525.Az

“ATV Kitab” seriyasında “Səsindən tanıdılar payızı”


 

“ATV Kitab” seriyasında “Səsindən tanıdılar payızı”<b style="color:red"></b>

"ATV Kitab" seriyasının “Parlaq imzalar”la birgə layihəsi çərçivəsində silsilənin növbəti 4-cü nəşri – “Səsindən tanıdılar payızı” klassik yapon şeiri antologiyası işıq üzü görüb.

Tərcüməçi və publisist Cəmşid Bəxtiyarın tərcüməsində işıq üzü görən antologiyaya klassik yapon poeziyasının zirvələri sayılan Başo (1644-1694) , Buson (1716-1783) və İssanın ( 1763-1828) ölməz üçlükləri- seçmə haykuları ilə yanaşı, həmin şairlərin özlərinə ustad saydıqları böyük yapon şairi Saygyonun ( (1118—1190) qələmindən çıxan tankalar – beşliklər də ilk dəfə olaraq oxuculara məhz bu toplu vasitəsi ilə təklif edilir. Kitabda şeirlərlə yanaşı böyük yapon şairlərinin həyat və yaradıcılığına işıq salan, ara-sıra yapon poeziyası tarixini də sərf-nəzər edən məqalələri də oxumaq olar.

Antologiyanın tərtibçisi, redaktoru və məqalələrin müəllifi "ATV Kitab" seriyasının rəhbəri, şair Səlim Babullaoğludur. Onun fikrincə yapon şeirinin anı göstərmək, anı yaxalamaq kimi yalnız özünə xas bir əsas xüsusiyyəti var və bu xüsusiyyət – anı yaxalamaq cəhdi və bu cəhdi dəqiq qaydalarla hüdudlanmış qısa şeirdə icra etmək yapon poeziyasını vizuallıq baxımından dünya şeirinin baştacına cevirib.

Layihə rəhbəri antologiyanın oxucular və poeziyasevərlər tərəfindən yaxşı qarşılanacağından əmindir. "Parlaq imzalar" nəşriyyatının direktoru Nurman Tariq də hesab edir ki, “Səsindən tanıdılar payızı” klassik yapon şeiri antologiyası məzmun məziyyətləri ilə yanaşı xüsusi poliqrafik keyfiyyətdə, poetik toplulara xas standartla icra olunub.

Qeyd edib ki, yalnız haykular deyil, həmçinin böyük yapon şairi Saygyonun qələmindən çıxan tankaların – beşliklərin da təklif edildiyi kitab bu məziyyəti ilə bir ilkdir, yenilikdir. Tankaların – beşliklərin haykulardan – üçlüklərdən daha qədim və sonradan onları da doğurmuş ədəbi hadisə olduğu nəzər alınsa, onda antologiyanın məhz belə tərtib edilməsi həm də qanunauyğun və ədalətli görünər. Yaradıcı qrup antologiya üzərində iş zamanı Yaponiyanın Azərbaycandakı səfirliyi ilə də əməkdaşlıq ediblər. Kitabın məsləhətçisi Aydın Tağıyevdir, bədii və texniki tərtibat isə İsmayıl Süleymanlıya məxsusdur. "ATV Kitab" layihəsinin redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli, Dilman Şahmərdanlı, Əliş Mirzalı və Bəxtiyar Əlirzayev daxildir.

Bədii Tərcümə Mərkəzi və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə hazırlanan kitaba və seriyaya informasiya dəstəyi www.news.atv.az tərəfindən verilir.
 
Qeyd edək ki, bundan əvvəl eyni seriyadan A. Strindberqin "Tənha" romanı, V. Krevenin "Azəristan hekayələri" , M.Ağaoğlunun “Alman malı” hekayələr toplusu nəşr edilmişdi. Kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar.

Eyni zamanda internet üzərindən və 055 259 72 59 telefon nömrəsi ilə də sifariş edə bilərsiz. Çatdırılma pulsuzdur.

Atv.az

 





27.01.2016    çap et  çap et