525.Az

"Sevdim səni" kitabından


 

"Sevdim səni" kitabından<b style="color:red"></b>

Uzun müddət qəzetimizdə silsilə şəkildə dərc olunan “Yüz gözəl sevgi şeiri” layihəsi oxucularımıza tanışdı.

Pərvinin ayrı-ayrı klassik və müasir Azərbaycan, türk şairlərinin şeirlərindən yazdığı esselər oxucuların marağına səbəb oldu.

Həmin esselər kitab halında çapa hazırlanır. “Sevdim səni” adlandırılacaq kitaba ön sözü Xalq yazıçısı Anar yazıb. Həmin kitabda bəzi rus şairlərinin  dilimizə çevrilmiş sevgi şeirlərinə aid esselər də yer alacaq. Bu esselərdən bir neçəsini oxuculara təqdim edirik.

Qeyd edək ki, Puşkinin “Sevdim səni” şeirinin tərcüməsi Xalq şairi Nigar Rəfibəyliyə, digər şeirlərin tərcüməsi isə Anara məxsusdur.

SABAHA İNAM

Bəlkə sabaha arxayınlıqdı insanları qədirbilməz edən? Ovcunun içində səadətin qədrini bilmirsən, Allahın lütf etdiyi gözəllikləri dəyərləndirmirsən. Bu günün, indinin qiymətini vermirsən. Düşünürsən ki, həmişə belə olacaq, ya da... ya da bundan yaxşı olacaq. Nədisə yaman alışmısan xoşbəxtliyə, halalca malın sayırsan sevinci, sevgini! Axı kim, necə ala bilər bütün bunları sənin əlindən?! Hə? Yaman arxayınsan - zamana, taleyə, özünə, sabaha arxayınsan. Ona görə hərdən oyun oynamaq da keçir könlündən. Bu gün gedim, sabah gələrəm... Bu gün atım, sabah yenidən götürərəm... Bu gün qaçım, sabah qayıdaram... Sabah, sabah, sabah... Sazişinmi var bu sabahla? Axı hardan bilirsən ki, bu ürəklə arxalandığın Sabah sənin tərəfindədi?! Sənə hazırladığı acı sürprizlərin havasını heç hiss eləmirsən, yəni heç, heç duymursan?! Görünür duymursan... Ona görə bu gün bir az qürurundan, bir az mənasız səbəblərindən yapışıb sevgini, sevincini, səadətini buraxırsan. Amma içində bilirsən axı, özün yaxşı bilirsən ki, heç nəyi və heç kimi buraxmırsan, bu, keçəri, ötəri halındı, sabah hər şey başqa olacaq?! Hə... Hardan biləsən ki, sabah əlində qara, qapqara örtüklə səni gözləyir... Səadətini o qara tora salacaq, əlindən alacaq... elə gələcəyini də bu örtük altında zülmətə qərq edəcək!!! Bircə bu arxayınlığın olmasaydı?!

Böyük rus şairi Anna Axmatovanın da poetik qəhrəmanı bu gündən sabaha ümidlə, inamla, arxayınlıqla keçən, amma qəfil zilzülmət qaranlığa qərq olanlardandı. Axı sevdiyi kişini kədəriylə sərxoş edən qadın o məşum görüşün sonuncu olmasını hardan biləydi?! Nədən biləydi ki, arxasıyca qaçsa da, “zarafatdı” deyib yalvarsa da, heç nəyi qaytarmaq olmayacaq?! Bu günün səadətindən, sevincindən yalnız iliklərini sızıldadan xatirə qalacaq. Ləngər vuran yerişi, dəhşət təbəssümü, ağrıdan əyilmiş ağzı... Hamısı dünən olub, amma elə bil min il keçib üstündən... Çox uzaq keçmiş kimi gəlir hamısı sənə, çünki bir də, daha heç vaxt təkrarlanmayacaq. Qapqara örtük altda əllərini ovxalayıb düşünürsən. Xatirələr incidir, ağrıdır, əzir səni... Xəyanətkar sabaha qəzəblisən. Daha indən sonra ümidin, inamın da qalmayıb ona. Söz yarası isə hər şeydən artıq göynədir... Axı, o kədərdən sərxoş ovqatında da qorudu səni: yaman soyuqdu - dedi... Küləkdə dayanma - dedi...     

