir dərdi - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin əyani yox, qiyabi şöbəsini bitirməsidir.  Hərçənd, işdən ayrılmadan təhsil alması ona jurnalistikanın əlifbasını ilkin mənbədə - rayon mətbəəsində yaxşıca öyrənmək fürsəti verib. Amma bu qiyabi-əyani söhbətinə yazının sonunda bir də qayıdacağam.....

Hə... Kimliyini deməzdən əvvəl bir məsələni də qeyd edim ki, jurnalistikanın qiyabi şöbəsini bitirsə də, iş sarıdan bəxti əyanini qurtarmış əksər həmkarlarından daha yeyin olub. Həm respublikanın tanınmış qəzetlərində - “Xalq qəzeti”ndə, “Azərbaycan”da, “Respublika”da, “Panorama” da və başqalarında  şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışıb, həm də elə olub ki, eyni vaxtda bir  neçə yerdə  işləyib və elə indinin özündə də belədir... Əlbəttə, bu faktı sosial ədalətsizlik kimi qəbul edənlər də tapılır. Guya kiminsə yerini tutmaq mənasında! Amma insaf naminə demək lazımdır ki, bu adam öz istedadı, qabiliyyəti və işgüzarlığı sayəsində hazırda bir qəzetin  redaktorluq, ciddi bir elmi jurnalın  məsul katiblik yükünü nəinki rahatlıqla çəkə bilir, üstəlik boş vaxtlarında kitab tərtibatı, nəşriyyat redaktorluğu, tərcümə ilə məşğul olur və... hətta mövsuzu rəsmən təsdiqlənmiş dissertant kimi filologiyadan elmi iş üzərində çalışmağa da imkan tapır.  Belə çoxşaxəli yaradıcılığı olan birinin kiminsə yerini tutmasından necə söhbət gedə bilər?

O, elə öz yerindədir...

Sadəcə tale ona, çoxlarımızdan fərqli olaraq bir neçə yer ayırıb...

Əslində, ona bir neçə yerdə işləməsini irad tutanlar bunu zarafatla deyirlər.   Çünki o özü də çox zarafatcıl və nikbin adamdır. Ən çətin situasiyalarda belə yumor hissini itirməməsi, məncə, həyatında üzləşdiyi çoxsaylı çətinliklərin   öhdəsindən gəlməkdə də köməyinə çatır. Komik vəziyyət yaranmayanda onu özü düzəltməyi də bacarır və hamımızın rastlaşdığı gündəlik problemlərin çoxunu bu yolla, necə deyərlər, yola verir. Elə bu cəhətinə görə biz ona bəzən “yazıçı” da deyirik. Çünki yazıçı təxəyyülü də var və bəzi dostların başına gələn maraqlı və ibrətamiz əhvalatlardan hekayələr quraşdırıb çap etdirməklə bu istedadını da sübuta yetirib. Amma hadisələrin real qəhrəmanına heç sağ ol da deməyib... Bu, artıq başqa mövzudur...

Bütün bunların müqabilində təvazökardır, gözütox adamdır. Təxminən 10-15 il əvvəl ona özəl bir mətbuat qurumuna rəhbərlik təklif olunanda deyiblər ki, ayda 500 manat da maaş veriləcək, necədir, etirazın yoxdur ki? Qayıdıb nə desə yaxşıdır? “Bu, bir az çoxdur”. 

O dövr üçün bu məbləğ həqiqətən də bir az yüksək sayılırdı. Amma bu həqiqəti dilə gətirmək ancaq gözütox adamlara xas ola bilərdi...

Bir də...

Bir azca da səbr eləyin, kimliyini indi deyəcəm.

Bir də qarabağlı olması ilə fəxr edir həmişə... Dədə-baba yurdu Ağdamın Seyidli kəndində uşaqlıqda Kötəl suyu içdiyini xüsusi vurğulayır. Bu Kötəl nə çaydır, onun suyunu içənlərdə hansı qabiliyyətlər olur - deyə bilmərəm. Amma hərdən mənə elə gəlir ki, o xırda arxı bu qədər ideallaşdırması rəhmətlik Səməd Vurğunun Göyəzəni göylərə qaldırmasına (“Göylərə baş çəkir, Göyəzən dağı”) bənzəyir. Hər halda bu da bir istedaddır... Yeri gəlmişkən, dediyinə görə, orta məktəbin son sinfində oxuyarkən Səməd Vurğunun yaradıcılığı haqqında yazdığı və şairin yubileyi ilə bağlı AzTV-də elan olunmuş müsabiqəyə göndərdiyi inşanı münsiflər bəyəniblər və  adını çəkib, yazdığı mətndən nümunə oxumaqla onun özünü də əməlli-başlı göylərə qaldırıblar. 

Qarabağlı olsa da, Kötəl suyu içsə də, tanrı ona səs verməyib. Amma yaxşı musiqi duyumu, tarı dilləndirmək qabiliyyəti bəxş edib... Uşaq musiqi məktəbini əla qiymətlərlə bitirib, hətta vaxtilə Ağdamın məşhur “Qarabağ bülbülləri” ansamblında tar da çalıb, böyük konsert salonlarının səhnəsinə də çıxıb... Hətta nə vaxtsa yarızarafat, yarıciddi deyib ki, Kremlin Qurultaylar Sarayında, Sovet dövlətinin rəhbəri Leonid Brejnevin qənşərində də tar çalıb. Bu, bir az inandırıcı gəlməyib mənə... Bəlkə də növbəti zarafatıdı... Amma zarafatsız, musiqi təhsilini Ağdamda mənim rəhmətlik yerlim Mais Salmanovun rəhbərlik etdiyi orta ixtisas musiqi məktəbində davam etdirsəydi, yəqin ki, ifaçılıq sənətində çox ciddi uğurlar qazana,  hətta indiyədək fəxri ad da ala bilərdi. Çalğısını şəxsən dinlədiyimə görə bu fikirdəyəm. Hətta özü də mənimlə razılaşır, ancaq deyir ki, filologiyanı, jurnalistikanı dil-ədəbiyyat müəllimi olan rəhmətlik anamın istəyi ilə seçmişəm və peşman da deyiləm...

