525.Az

Virciniya Vulfun doğum günüdür


 

Virciniya Vulfun doğum günüdür<b style="color:red"></b>

İlk ölüm

Yanvarın 25-i dünya ədəbiyyatının nəhənglərindən Virciniya Vulfun doğum günüdür.

İngilis yazıçısı, modernizm ədəbi cərəyanının qurucularından olan Vircinia Vulfun (1882-1941) adı Ceyms Coys, Frans Kafka, Marsel Prust, Uilyam Folkner kimi yazarlarla bir sırada çəkilir.

Əgər Ceyms Coysun dünya ədəbiyyatına möhrünü vurmuş "Uliss" romanı varsa, Vircinia Vulfun da "Missis Dellouy" romanı var.

Vircinia Vulf 1882-ci il yanvarın 25-də Londonda ədəbi tənqidçi Ser Lesli Stiven və Culi Dakuortların ailəsində göz açıb. Vircinia onların üçüncü övladları idi. Dul Stiven və Dakuortların isə ümumilikdə 8 övladları olmuşdu. Stivenin birinci evlilikdən bir qızı, Dakuortun isə iki oğlu bir qızı var idi.

Uşaqkən ögey qardaşlarının cinsi təcavüzlərinə məruz qalaraq psixi sarsıntı keçirmiş Virciniyanın həyatında ölümlər hər zaman mühüm rol oynayıb. İlk ölümü Vircinia 13 yaşında yaşadı. O anasını itirdi.

İkinci ölüm

Anasını itirməsi ilə başlayan baş ağrıları, qarabasmalar, qəribə səslər heç vaxt Virciniyanı tərk etmədi. O bu ağrılardan xilas olmaq üçün bir neçə dəfə intihara cəhd etsə də uğursuz alındı.

Bundan sonra böyük ailənin yükünü çəkmək ögey bacısı Stellanın üzərinə düşdü. Lakin tezliklə yenicə ailə həyatı qurmuş Stella bal ayından qayıdarkən vəfat elədi. Bu Virciniya üçün ikinci böyük zərbə oldu.

Stivenlər ailəsi hər iki qadın ölümündə ata Leslini günahlandırırdılar. Ona qadın istismarçısı, eqoist biri kimi baxır, arzuolunmaz hesab edirdilər.

Atanın yolu ilə

Lesli Stiven XIX əsr Böyük Britaniyasında hörmətlə anılan insanlardan idi. O yazıçı, tənqdiçi, filosof idi.

Cəmiyyət içində nə qədər alicənab olsa da ailədə tipik viktorian kişisi idi. Onun böyük ailəsi də patriarxal qanunlarla idarə olunurdu.

İkinci evliliyi də onun qayğısına qalan birinin olması üçün vacib idi. Leslinin yaradıcılıqla məşğul olması üçün biri ona həyatını həsr etməli idi. Üstəlik, arvadının ölümündən sonra Leslinin qayğısı daha da artmışdı. Onun uşağı vardı. Culia uşaqlardan çox həmişə məşğul olan əri ilə maraqlanır, onun qayğısına qalırdı. Virciniya gündəliyində yazırdı: "Onunla ( anamla) hər dəfə bir neçə dəqiqədən artıq bir yerdə olduğumuzu xatırlaya bilərəmmi?"

Lesli övladlarına da viktorian tərbiyəsi verir, oğlanlarını qızlarından üstün tuturdu. Bu fərq illik büdcə ayırmalarında belə özünü biruzə verirdi. Buna görə də Virciniyanın ögey qardaşlarının təcavüzünə uğradığını bilsə də susmağa üstünlük vermişdi.

Virciniya başqa qardaş-bacılarından fərqli olaraq atasına olan münasibətinə aydınlıq gətirə bilmirdi. Bəli, onun üçün atası əzazil, yalnız özünü, yaradıcılığını düşünən valideyn idi. Bununla belə atasının xəyalı heç vaxt onu tərk etmədi. Virciniya onun yolu ilə gedərək tənqidçi oldu, atası kimi yazıçılıq elədi. "Mayakda" romanında atasının obrazını canlandıraraq bir dəfəlik onun kabusundan xilas olmağa cəhd etsə də, atasının xəyalı heç zaman onu tərk etmədi.