Anna Axmatova

Sən getsən ölərəm mən...

Qara örtük altında əlim qıc olub, donub
“niyə rəngin qaçıbdır-söyləyirlər - nə olub?”
Heç özüm də bilmirəm, mən neylədim, neylədim
Kədərimlə, qüssəmlə onu sərxoş eylədim.

Bunu necə unudum, çıxdı ləngərləyərək
Ağzı da əziyyətdən elə bil ki əyildi
Pillələrdən yüyürdüm tələsik qaça-qaça
Darvazayacan getdim, qaçdım onun ardınca.

Nəfəsim kəsilirdi: -bu zarafatdı - dedim
- Hamısı zarafatdı. Sən getsən, ölərəm mən
Gülümsədi sakitcə, dəhşətdi təbəssümü
Yaman soyuqdu -dedi, küləkdə dayanma sən.
 
SEVGİ - FƏDAKARLIQ

Ehtiraslı eşq etiraflarıyla, çılğın sözlərlə ifadə olunan məhəbbət kimi səssiz-səmirsiz, zahirən görünməyən,  öz içində  yaşanılan sevgi də var. Bəlkə belə sevginin ümidsizliyi  də elə onun bəyan edilməməsindədir. Bir gün belə sevda da keçib gedir.

Ruhunu didən qorxular da, içini qovuran qısqanclıqlar da ötür... Hamısı arxada, keçmişdə qalır, amma yenə də bir ümid işartısı közərir - bəlkə bu məhəbbət tamam sönməyib, itməyib, bitməyib. Əgər belədirsə qoy bu öləziyən duyğun  sevdiyinə əziyyət verməsin, onu rahatsız etməsin. Cəfasını özün öz içində təkbaşına çəkərsən. Həqiqi sevginin böyük fədakarlığı da bundadır - sevdiyinin rahatlığını, xoşbəxtliyini özünün bütün əzab-əziyyətlərindən üstün saymağın. Belə   sevdanın son həddi, fədakarlığın ən yüksək zirvəsi - alicənablıqdır. Məhz  alicənablıqla sevdiyin qadına  daha uğurlu eşq münasibəti diləyirsən. Qoy səndən üstün olana, səndən yaxşısına, səndən layiqinə rast gəlsin, səadətinə onunla qovuşsun. Təki  o bəxtəvər rəqibin də  sənin kimi səmimi sevməyi bacarsın.

Aleksandr Puşkin hələ “Yevgeni Onegin” poemasında aşiqin ömür möhlətini sevdiyi qadınla görüşə bağlamışdı:

Bilirəm qismətim bəllidir artıq
Amma ömrüm mənim uzansın deyə
Səhərlər mən qəti bilməliyəm ki
Gündüzlər gələcəm sizi görməyə.

Böyük bəstəkarımız Qara Qarayevin də musiqi bəstələdiyi məşhur  “Mən sizi sevirdim” şeirində isə Puşkin - heç görüşə də ümid bağlamır, təsəllisini  sevdiyi qadının  başqa birisiylə xoşbəxt olacağında tapır.

Aleksandr Puşkin

Sizi sevirdim...
              
Mən sizi sevirdim, bəlkə məhəbbət,
Tamam sönməmişdir könlümdə hələ.
Qoy eşqim verməsin sizə əziyyət,
Kədərli olmayın bircə an belə.

Ümidsiz sevirdim sizi sakitcə
Didirdi  ruhumu qısqanclıq, təlaş.
Mən sizi sevirdim səmimi, incə
Beləcə sevəydi başqası da kaş.
 
ŞİRİN XƏSTƏLİK VƏ YA QADIN İŞVƏSİ

XI əsrin məşhur ərəb mütəfəkkiri İbn Həzm məhəbbətin özəlliyinə həsr etdiyi “Göyərçin həmayili” adlı traktatında yazır: “Məhəbət insanı əldən salan xəstəlikdir, amma onun dərmanı, əlacı da elə özündədir. Bu şirin xəstəlikdir, arzu olunan mərəzdir, xəstə bu azardan sağalmaq, əzab çəkən əzablarından qurtulmaq istəmir”.

