525.Az

AŞPA-da Azərbaycanla bağlı hesabatların müzakirəsinə başlandı


 

AŞPA-da Azərbaycanla bağlı hesabatların müzakirəsinə başlandı<b style="color:red"></b> Bu gün Avropa Şurası Parlament Assambleyasının plenar iclasında Azərbaycanla bağlı iki hesabatın müzakirəsinə başlanıb.
 
APA-nın Avropa müxbirinin xəbərinə görə, bunlardan biri AŞPA-nın Siyasi məsələlər komitəsi tərəfindən britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”, digəri isə Sosial məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olanı parlamentar Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabatlardır.
 
Məruzəçi Robert Valterin deputat mandatının vaxtı bitdiyindən, o, hazırda assambleyada təmsil olunmur və hesabatı prosedura uyğun olaraq komitənin sədri, Sosialist qrupunun üzvü, danimarkalı Mogen Yensen təqdim edib. Erməni tərəfi bu hesabatın təsdiqlənməsinə müqavimət göstərir və sənədin baxılması üçün yenidən komitəyə qaytarılmasını istəyir. Onların əsas arqumentləri məruzəçi R. Valterin assambleyada olmaması, hesabatı hazırlayarkən onun Ermənistan və Dağlıq Qarabağa səfər etməməsi və sənədin bir tərəfin mövqeyini əks etdirməsidir. Eyni zamanda, ermənilər və onların assambleyadakı tərəfdarları ATƏT-in Minsk Qrupunun bu yaxınlarda verdikləri bəyanatı xatırladaraq hesabatın assambleyada müzakirə edilməsinə öz etirazlarını bildiriblər.
 
Sonra xanım Militsa Markoviç “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı məruzəsini təqdim edib.
 
Hər iki məruzəçi ilk olaraq bu sənədlərin erməni tərəfinin etirazlarına baxmayaraq, komitələrdə qəbul olunduğunu söyləyiblər. M. Markoviç çıxışında deyib ki, 2014-cü ildə hesabatı hazırlayanda Ermənistana və Sərsəng su anbarı yerləşən bölgəyə səfər etmək istəyib, lakin erməni tərəfi onun bu səfərinin reallaşmasına əngəl yaradıb: “Onlar bu və ya digər bəhanələr gətirərək məni qəbul etməkdən imtina edirdilər. Bundan başqa, məndən Dağlıq Qarabağın hökumət nümayəndələrinə müraciət etməyimi istəyirdilər. Yəni, heç cür məni əraziyə buraxmaq istəmirdilər”.
 
Daha sonra hər iki hesabat ətrafında müzakirələr başlayıb. İspaniyalı deputat Yordi Çukla hər iki hesabatın qəbul edilməsinə çağırıb. O, AŞPA məruzəçilərinin Ermənistana və Dağlıq Qarabağa buraxılmamasının yolverilməz olduğunu vurğulayıb: “Biz burada Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi ilə bağlı danışmırıq. Burada spesifik mövzu barədə, şiddətin artması mövzusundan, onun siyasi, sosial nəticələrindən danışırıq. Bu müzakirədə əsas mövzu orada yaşayan insanların sudan məhrum edilməsidir. Bəzən suyun Afrikada, Orta Asiyada müharibə səbəbi olmasından danışırıq. Şəxsən deməliyəm ki, Minsk Qrupunun məktubunu alanda çox təəccübləndim. Bu məktubun zarafat və ya saxta bir məktub olduğunu fikirləşdim. Bu, AŞPA-nın çalışmalarını nəzərə almayan bir məktubdur”.
 
Bəzi deputatlar isə hesabatların qəbulunun əleyhinə çıxıblar. Bunlar əsasən sol qrupların üzvləridir.
 
Müzakirələr davam edir.
 





26.01.2016    çap et  çap et