Lesli Stiven 1904-cü ildə vəfat elədi.

Qardaş ölümü, bacı toyu

Atanın ölümündən sonra ailə Blumsberi rayoununa köçdü. Ailəyə başçılığı Virciniyanın təkcə qan bağlılıqları deyil, ruhi bağlılıqları da olan bacı Vanessa edirdi. Bəzi araşdırmaçılara görə Virciniya ilə bacısı arasında sevgi əlaqələri var idi. Bu ərəfədə qardaşı Tobi də Yunanıstan səfərindən qayıdanda xəstəlikdən öldü. Yeni bir sarsıntı yaşamış Virciniya çox keçmədən daha bir zərbə aldı: Vanessa məşhur rəssam Klayv Bellə ərə getdi. Virciniya ilə Vanessa hələ uşaqkən əhd etmişdilər ki, heç vaxt ərə getməsinlər. Vanessa əhdinə vəfa eləmədi.

Blumsberi qrupu

Blumsberiyə köçəndən sonra Stivenlərin günləri xoş keçirdi. Onların evlərinə Britaniyanın gənc, müasir, proqressiv ədəbiyyat, incəsənət, elm adamları ayaq açmağa başladılar.

Beləcə tarixə "Blumsberi qrupu" adıyla düşən Blumsberi qrupu yarandı. Üzvlərin arasında Vita Sekvil-Uest, M. Forster, Dora Karrinqton, Dunkan Qrant, Klayv Bell kimi məşhur rəssamlar, ədəbiyyat adamları ilə yanaşı məşhur iqtisadçı 20-ci əsr iqtisad elmində dönüş yaratmış Con Meynard Keyns də var idi. Onun iqtisadiyyatın dövlət tənzimlənməsindən ibarət nəzəriyyəsi 20-ci əsrin əvvəlində dünyanı bürüyən böhrandan ən yaxşı xilas vasitəsi oldu. Keynsin nəzəriyyəsi dövlətin iqtisadiyyatı tənzimləməsinin qaçılmaz olduğunu bir daha təsdiqlədi.

Blumsberi qrupunun təkcə ingilis cəmiyyətində hakim viktorian dünyagörüşünə qarşı mübarizə üsulu deyil, həm də bir dostluq, səmimiyyət qrupu idi. Bu qrupdakıların bir özəlliyi isə homoseksual, ya da biseksual olmaları idi.

1900-cü illərdə Virciniya atasının peşəsini davam etdirməyə, jurnallarda tənqidi məqalələr yazmağa başladı. "Tayms" jurnalının ədəbiyyat əlavəsinə tənqidi məqalələr, esselər yazır, birinci romanı üzərində işləyirdi.

Qeyri-ənənəvi nigah

Virciniya 1912-ci ildə yazıçı, jurnalist Loenard Vulfa ərə gedir. Onların izdivacı qarşılıqlı hörmət üzərində qurulmuşdu. Vircinia frigit, seksual baxımdan passiv idi. Uşaqlığında yaşadığı cinsi travma onda problemlər yaratmışdı, kişilərdən çəkinirdi. Buna görə də adı yazıçı, rəssam, məşhur bağban, yüksək cəmiyyət qadını Vita Sekvil-Uestlə lezbian əlaqədə hallanırdı.

1917-ci ildə ər-ərvad Virciniyanın bütün əsərlərinin nəşr olunacağı "Hoqard-Press" nəşriyyatını təsis edirlər. Leonard yoldaşına yaradıcılığını davam etdirməsi üçün hər cür köməklik göstərirdi. Əgər Virciniyanın atasının ailəsində anası Leslinin qayğısına qalır, onun yaradıcılığı üçün münbit şərait yaradırdısa, bu dəfə tərsinə idi, Leonard onun qayğısına qalırdı.

Həm modernist, həm feminist

Modernizim cərəyanının yaradıcılarından biri kimi tanınan Virciniya Vulf ingilis ədəbiyyatında öz novatorluğu ilə seçilirdi. O öz əsərlərində modernizm ədəbi priyomlarından sayılan "şüur axını"ndan geniş istifadə edirdi.