Eşqi xəstəlik kimi, dəlilik kimi, dərd kimi, bəla kimi qavramaq şərq təfəkkürünün səciyyəvi xüsusiyyətlərindəndir. “Yarəb,bəlayi eşq ilə qıl aşina məni” deyən Füzuli qəhrəmanı Məcnun kimi, Füzulinin özü də qəzəllərində:

Var bir dərdim ki, çox dərmandan artıqdır mənə
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim

- deyir.

Şərq şairləri iftixarla özlərini “xəstə” - eşq xəstəsi adlandırırdılar. Bağdad elinə durnalarla salam göndərən  Vidadi - xəstə də, bu sözü adının yanına qoşan Xəstə Qasım da  eşq mərəzinə mübtəla idilər. Amma maraqlıdır ki, məhəbbəti xəstəlik kimi dəyərləndirmək Qərb təfəkküründə də  yer alıb. Alman şairi Henrix Heyne “məhəbbət qəlbin diş ağrısıdır” deyirdi.

Faciələrlə, əzablarla dolu  həyatını intiharla bitirən rus şairəsi də  ömrünün hələ  xoş, qayğısız çağında  sevgini  xəstəlik  sayırdı və bu mərəzə   tutulmamasından məmnunluğunu ifadə edirdi. Aşiq olmamısansa ayaqlarının altından torpaq qaçmayacaq, əllərin qəfildən onun əlləriylə qovuşanda həyəcandan titrəməyəcəksən. Birlikdə gəzdiyiniz aylı gecələrin xatirələri də qəlbini ağrıtmayacaq. Haçansa acı xatirələrə çevriləcəklərin heç nə, heç bir şey yoxdu... Buna görə şükür edirsən.

Marina Svetayeva məşhur şeirini dərdindən dəli olmadığı birisinə   həsr edib. Şeirin bütün məzmunundan belə çıxır ki, aralarında heç bir eşq macərası, sevgi söhbəti  olmadığı üçün xanım bu kişiyə minnətdardır. Amma yalnız  son misralardakı  bir söz  bu etirafın ancaq qadın işvəsi olduğunu aydınlaşdırır. Qadının  o kişi üçün  xəstə  olmadığından, kişinin o qadına görə  xəstələnmədiyindən doğan əsl, həqiqi hissi  şairə tək bir sözlə, bircə “əfsus” kəlməsiylə etiraf  edir. Bu dəlilik, xəstəlik  yaşana bilərdi,  ƏFSUS ki, olmadı...

Marina Svetayeva

Əfsus ki, sizinçün xəstə deyiləm
     
Yaxşı ki, dərdimdən heç xəstə deyilsiniz
Yaxşı ki, dərdinizdən xəstə deyiləm mən də
Ayaqlarımız altda torpaq heç vaxt qaçmayır
Qürub çağı qəflətən hardasa görüşəndə
Sizinlə oluram ərköyün, şıltaq
Sözlə oynamaqdan qorxmuram heç vaxt
Əlim əlinizə toxunan zaman
Titrəyib əsmirəm heç həyəcandan.
Özünüz bilmədən məni sevirsiz
Yoxsa belə rahat yata bilərdim?
Aylı gecələrdə gəzmədiyimiz
Anlar, saatlarçün - sizə təşəkkür
Günəşin altında birgə deyilik
Buna da təşəkkür, buna da şükür
Bir daha sağ olun, neyləyək, nə qəm,
Əfsus ki, mənimçün xəstə deyilsiz
Əfsus ki sizinçün xəstə deyiləm.