Mən də bu məsələdə onunla razılaşıram.

Həqiqətən də, o bu gün  jurnalistika aləmində özünü təsdiq etmiş, tanıtdırmış həmkarlarımızdan biridır: Elşən Əliyev. “Azərbaycan işıqları” qəzetinin baş redaktoru, “Vergi xəbərləri” jurnalının məsul katibi... 

Bu imzaya daha nə əlavə etmək olar?

İstedad və qabiliyyəti barədə dedim...

Gözəl ailə başçısı olmasını təsəvvür etmək çətin deyil...

Bu günün özündə 88 yaşlı atasına uşaq kimi qulluq etməsini vurğulamağa da ehtiyac duymadım. Bunu adi və təbii oğulluq borcu kimi yerinə yetirdiyinə görə...

Adını açıqlamağı yazının sonuna saxlamağımı da bağışlayar yəqin... Çünki başına bundan betəri gəlib. İllər öncə, oğlunun toyunun idarəçiliyini etibar etdiyi tələbə yoldaşı və dostu, istedadlı həmkarımız Süleyman Qaradağlı məclisi nə qədər şən və maraqlı aparsa da, hamıdan və hər şeydən danışsa da, axıradək bəyin atasının adını çəkmir. Tamadanın bu ustalığını Elşənin özündən başqa məclisdə heç kim hiss eləmir... O da bunun cavabını illər sonra dostu haqqında yazdığı, lakin bir dəfə də adını çəkmədiyi “Tamam ayrı adam” hekayəsi ilə çıxır... Ümumiyyətlə, bu iki nəfərin münasibətləri az qala böyük bir romanın mövzusu ola bilər, yazan olsa...

İstənilən məclisdə olduqca isti bir tandem təşkil etsələr də, təəssüf ki, hazırda onlar “soyuq müharibə” dönəmindədirlər və  yəqin ki,  Elşənin 55 yaşına Süleymanın yazmağa da, deməyə də sözü daha çox ola bilərdi... Hətta adını çəkmədən belə...  

Bir məqamı da mütləq qeyd etməliyəm. Elşən Əliyevin iqtisadi məsələlərə bələdliyi heç də filologiyaya, jurnalistikaya bələdliyindən az deyil. İqtisadi yönümlü sanballı elmi jurnalın məsul katibi olmaq, sosial-iqtisadi mövzularda maraqlı məqalələr yazmaqla yanaşı, o, indiyədək iqtisadiyyata dair bir neçə elmi-populyar kitabın redaktorluğunu edib. Bu qabiliyyətini görənlər Elşəndən  hətta “Narxoz” təhsilinin olub-olmamasını da soruşublar...

Amma o “Narxozu” bitirməyib. Həmin məşhur institutun qonşuluğunda təhsil alıb. O vaxtkı Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində. Onda Jurnalistika fakültəsi indiki İqtisad Universitetinin yanında - Əlyazmalar İnstitutunun binasında yerləşirdi. Və o, həmin fakültənin qiyabi şöbəsində oxuyub...

Qiyabiçi tələbələr bu binaya ildə cəmi iki dəfə - qış və yaz sessiyaları zamanı gəlir, təxminən bir ay ərzində imtahan və zaçotları verib gedirdilər. Fakültəyə ildə cəmi iki dəfə, o da qısa müddətə gəldiyini aradan 30 ilə yaxın vaxt keçəndən sonra da özünə dərd edir... 

Sonralar danışacaqdı ki, qiyabiçi tələbələrin əksəriyyəti kimi mən də jurnalistikada  əyani oxuyanlara həsəd aparırdım. Hər dəfə sessiyaya gələndə auditoriyalarda və dəhlizlərdə “əyanilər”in bizə bir qədər yuxarıdan baxdığını hiss etməyə bilmirdim. Düşünürdüm ki, bəxtəvərlər, ilboyu müəllimlərlə ünsiyyətdə olur, hər gün kitabxanalara gedib saatlarla oxuyub-öyrənir, paytaxtdakı nüfuzlu qəzet-jurnal redaksiyaları ilə müntəzəm əlaqə saxlayır, adlı-sanlı jurnalistlərlə görüşür, üstəlik, fakültənin divar qəzetlərini buraxmağa da vaxt tapırlar. “Ax, nə bunların yerinə olaydım”, - deyirdim ürəyimdə...

Sonralar saysız-hesabsız söhbətlərimiz əsnasında ürəyindəki bir xatirəni də etiraf edəcəkdi: “Bəxtəvər sandığım həmin tələbələrdən biri də o idi... Çiynindən uzun qayışlı meşin çanta asması, indiki Əlyazmalar İnstitutunun binasının arxasında yerləşən fakültənin darısqal həyətindən aram-ahəstə addımlarla, ətrafına məhəl qoymadan bəzən tək, bəzən də ən yaxın dostları ilə keçib getməsi yadımda qalıb... Bu sarışın, amma qaraqabaq gənclə şəxsi tanışlığım olmasa da, kimliyindən xəbərim var idi...”

Həmin sarışın, amma onun qaraqabaq hesab etdiyi gənc mən idim...

Müsəllim HƏSƏNOV

 





25.01.2016    çap et  çap et