"Şüur axını" Ceyms Coysun, Uilyam Foknerin də çox geniş istifadə etdikləri üsullardan sayılırdı. Monoloqlar vasitəsilə qəhərəmanın iç dünyası, daxili aləmi üzə çıxarılır, düşüncəsinə nüfuz edilirdi.

Virciniya Vulf istər "Missis Dellouy"da, "Mayakda"da, "Orlando"da, "İllər"də böyüdüyü vikrorian əxlaqını, ailəsindən gəlmə və cəmiyyətdə də mövcud olan patriarxal münasibətləri tənqid edirdi. Onun əsərlərində feminist baxış geniş şəkildə təzahür edirdi. Virciniya Vulf "Gecə və gündüz" romanında qadın haqlarından, sinfi fərqlər, eşq, mübarizə, azadlıq kimi məsələlərdən danışır. Yazar günümüzün insanın taleyini yumoristik, amma həssas bir dillə anlatmağa çalışır.

Qadınların "Uliss"i

"Missis Dellouy" əsərində də Ceyms Coysun "Uliss" əsərində olduğu kimi bir qadının bir günlük həyatından bəhs edər. Bu əsər modernizm axımının ən bariz nümunələrindən sayılır. Virciniya Vulfun demək olar ki, bütün romanları müasir roman janrına ən bariz nümunələr sayıla bilər. "Özünə aid bir otaq"ı isə bu sıralamaya daxil etmək olmaz.

"Özünə aid bir otaq" feminizm hərəkatının klassik bir əsəri olaraq qəbul edilir. Sadə, axıcı dillə yazılıb. Bu kitab "Qadınlar arasında niyə Şekspir yoxdur?" deyənlərə ən mükəmməl cavab sayıla bilər. Vulf qadınlara səslənərək: "Pul qazanın, özünüzə aid bir otaq və boş zaman ayırın. Və yazın, kişilər nə deyər deyə düşünmədən yazın" - deyirdi. Dövrümüzdə yazmaq üçün "pul və zaman" məsələsini təkcə qadınlara aid etmək haqsızlıqlıq olardı.

Virciniya Vulf gündəlik yazmağı yalnız xəstəlik zamanı dayandırırdı. Gündəlikləri 4 cilddə nəşr olunmuşdu.

Sonuncu ölüm

İkinci Dünya Müharibəsindən sonra Virciniya Vulf Böyük Britaniyada demək olar ki, unudulmuşdu. Hətta çap olunan kitablarının üzərinə də "Lesli Stivenin qızı, Leonard Vulfun həyat yoldaşı " kimi patriarxal damğa yapışdırılırdı.

70-ci illərdə isə feminist hərəkatının geniş təşəkkül tapması ilə Virciniya Vulfun yenidən doğuşu başladı. O XX əsr Britaniya və dünya ədəbiyyatının simasını dəyişmiş böyük şəxsiyyət kimi gerçək qiymətini aldı.

İkinci Dünya müharibəsinin başlanması ilə Vircinianın baş ağrıları və qorxuları yenidən artmağa başladı. Daha sonra Vanessanının oğlunun İspaniyadan ölüm xəbəri gəldi.

Virciniyanın taqəti qalmamış, son zamanlar xəstəliyi şiddətlənmişdi. Tez-tez sayıqlayır, qarabasmalar onu rahat buraxmır, dəlilik əlamətləri hiss olunurdu. Bir yandan da almanların İngiltərəyə hücumu sırasında (bombardmanda Vircininaynın evi də dağıdılmışdı) milliyyətcə yəhudi olan ərinin öldürüləcəyi qorxusu... Virciniya daha bir ölümü qaldıra bilməzdi. Çıxış yolu axtarırdı. Çıxış yolu yenə də ölüm oldu...

Virciniya Vulf 1941-ci il 28 martda ciblərinə çoxlu daş yığaraq özünü şəhər kənarındakı evlərinin yaxınlığından axan Ouz çayına atdı. Ərinə yazdığı vida məktubunda bu sözlər yazılmışdı: "Mənə elə gəlir ki, biz səninlə dünyanın ən xoşbəxti idik".

Cavid QƏDİR
Mənbə: Vikipediya

 





25.01.2016    çap et  çap et