ŞAİR  SEVGİSİ

Əlbəttə şairlər də bütün başqa aşiqlər kimi sevir, amma şair eşqinin bir başqa  özəlliyi, qeyri-adiliyi, bənzərsizliyi də var. Şair sevgisini,onun sevinclərini və əzablarını, görüşün fərəhini, ayrılığın nisgilini nəinki yaşayır, həm də yaza bilir. Sevgilisinin etinasızlığına, biganəliyinə, qəfil ovqat dəyişikliklərinə, bir gün xoş sifət göstərib xoş sözlər deməsinə, səhərisi gün mısmırığını sallayıb dilinə bir şirin söz gəlməməsinə  aşiq şair necə qarşılıq verə bilər? Yalnız şeirləriylə. Sevgilisindən  aldığı yaraların “qisas”ını yalnız poetik mətnləriylə ala bilər.

Vladimir Mayakovski və Lilya Brikin qəliz, dolaşıq, bəzən izaholunmaz sevgi münasibətləri haqqında  vaxtiylə “Şeytan Liliya” adlı esse yazmışdım. Qadın şıltaqlığındanmı, naz-qəmzəsindənmi ya  şairin ən gözəl əsərlərini hicran iztirablarından keçərək yazdığını bildiyindənmi, Lilya vaxtaşırı Mayakovskini ayrılıq sınaqlarına çəkərdi və bu müvəqqəti uzaqlaşmaların nəticəsi şairin ölməz məhəbbət lirikası olurdu.

“Sevirəm”, “Bu barədə” adlı böyük eşq poemalarıyla yanaşı Mayakovskinin sevdiyi qadınla əzablı münasibətlərinə aid həm çox  həzin, həm də ehtiraslı şeirləri var.

İkidir. Yəqin ki, yatmısan artıq
Səmada süd yolu - gümüş Oka tək
Tələsik bir işim yoxdur ki, səni
Tel vurub oyadım, diksindirərək.
Mətləb hasil oldu,
Necə deyərlər
Eşq qayığı məişətdən dağılar
Hesabımız bitdi
Və nəyə lazım
siyahı yazım:
çəkdiyimiz dərdlər, qəmlər, ağrılar
Görürsən nə dincdir dünya bu gecə
Göylərə xəractək ulduz düzüblər
Bax belə anlarda insan danışır
Aləmlə, tarixlə, özü-özüylə.

Bu misraların mülayim, zərif ovqatıyla  “Liliçkaya məktub yerinə” yazdığı şeirin çılğın, əsəbi, ehtiraslı  hayqırtıları çox fərqlidir, amma ikisinin də məğzi  eynidir - rədd edilmiş, uzaqlaşdırılmış, atılmış aşiqin iztirabları.

Vladimir Mayakovski

lll

Tütün, papiros tüstüsü
Havanı yeyib, udub.
Şair Kruçenıx yazan
Cəhənnəm - bu otaqdı.
Yadına sal - burada,
Bu pəncərə ardında
Əlini dəli kimi
Oxşadığım o vaxtı.
İndi oturmusan
ürəyin - dəmir
Sabah bəlkə hələ
Məni qovdun da
Qaranlıq dəhlizdə düşə bilmədi
Paltomun qoluna
Bəlkə qolum da.
Gedərəm, küçəyə atıb cismimi,
Doğranar həsrətdən qəlbim, baxışım...
Bu nəyə lazım ki...
Ondansa indi
Sakitcə ayrılaq
Əzizim, yaxşım.
Onsuz da bu eşqin
Ağır bir yükdür
Boynumdan asılıb, hara getsəm də
Qoy bu son fəryadla,
Son hıçqırıqla
Şikayət eyləyim özünə səndən...
Sözlərimin quru yarpaqları
Qadirdirmi səni saxlasın,
qaytarsın geri?
          
Barı son nəvazişlə qoy ki, döşəyim
Sənin uzaqlaşan addımlarla
Keçdiyin yeri...

Böyük fransız yazıçısı Stendal: “Özü haqqında xatirələr yaşatmayan xoşbəxtlik - xoşbəxtlik deyil” - yazır. Mayakovskinin şeirində isə  papiros, tütün tüstüsündən boğulan otaq  xoşbəxtliyi yox, bədbəxtliyi yada salır. Görünür elə bədbəxtlik də özü haqqında xatirələrlə “YAŞAYIR”...Sadəcə şairin “xoşbəxtliyi” bütün bunları yazıb-yazıb xilas ola bilməsidi...

ZÜLMƏTDƏ ŞAM

Füzuli öz Məcnununu “zülmət içrə bir nur”  adlandırır. Tarixin elə mərhələləri olur ki, bütün aləm də, düşünən, duyan insanların qəlbi də  göz gözü görməyən qaranlığa qərq olur. Mühitin  zülməti, cəmiyyətin dözülməz şərtləri, ictimai şüurun bayağılaşması ümidsizlik yaradır, daha heç bir xilasa gümanın qalmır. Və belə məqamlarda  yeganə təsəlli kimi, yeganə qurtuluş imkanı, xilas yolu kimi insanın dadına məhəbbət çatır. Məhz bu anlamda Leyli-Məcnun eşqi zülmət içində  nur kimi parlayaraq əsrlərin qaranlığından bizim günlərə də işıq saçır.

Dövrlər dəyişir, ölkələr, iqlimlər dəyişir, amma insanın qaranlıq içində tənhalığı, işığa qovuşmaq həsrəti - dəyişmir. Böyük mütəfəkkirimiz Əli bəy Hüseynzadə “Nicat məhəbbətdədir” deyirdi. Doğrudan da hər şey bərbad olanda ümid  yalnız sevgiyə qalır. Axı sevgi özü işıqdır, ən qatı zülmət içində də  heç olmasa bir şam işığı qədər həyatı işıqlandırmağa qadirdir.

...Qar, çovğun aləmi bürüyüb. Axşamın erkən düşən qaranlığında, gecənin qatı zülmətində tək bir pəncərədən zəif, titrək  işıq gəlir - Şam işığı. Məhəbbət şamının işığı. Böyük rus şairi Boris Pasternakın  “Qış gecəsi” şerində  “bütün yer üzündə, hər bir tərəfdə külək qarı sovurur”. Bu,  tək təbiət hadisəsi deyil. Bu, çovğunun, boranın, zülmətin ictimai anlamı da var. Şeirin bütün ruhu, ahəngi məhz belə yozuma imkan verir və bu soyuq, insan qəlbini donduran, gözlərinə qaranlıq dolduran zəmanədə son ümid işığı kimi  masanın üstündə bir şam yanır. Bu şam da adi şam deyil, məhəbbət işığının daşıyıcısıdır... Axı elə həmin şeirdə, şamın işığında   şölələnən tavanda  kölgələrin dolaşmasını, qolların, qıçların, talelərin çarpazlaşmasını görürük. Otağın küncündən şama doğru  əsən külək də ehtiras oduyla yanan şamı söndürə bilmir.

Nə olur olsun, tale  bizi hansı çətin günlərə düçar edir etsin, həmişə bir ümid yerimiz var və bu ümid hey qaranlıqları işıqlandıran, heç vaxt sönməyən sevgi şamınadır .
   
Boris Pasternak

Masanın üstündə
bir şam yanırdı
 
Bütün yer üzündə,hər bir tərəfdə
Külək sovururdu
qarı bu axşam
Masanın üstündə bir şam yanırdı
Yanırdı bir şam.
Yay vaxtı mığmığalar alova uçan təkin
Qarlar uçub gəlirdi üstünə pəncərənin
Çovğun şüşənin üstə
Bəzək vururdu müdam
Amma bir şam yanırdı
Amma yanırdı bir şam
Şölənən tavanda
Kölgələr dolaşırdı.
Qollar çarpazlaşırdı,
Qıçlar çarpazlaşırdı
Tale çarpazlaşırdı.
Çəkmələr də düşürdü
Taqqatan yerə
Elə bu zaman.
Şamdandan da mum idi
Göz yaşı kimi
Paltara daman.

Yox olurdu hər şey
Bu ağ zülmətdə
Bu çal zülmətdə
Bu qarlı axşam
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
 
Otağın küncündən düz şama sarı
Vururdu külək
Ehtiras odu
Xaçtək gərirdi
iki qanadın
sanki bir  mələk.
Bütün fevral da
Çovğunlu keçdi
Amma elə hey 
Hər qarlı axşam.
Masanın üstündə bir şam yanırdı.
Yanırdı bir şam.

 





25.01.2016    çap et  çap et